Türk dünyası Aşqabadda bir araya gəldi

 

   “Türk xalqlarının mədəni irsi” adlı beynəlxalq festival və elmi konfrans maraqlı anlarla yadda qaldı

  

   Aprelin 28-30-da Türkmənistanın paytaxtı Aşqabadda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans keçirildi. Türkmənistan dövləti və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirlərin məqsədi türk dövlətlərinin zəngin mədəni irsinin təbliği, türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı və mənəvi əlaqələrin genişləndirilməsidir.

     

   Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edirdi. Heyətə nazirliyin əməkdaşları, R.Behbudov adına Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov və teatrın kollektivi, dekorativ-tətbiqi sənət ustaları, ədəbiyyatşünas alim Ramiz Əskər və başqaları daxil idi.

   Tədbirə Türkmənistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Başqırdıstan (Rusiya Federasiyası), Qaqauz Yeri muxtar vilayəti (Moldova), həmçinin Şimali Kiprdən iştirakçılar qatılmışdı. “Türk xalqlarının mədəni irsi” festivalında iştirakçıların müxtəlif nominasiyalarda (vokal, rəqs, dekorativ-tətbiqi incəsənət, teatr geyimləri, milli mətbəx, kino) çıxışları, elmi konfransda isə türkdilli xalqlar arasındakı münasibətlərə və mədəni əlaqələrə dair çıxış və müzakirələr nəzərdə tutulmuşdu.

   Açılışdan öncə, aprelin 27 və 28-də qonaqlar üçün Türkmənistanın Milli Sənət, Xalça muzeylərinə ekskursiya və digər mədəni proqramlar təşkil edildi.

   Festivalın təntənəli açılış mərasimi aprelin 29-da Türkmənbaşı adına Milli Mədəniyyət Mərkəzinin Muğamlar Köşkündə keçirildi. Rəsmi açılışdan öncə Türkmənistan Milli Mədəniyyət Mərkəzinin həyətində maraqlı mərasim təşkil olundu. Mərasimdə iştirakçı ölkələrin təqdimatı keçirildi, bayraqları qaldırıldı və nümayəndə heyətləri musiqi sədaları altında zala dəvət olundular.

   Tədbirin əvvəlində Türkmənistan baş nazirinin müavini çıxış edərək tədbir iştirakçılarını salamladı. Sonra o, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun təbrik məktubunu oxudu. Məktubda tədbirin əhəmiyyətindən bəhs olunur və qeyd edilirdi ki, beynəlxalq festival və elmi konfrans Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 2010-cu il sentyabrın 16-da türkdilli ölkə başçılarının İstanbul zirvə görüşündə irəli sürdüyü təşəbbüs əsasında keçirilir.

   Rəsmi açılış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov festival və elmi konfransın türk mədəniyyətlərinin təbliğinə xidmət etdiyini vurğuladı. Qurumun son illər həyata keçirdiyi layihələrdən bəhs edən D.Kaseinov konkret olaraq Üzeyir Hacıbəylinin «Koroğlu» operasına TÜRKSOY-un təşəbbüsü ilə yeni quruluş verildiyini, operanın türkdilli ölkələrdə - Almatı, Bişkek, Ankara və Bakıda təqdimatlarının keçirilməsini mühüm hadisə kimi qeyd etdi. TÜRKSOY-un baş katibi ümumtürk bayramı olan Novruzun ötən il Parisdə, bu il Nyu-Yorkda təntənəli şəkildə qeyd olunduğunu nəzərə çatdırdı, bu tədbirlərin qədim və zəngin türk mədəni irsinin təbliğinə xidmət etdiyini vurğuladı. Baş katib bildirdi ki, TÜRKSOY bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

   Türkiyə mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Gənc də çıxış edərək belə tədbirlərin türk xalqlarının mədəniyyətinin təbliğinə, inkişafına, qorunmasına böyük töhfə verəcəyini nəzərə çatdırdı.

   Rəsmi açılış mərasimindən sonra türkdilli ölkələrin incəsənət ustalarının ortaq musiqi proqramı təqdim olundu. Hər ölkədən gələn nümayəndə heyəti 5-10 dəqiqəlik çıxışla milli rəqs və mahnılarını təqdim edirdi. Azərbaycanı festivalda Rəşid Behbudov adına Mahnı Teatrının musiqi kollektivi (bədii rəhbər, Xalq artisti Kamil Vəzirov (qarmon), musiqiçilərdən Əməkdar artist Cəmaləddin Dadaşov (qoşanağara), Qorxmaz Qurbanov (sintezator), Bəhruz Cavadov (nağara), Əbülfət Məmmədrəhimov (saz), müğənnilərdən əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovalar, Əbülfət Nəzərov, baletmeyster Zakir Ağayevin rəhbərliyi ilə rəqs qrupu təmsil edirdi.

