Birləşmiş Ərəb
Əmirliklərində Azərbaycanın turizm potensialı təqdim
olunacaq
Mayın 2-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev ölkəmizdə səfərdə olan Birləşmiş
Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan və
BƏƏ arasında birgə hökumətlərarası
komissiyanın həmsədri Sultan Bin Səid Mansouri ilə
görüşüb.
Nazir Ə.Qarayev öncə aprelin
7-9-da Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası
Dialoq Forumunda BƏƏ-nin mədəniyyət və gənclər
naziri Əbdul Rəhman Məhəmməd Nasir El Ovaysın
iştirakına görə bu ölkənin hökumətinə
təşəkkürünü bildirib.
Sonra Azərbaycan ilə BƏƏ
arasında ikitərəfli əməkdaşlığın,
siyasi və iqtisadi münasibətlərin hazırki vəziyyəti
ilə bağlı fikir mübadiləsi aparılıb, mədəni
dialoqun fəallaşmasının, ticari-iqtisadi təmasların
artırılmasının zəruriliyi vurğulanıb. Görüşdə
xüsusən turizm sahəsinin perspektiv inkişaf istiqamətləri,
Azərbaycan haqda info-turların keçirilməsi önə
çəkilib.
BƏƏ-nin iqtisadiyyat naziri turizm
sahəsinə investisiyaların qoyulmasının
mümkünlüyünü bildirib. Nazir Ə.Qarayev isə
öz növbəsində bu yaxınlarda BƏƏ-nin məşhur
“Atlantis” şirkəti ilə turizm sahəsində əməkdaşlıq
müqaviləsini xatırladaraq bu sahədə ilkin
addımların atıldığını qonağın nəzərinə
çatdırıb.
Nazir həmçinin BƏƏ-nin
Ticarət Palatasında Azərbaycanın zəngin turizm
potensialının təqdimatını keçirmək təklifini
irəli sürüb və təklif qarşı tərəfdən
böyük məmnunluq hissi ilə qarşılanıb.
Söhbət əsnasında nazir Ə.Qarayev
2004-2005-ci illərdə hər iki ölkədə
keçirilmiş “Mədəniyyət günləri”ni
xatırlayıb və bu tədbirlərin ikitərəfli mədəni
əlaqələrin daha da inkişaf etdirilməsi işinə
mühüm töhfə verdiyini bildirib.
Mədəniyyət.-
2011.- 4 may.- S. 3.