GoMap.az turizm portalını hər gün 5 min insan
ziyarət edir
Mayın 3-də Bakı Turizm İnformasiya Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin GoMap.az onlayn turizm
naviqasiya layihəsi çərçivəsində
aparılan araşdırmalara həsr olunmuş mətbuat
konfransı keçirildi.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov bildirdi ki,
son vaxtlar informasiya-kommunikasiya texnologiyalarının
inkişafına bütün dünya ölkələrində
diqqət yetirilir: «Həyatımızı informasiya texnologiyaları
olmadan təsəvvür etmək mümkün deyil. Hazırda
bütün dünyada iqtisadiyyatın gəlirli sahəsi olan
turizmin inkişafında informasiya-kommunikasiya
texnologiyalarının əvəzsiz rolu var. Azərbaycanın
təbii-coğrafi mövqeyi, zəngin mədəniyyəti, əlverişli
iqlimi imkan verir ki, ildən-ilə ölkəmizə gələn
turistlərin sayı artsın. Amma dünya ölkələri
ilə turizm sahəsində rəqabət aparmaq
üçün həm də yaxşı infrastruktur
olmalıdır. Ona görə də son illər Azərbaycanda
turizmin inkişafı dövlətin diqqət mərkəzindədir.
“2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı" ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Tədbirlər
Planı hazırlanıb. Bu tədbirlər planında nəzərdə
tutulan məsələlərdən biri də turizm sahəsinin
inkişafında informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir».
Aparat rəhbəri qeyd etdi ki,
Bakıda və Azərbaycanın 7 rayonunda turizm-informasiya mərkəzi
fəaliyyət göstərir. Bu mərkəzlərin hər
birinin internet saytında regionlarımızın və şəhərlərimizin
turizm potensialı haqqında ən son məlumatlar öz əksini
tapıb: «Bu yaxınlarda isə Mədəniyyət və
Turizm Nazirliyinin xüsusi layihəsi olan GoMap.az turizm layihəsi
ictimaiyyətin istifadəsinə verildi.
Apardığımız monitorinq nəticəsində müəyyənləşdirmişik
ki, hər gün bu portaldan təxminən 5 min insan istifadə
edir. Portalın istifadəçiləri arasında Rusiya,
Türkiyə, Almaniya və ABŞ vətəndaşları
üstünlük təşkil edir. Əsas məqsədimiz
istifadəçilərin sayını daha da
artırmaqdır. İstəyirik başqa ölkələrin
şirkətləri də bu portalın linkini öz internet
saytlarına daxil etsinlər».
GoMap.az onlayn turizm naviqasiya
portalını hazırlayan “Sinam” şirkətinin direktoru
Elçin Əliyev bildirdi ki, hazırda portala çox
böyük maraq var. Onun sözlərinə görə,
portalda Azərbaycanın turizm potensialı, mehmanxanaları,
istirahət mərkəzləri, tarixi, mədəniyyət
obyektləri haqda məlumatlar yerləşdirilib: «Bu gün
dünyada tətbiq olunan turizm-axtarış
texnologiyalarından istifadə edərək Azərbaycanın
tam və dolğun xəritəsini tərtib etmişik. Bu
elektron xəritəyə 70 şəhər, 4530
yaşayış məntəqəsi, 3300 mədəni-tarixi
abidə, 670 000 bina və tikili, 43000 km yol, 23770 km
yaşıllıq sahələri və meşələr və
digər məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar
sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr
üzrə fotolar da elektron xəritədə yerləşdirilib.
Portaldakı elektron xəritə hər hansı bir tikili
miqyasına qədər böyüdülə bilər.
Elektron xəritə həmçinin mövcud olan digər bu
tip sistemlərlə inteqrasiya oluna bilir».
Sonda F.Qurbanov ölkə ictimaiyyətini
layihə ilə bağlı Mədəniyyət və Turizm
Nazirliyi ilə əməkdaşlığa dəvət etdi.
Onun sözlərinə görə, Azərbaycanın
işğal olunmuş əraziləri ilə bağlı
fotoşəkillər GoMap.az komandasına təqdim ediləcəyi
halda, onlar elektron xəritədə yerləşdiriləcək:
“Bu xəritədə Qarabağdakı tarixi-mədəniyyət
obyektləri ilə bağlı məlumatlar və ərazidəki
mövcud durum öz əksini tapıb. GoMap.az portalı vasitəsilə
biz həm də işğal olunmuş ərazilərdəki
tarixi-mədəniyyət obyektlərinin durumu haqqında məlumatları
dünya ictimaiyyətinə çatdırmaq niyyətindəyik».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 4 may.- S. 3.