Xalq rəssamı Hüseyn Əliyevin 100 illiyi qeyd olundu

 

   Görkəmli fırça ustasının əsərlərindən ibarət sərgi, kataloq və poçt markası təqdim edildi

  

   Görkəmli fırça ustası, Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 29-da R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın fərdi sərgisi açıldı. Sərgidə rəssamın 100-ə yaxın əsəri nümayiş olunur.

  

   Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə təşkil edilmiş sərgi çərçivəsində, həmçinin Xalq rəssamının yaradıcılığına həsr olunmuş “Titrəyən kölgələr, sayrışan işıq” adlı kataloq və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən rəssamın yubileyi münasibətilə buraxılmış poçt markasının təqdimatı keçirildi.

   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək rəssamın 100 illik yubileyi ilə bağlı sərgilərin Azərbaycandan əlavə, xarici ölkələrdə də keçiriləcəyini bildirdi. Qeyd olundu ki, Hüseyn Əliyev Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi olmaqla yanaşı, ölkəmizin rəngkarlıq məktəbinin ilk ustadlarından biridir. O, Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasında təhsil almış ilk azərbaycanlı olub. Nazir Ə.Qarayev vurğuladı ki, görkəmli fırça ustası Hüseyn Əliyevin yaradıcılığında portret, peyzaj, karikatura, qrafika janrlarında rəsm əsərləri mühüm yer tutur.

   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov görkəmli fırça ustası Hüseyn Əliyevin həyat və yaradıcılığından, onun ərsəyə gətirdiyi əsərlərin özünəməxsusluğundan danışdılar. Əməkdar memar Rasim Əliyev isə sənətə gəlməsində Hüseyn Əliyevin yaradıcılığının böyük rolu olduğunu diqqətə çatdırdı: «O, Səttar Bəhlulzadə ilə yaxın dost idi. Onların emalatxanalarında böyük canlanma, yaradıcı bir mühit var idi. Məhz bu mühitin təsiri altında məndə rəssamlığa meyl yarandı».

   Sonra tədbirin iştirakçıları - Milli Məclisin deputatları, dövlət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri Xalq rəssamı Hüseyn Əliyevin Azərbaycanın müxtəlif guşələrini, təbiətimizin gözəlliklərini əks etdirən əsərlərinə baxdılar.

   Sərgi mayın 8-dək davam edəcək.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 4 may.- S. 5.