Xoreoqrafiya Məktəbində
“Beynəlxalq rəqs günü”
qeyd olunub
Aprelin
29-u dünyada “Beynəlxalq rəqs günü” kimi qeyd olunur. Bu
münasibətlə Bakı Xoreoqrafiya Məktəbində tədbir
keçirildi.
Tədbiri Bakı Xoreoqrafiya Məktəbinin
direktoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi
Neylüfər Kərimova açaraq rəqs sahəsində məktəbin
uğurlarından danışdı: ”Rəqs incəsənətin
ən gözəl növlərindən biridir. Son beş il ərzində
məktəbimizin şagirdləri beynəlxalq rəqs səhnələrində
çıxışlar edərək uğurlar qazanırlar. Bu
da milli rəqs sənətimizin inkişafından xəbər
verir. 10 ildən artıqdır ki, Bakı Xoreoqrafiya Məktəbində
Xalq artisti Qəmər Almaszadəyə həsr olunmuş “Gənc
xoreoqraflar müsabiqəsi” keçirilir və nəticələr
ya buraxılış imtahanı günü, ya da “Beynəlxalq
rəqs günü” elan edilir”. Çıxışdan sonra
müsabiqənin nəticələri açıqlandı və
məktəbin ən aktiv tələbələri “Səhnə
görünüşünə görə diplom”,
“Üçüncü dərəcəli diplom”, “İkinci dərəcəli
diplom”, “Birinci dərəcəli diplom” mükafatları ilə
təltif olundular. Həmçinin həvəsləndirmə məqsədilə
diplom təqdim olundu.
Daha sonra tədbir “Beynəlxalq rəqs
günü”nə həsr olunmuş konsert proqramı ilə
davam etdi. Məktəb tələbələrinin
iştirakı ilə keçirilən konsertdə Pyotr
Çaykovskinin “Şelkunçik”, “Yatmış gözəl”
baletindən parçalar, “Qaytağı” rəqsi, “Şərq
rəqsi”, “Özbək rəqsi”, “Su və alov” rəqsi və
s. kompozisiyalar göstərildi.
Reyhan
Mədəniyyət.-
2011.- 4 may.- S. 11.