Mədəniyyət
tariximizin unudulmaz simaları: Əsgər ağa Gorani
Mədəniyyət
əvvəli və sonu bilinməyən əbədi bir
körpüdür. Bu körpünün tikintisində əməyi
olanlar unudulmur. Əsgər ağa Adıgözəlov (Gorani)
də belə işıqlı simalardan biridir.
Milli teatrımızı
yaradanlardan biri, ilk milli qəzetimiz olan “Əkinçi”nın
fəal üzvü, uzun illər teatrlarımızın
repertuarından düşməyən “Qocalıqda
yorğalıq” pyesinin və bir çox dillərə tərcümə
olunan “Qara yel” romanının müəllifi -
yazıçı, aktyor, teatrşünas, tərcüməçi,
jurnalist Əsgər ağa Adıgözəlov (Gorani) hər
bahar xatırlanır, yad edilir.
...1857-ci il mayın 3-də anadan
olan Əsgər ağa Haqverdi bəy oğlu Gorani milli mədəniyyətimizin
inkişafındakı xidmətlərinə görə zaman
keçdikcə daha çox xatırlanan və zamansızlaşan
şəxsiyyətlərdən biridir. Hələ Bakı
şəhər gimnaziyasında təhsil alarkən, öz
istedadı, davranışı ilə gimnaziyanın müəllimi,
milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin
diqqətini cəlb edir. Təhsil illərində Əsgər
ağa gələcəkdə millətin işıqlı simalarından
biri olacaq Nəcəf bəy Vəzirovla da yaxından dostluq
edir. Belə bir mühitdə Əsgər ağa hərtərəfli
şəxsiyyət kimi formalaşır və
dövrünün açıq gözlü insanlarından
birinə çevrilir.
Günlərin birində sevimli
müəllimləri Həsən bəy Zərdabi tələbələrini
başına yığıb və o dövr üçün
gözlənilməz bir qərar verir. Tələbələrinə
deyir ki, Mirzə Fətəli öz əsərlərini
göndərib, rica edir ki, bu əsərlərdən birini
seçib səhnəyə çıxaraq. Teatrın, səhnənin
nə olduğunu bilməsələr də, tələbələr
sevimli müəllimlərinin sözünə əməl edib
əsərləri oxuyub “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
və “Hacı Qara” əsərlərini tamaşaya
qoymağı qərara alırlar.
1873-cü il martın 10-da görkəmli
maarifçilər Həsən bəy Zərdabi, Nəcəf
bəy Vəzirov və Əsgər ağa Goraninin
(Adıgözəlov) təşəbbüsü ilə
M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyası ilə Azərbaycanda peşəkar teatrın əsası
qoyulur. Bir ay sonra isə “Hacı Qara” tamaşası
oynanılır. Əsgər ağa Gorani hər iki əsərdə
iştirak edərək ilk dəfə səhnədə Teymur
ağa və Hacı Qara obrazlarını yaradır. Bu
tamaşalar cəhalətə, qaranlığa qarşı
mübarizə aparan insanların böyük sevincinə səbəb
olur.
Həsən bəy Zərdabi “Həyat” qəzetində yazırdı: “Oynayanlar yaxşı oynadılar, ələlxüsus da Əsgər ağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu tamaşaçıların xoşuna gəldi”.
Mədəniyyətimiz yolunda atılan ilk addımlar tarixə düşür. Əsgər ağa gimnaziyanı qızıl medalla bitirib, təhsilini Moskvadakı Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasında davam etdirir. Cəhalətə qarşı daima mübarizə aparan Əsgər ağa “Əkinçi” qəzetinin ilk saylarını böyük həvəslə oxuyur. Sonralar qəzetin 17 nömrəsində 39 məqaləsi həm öz, həm də müxtəlif imzalarla çap olunur. Əsgər ağanın publisistik yazıları maraqla qarşılanır.
Akademiyanı bitirəndən sonra vətənə dönən Əsgər ağa Gorani quberniya katibi, kollec asessoru, mülkü müşavir vəzifələrində çalışır. Yelzavetpol (Gəncə) quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuroru, nəzarət orqanlarında prokuror yoldaşı, beş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yelzavetpolda Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyir. Gəncədə öz hesabına qızlar məktəbi açır.
İti qələmli publisist olmaqla yanaşı Əsgər ağa Goraninin qələmə aldığı “Qocalıqda yorğalıq” pyesi uzun illər teatrların repertuarından düşmür. “Qara yel” romanı sonralar dünyanın 20-dən artıq dilinə tərcümə olunur. M.Lermontovun yaradıcılığından dilimizə çevirdiyi şeirlər indi də yüksək peşəkarlığı ilə diqqəti cəlb edir.
XIX əsrin işıqlı simaları arasında özünəməxsus yeri olan Əsgər ağa Goraninin də həyatı çətin sınaqlarsız ötüşməmişdir. İlk dəfə Əzət xanım Tağıbəyova ilə ailə həyatı qursa da, Əzət xanım vəfat edəndən sonra, ikinci dəfə Əşrəf-ağa Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla ailə qurmuş, yeddi övladı olmuş, onlardan da üçü erkən dünyasını dəyişmişdir.
Əsgər ağa Gorani 9 mart 1910-cu ildə dünyadan getsə də, hər zaman xatırlanır, yad edilir, anılır.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 4 may.- S. 12.