Turizm sərgisi əcnəbi
iştirakçılarda zəngin təəssürat
yaratdı
Aprelin 28-dən 30-dək “Baku Expo
Centre”də keçirilən «AİTF-2011» 10-cu Azərbaycan
beynəlxalq turizm və səyahətlər sərgisində
iştirak edən xarici şirkətlərin nümayəndələri
zəngin təəssüratlarını bizimlə
bölüşdülər.
“Ölkənizin tarixi məni
cəlb edir”
Dünyanın öndə gələn
turizm ölkələrindən olan Yunanıstan sərgidə
bir neçə şirkətlə təmsil olunurdu. “Vega
Travel” turist təşkilatının rəhbəri Vasilos
Vladis öncə ölkəsinin turizm imkanları barədə
qısa məlumat verdi:
- Dünyada baş verən qlobal
maliyyə-iqtisadi böhranı Yunanıstana çox mənfi
təsir etsə də, bu, turizm sahəsində
özünü göstərmir. Əksinə, hətta deyərdim
ki, Yunanıstanda turizm biznesi günü-gündən möhkəmlənir.
Hazırda Egey adalarına çoxlu cəlbedici infoturlar təşkil
olunur. Ölkəmizə Avropadan, SSRİ-yə daxil olan
keçmiş respublikalardan isə ən çox Rusiyadan
turistlər gəlir. Ümumilikdə keçmiş sovet
respublikalarından, o cümlədən Azərbaycandan gələn
turistlərin sayı ildən-ilə artır.
- Azərbaycanın turizm sektoru ilə
nə dərəcədə tanışsınız və
ölkəmizin turizm imkanlarını necə qiymətləndirirsiniz?
- Artıq üçüncü dəfədir
ki, Bakıya gəlirəm. Şirkətimiz ilk dəfə
2009-cu ildə Bakıda keçirilən beynəlxalq sərgidə
iştirak edib. Azərbaycanın turizm sektoru barədə qismən
məlumatım var. Ölkənizdə turizmin inkişafı
üçün geniş imkanlar var. Hələ ki, bildiyimə
görə, Azərbaycana Avropadan gələn turistlərin
sayı elə də çox deyil. Arzu edirəm ki, ölkənizin
bu sahədə imkanları daha da artsın. Onu da deyim ki, bu
işdə təbliğat və tanıtım
kampaniyasının müstəsna rolu var.
Azərbaycan özünün turizm
imkanlarını hələ yetərincə reklam etmir. Hotellərinizin
xidmət səviyyəsini daha da yüksəltmək
üçün xeyli işlər görülməlidir. Onu da
deyim ki, son illər Bakıda çoxlu gözəl hotellər
tikilib. Əlbəttə, biz hələ sizin regionlarda, tarixi,
görməli yerlərinizdə tikilən hotellərlə
tanış deyilik. Bakı isə yaxşılığa
doğru çox dəyişib. Xüsusilə də, şəhərin
mərkəzində çoxlu gözəl tikililər diqqəti
cəlb edir. İçərişəhərdə bərpa
işləri aparılır ki, bu da çox maraqlıdır.
Bir əcnəbi turist kimi məni ölkənizin tarixi
çox cəlb edir. İstərdim ki, Azərbaycanın
tarixi, mədəniyyəti, görməli yerləri və
turizm imkanları haqqında çoxlu bilgilər, reklamlar
verilsin. Ölkəni reklam etmək lazımdır ki, turistləri
daha çox cəlb edəsən. Bu əcnəbi turistləri
ölkəyə cəlb etməyin ən əsas vasitələrindən
biridir. Məsələn, artıq iki ildir ki,
Yunanıstanın Mədəniyyət və Turizm Nazirliyi
Bakıda keçirilən bu sərgidə iştirak edir, ziyarətçilərə
ölkəmizin turizm imkanlarını təbliğ edən
çoxlu informasiyalar verilir. Ona görə də ölkəmizdə
turizm davamlı inkişafdadır. Yunanıstan əsas gəlirini
turizmdən əldə edir. Ölkəmizə gələn
turistlər əla istirahət edir, tarixi və görməli
yerlərə səyahət edirlər. Yunanıstanın əhalisinin
yarısı turizmdən gələn gəlir hesabına
yaşayır. Azərbaycanın böyük gəlir gətirən
nefti var, amma ölkənizin turizm potensialı da
böyükdür və o inkişaf etməkdədir.
