Nəğməli
ömrün anları
Aprelin 29-da Dövlət
Filarmoniyasında tanınmış bəstəkar,
musiqişünas, alim, pedaqoq Oqtay Rəcəbovun 70 illik
yubileyi qeyd edildi. Oqtay Rəcəbov müxtəlif
mövzularda qələmə aldığı 400-dən
çox əsərin (bunların 250-si uşaqlar
üçündür), irihəcmli vokal və instrumental əsərlərin,
3 uşaq operasının, 2 operettanın, 6 simfoniyanın,
müxtəlif janrlı vokal-instrumental əsərlərin, 17
filmin musiqi müəllifidir.
Yubiley iştirakçıları əvvəlcə filarmoniyanın foyesində bəstəkarın həyat və yaradıcılığına həsr edilmiş fotoşəkillərdən ibarət sərgiyə tamaşa etdilər. Yubiley gecəsini Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova açaraq bəstəkarın mənalı ömür yolundan, zəngin yaradıcılığından danışdı. Qeyd olundu ki, O.Rəcəbov Pedaqoji İnstitutun fizika fakültəsini bitirsə də, musiqiyə olan sonsuz marağı onu rahat buraxmır və o, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur. Burada görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfində təhsil alır, qısa zamanda musiqi əsərləri ilə şöhrət qazanır.
Natiq çıxışında Oqtay Rəcəbovun həmişəyaşar mahnılarından da söz açdı. Bəstəkarın “Anam Azərbaycanım”, “Nəğmələr”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən?” və onlarca mahnılarının bu gün də dinləyicilərin zövqünü oxşadığını qeyd etdi.
Bəstəkarın yaradıcılığının mühüm istiqamətlərindən biri də onun pedaqoji fəaliyyəti ilə bağlıdır. Onun bilavasitə rəhbərliyi və müəllifliyi ilə 1996-2010-cu illərdə ümumtəhsil və musiqi məktəbləri üçün 16 adda “Musiqi”, “Musiqi ədəbiyyatı” dərsliyi, “Fortepianoda çalmaq üçün müntəxəbat”, “Elementar musiqi nəzəriyyəsi” tədris vəsaitləri nəşr olunub. Professor O.Rəcəbovun təşəbbüsü ilə yaradılan və 1978-ci ildən 1992-ci ilədək Azərbaycan televiziyası ilə yayımlanan “Məktəblilərin musiqi klubu”nun hər məşğələsi yadda qalmış, estetik tərbiyə üzrə bir sıra nəzəri-təcrübi məsələlərin həllinə əhəmiyyətli təsir göstərmişdir.
Bəstəkar-pedaqoq “Qabaqcıl maarif xadimi”, “Maarif əlaçısı” döş nişanlarına, 1987-ci ildə isə “Əməkdar müəllim” adına layiq görülüb. 2006-cı ildə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Tədbirdə yubilyara mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin təbrik məktubları təqdim olundu.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında ilk dəfə bəstəkarın “6 nömrəli simfoniya”sı, “Soprano və simli orkestr üçün konsert”i, “Çingiz” rekviyemi və digər əsərləri səsləndirildi.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 4 may.- S. 5.