   Qeyd edək ki, Gülyanaq Məmmədova Türkmənistanda yaxşı tanınır və sevilir. Bir neçə dəfə bu ölkədə konsert proqramı ilə çıxış edən sənətçimiz ötən ilin oktyabrında keçirilən “Türkmənin qızıl əsri” müsabiqəsinin qalibi olub.

   Onu da qeyd edək ki, festivalın açılışında ilk olaraq Azərbaycan musiqisi və milli rəqslərimiz təqdim olundu. Mahnı Teatrının solistlərinin və rəqs qrupunun çıxışları böyük maraqla qarşılandı və demək olar ki, festivalın ən maraqlı ifalarından oldu.

   Həmin gün Aşqabaddakı «Vətən» kinoteatrında azərbaycanlı rejissor Samir Kərimoğlunun «Niyyət» bədii filmi nümayiş etdirildi. Filmdən öncə Azərbaycan nümayəndə heyəti səhnəyə dəvət olundu və film haqqında qısa məlumat verildi. Film yüksək səviyyədə qarşılandı və hətta tamaşaçıların filmdən aldıqları təəssüratdan qəhərləndikləri də diqqətdən yayınmadı.

   Beynəlxalq festivala Türkmənistan mediası, özəlliklə televiziyalar, habelə TRT-Avaz kanalı böyük maraq göstərirdi. Tədbir günlərində Azərbaycan nümayəndə heyətinin üzvləri, incəsənət ustalarımız dəfələrlə teleefirdə canlı yayımlarda çıxış etdilər. Aprelin 28-də Azərbaycan nümayəndə heyətinin üzvlərindən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov və nazirliyin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev TRT-Avaz kanalının canlı yayımında çıxış edərək festivalın əhəmiyyəti, türk xalqlarının mədəni yaxınlaşması, mədəniyyətlərarası dialoq, ortaq mədəni irsimizin təbliği barədə fikirlərini bölüşdülər.

   Tədbir günlərində Azərbaycanın Türkmənistandakı səfirliyinin əməkdaşları, şəxsən səfir Vəhdət Sultanzadə keçirilən mərasim və görüşlərdə yaxından iştirak edirdi. Nümayəndə heyətimiz ölkəmizin Aşqabaddakı səfirliyinə də baş çəkdi.

   Aprelin 30-da Türkmənistanın Milli Sənət Muzeyində türkdilli ölkələrin tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərginin açılışı oldu. Sərgidə Azərbaycandan dekorativ sənət ustaları Nailə Sultanova (keramika), Nahid Vahabov (ağac üzərində oyma), Şəhla Əsgərova (toxuma) və Vahid Məmişovun (xalçaçılıq) əl işləri nümayiş olunurdu.

   Maraqlı anlarla dolu tədbirdə Türkiyənin Aşqabaddakı səfiri, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini iştirak edirdi. Digər ölkələrdən də müxtəlif sənət nümunələri, eləcə də Türkiyə və Şimali Kiprin moda ustalarının geyim nümunələri nümayiş olundu.

   Aprelin 30-da Aşqabadda «Türk xalqlarının mədəni irsi» adlı elmi konfrans keçirildi. Konfransda Azərbaycan tərəfdən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov və nazirliyin sektor müdiri Asif Usubəliyev məruzə ilə çıxış etdilər.

   Həmin gün Aşqabaddakı «İlham» parkında açıq havada festivalın təntənəli bağlanış mərasimi oldu. Mərasimdə Türkmənistanın mədəniyyət və teleradio yayımı naziri Gülmurad Muradov çıxış edərək tədbirdə iştirak etdiklərinə görə bütün qonaqlara bir daha təşəkkürünü bildirdi. Nazir “Türk xalqlarının mədəni irsi” beynəlxalq festivalı günlərində Türkmənistanda əsl mədəniyyət bayramının yaşandığını, bu tədbirin türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edəcəyinə əminliyini vurğuladı. Nümayəndə heyətlərini bir daha qonaqpərvər Türkmənistan torpağında görmək arzusunu ifadə etdi.

   Festivalın iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim olundu. Beləcə üç gün davam edən ümumtürk mədəniyyət bayramı başa çatdı.

  

 

   İntiqam Hümbətov

   Bakı-Aşqabad-Bakı

 

   Mədəniyyət.- 2011.- 4 may.- S. 5.