- Bakıda təşkil edilən
beynəlxalq turizm və səyahətlər sərgisini necə
dəyərləndirirsiniz?
- Bu, Azərbaycan tərəfindən
çox gözəl təşəbbüsdür. Ən
müxtəlif ölkələr burada təmsil olunur və
turizm kompaniyaları bir-biriləri ilə tanışlıq
imkanı əldə edirlər. Bir daha qeyd edim ki, Bakıya budəfəki
səfərim də məndə dərin təəssürat
yaratdı. Şəhər yaxşılığa doğru
çox dəyişib, yeni yollar salınıb, gözəl
kafe və restoranlar tikilib, hotellərin də sayı artıb.
«Hindistanlı
turistlər Azərbaycana böyük maraq göstərirlər»
Hindistanın “Lux Routes” şirkətinin
meneceri Tarun Takur isə ölkəsinin turizm imkanlarını
göstərən məlumat kitabçalarını ziyarətçilərə
təqdim edirdi. Bizimlə söhbətində ölkəsinin
turizm imkanlarından bəhs etdi: «Hindistanın turizm
imkanları olduqca genişdir. Məsələn, ölkəmizin
cənubuna səyahət edən turistlər burada qədim incəsənət,
mədəniyyət nümunələri, qədim hind sülalələrinə
məxsus tikililər, müxtəlif dövrlərə məxsus
ehramlar, bu günə qədər qorunub saxlanılan abidələrlə
tanış olurlar. Hindistanın qərbində isə turistlər
üçün ideal məkan, Mumbay yerləşir.
Buradakı mağaralar, monastırlar turistlərdə
böyük maraq və dərin təəssürat yaradır.
Ölkəmizin Himalay dağları ətəyində yerləşən
hissəsi də gözəl, heyrətamiz yerdir. Hindistana gələnlər
burada müxtəlif dinlər, fərqli mədəniyyətlərlə
tanış olurlar».
Tarun Takur Azərbaycanla Hindistan
arasında turizm sahəsində əməkdaşlığın
perspektivlərinə də toxundu: «Əgər ölkələrimiz
arasında birbaşa təyyarə uçuşları olarsa,
turizm əlaqələrimiz daha da genişlənər.
Çünki Hindistan turistlərində Azərbaycana
böyük maraq var. Bizim “Lux Routes” şirkətinə gəlincə,
yaxın gələcəkdə Bakıda ofis
açmağı planlaşdırırıq».
Qonaq sərginin əhəmiyyətini
belə dəyərləndirdi: «Azərbaycan beynəlxalq turizm
və səyahətlər sərgisi əməkdaşlığın
genişləndirilməsi baxımından gözəl
imkandır. Mən Bakıya ilk dəfədir ki, gəlirəm.
İnsanların qonaqpərvərliyi məni həddindən
çox təsirləndirdi».
«İnsanlarınızın qonaqpərvərliyi diqqətimi
çox çəkdi»
Macarıstanın «Robinson Tours»
şirkətinin Budapeşt ofisinin rəhbəri Orsaq Yulianna
Bakıya ilk dəfə gəldiyini bildirdi: «Diqqətimi ən
çox çəkən insanlarınızın qonaqpərvərliyi,
istiqanlılığı oldu. Ölkənizin yaxşı
turizm imkanları olduğunu eşitmişik. İstəyirik
ki, sərgidə iştirak etməklə ölkənizlə
yaxşı turizm əlaqələri quraq. Biz həm də
sizin turist şirkətlərini Macarıstana dəvət etmək
istəyirik. Bu yolla bir-birimizi daha yaxşı
tanımış olarıq. Budapeşt hər il beynəlxalq mədəniyyət
tədbirlərinə ev sahibliyi edir. Bu həm də kurort
şəhəridir. Burada müalicə ilə məşğul
olan sanatoriyalar fəaliyyət göstərir. Ölkəmizdə
müalicəvi sular geniş tanınır. Həmin su bir
çox xəstəliklərin dərdinə əlac edir. Azərbaycan
Macarıstanda çox populyardır və
düşünürəm ki, gələcəkdə daha da
tanınacaq. Biz bilirik ki, sizin gözəl mənzərəli
regionlarınız, tarixi məkanlarınız var.
Düşünürəm ki, Bakıda keçirilən belə
bir sərgi əməkdaşlıq, tanışlıq
baxımından əhəmiyyətlidir».
Mehparə
Mədəniyyət.-
2011.- 4 may.- S. 9.