İlin kitabxanası" müsabiqəsi başa çatdı

 

   ”Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İlin Mərkəzləşdirilmiş Kitabxana Sistemi, “İlin şəhər (rayon) uşaq kitabxanası”, “İlin kənd, qəsəbə kitabxana filialı” nominasiyaları üzrə müsabiqə elan edilib. Müsabiqədə kitabxanaların şəhərin, rayonun, kəndin ictimai həyatında fəal rolu, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi, sosial-mədəni proqramları, təhsil müəssisələri ilə birgə fəaliyyət proqramları, uşaqlarda elmə, mütaliəyə həvəs oyadan qarşılıqlı fəaliyyət proqramları və s. xüsusiyyətləri nəzərə alınıb.

   Müsabiqə komissiyasının yekun rəyinə əsasən, ”İlin mərkəzi kitabxanası” nominasiyası üzrə - Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi, “İlin uşaq kitabxanası” nominasiyası üzrə Şirvan şəhər MKS-nin Uşaq Kitabxanası, “İlin kənd kitabxanası” nominasiyası üzrə Salyan rayon MKS-nin Aşağı Kürkənd kitabxana filialı qalib elan ediliblər.

   Müsabiqə qalibləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən pul mükafatları ilə təltif ediləcək, habelə sözügedən kitabxanaların mütəxəssislərinin kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təşkil edilən beynəlxalq konfranslarda iştirakı dəstəklənəcək.

 

 

   Mədəniyyət.- 2011.- 4 may.- S. 3.