Xalis müəllim - Xalis
əmi
Dostlarımdan biri mənə zəng vurub dedi:
- Kazım müəllim haqqında yazdığın məqaləni qəzetdə oxudum (Xalq rəssamı, uzun illər Dövlət İncəsənət Muzeyinin direktoru işləmiş Kazım Kazımzadəni nəzərdə tuturdu). Çox sağ ol! Kazım müəllim haqqında çoxsaylı məqalələr, habelə kitablar yazılıb, hətta dissertasiya müdafiə edilib. Əlbəttə, bütün bunlar rəssam Kazım Kazımzadə, onun yaradıcılığı barədədir. Sənin yazın isə muzey direktoru Kazım Kazımzadə haqqındadır. Kazım müəllim milli dəyərlərimizin toplanması, qorunması və təbliği sahəsində 50 ilə yaxın səmərəli fəaliyyət göstərmişdir. İncəsənət Muzeyinin bu gün dünyanın zəngin muzeylərindən birinə çevrilməsində onun əməyi danılmazdır.
Dostum daha sonra dedi:
- Unutma ki, milli sərvətimizin keşiyində ləyaqətlə dayanan muzey direktorlarımız az olmayıb, bu gün də var. Arzu edərdim ki, onların hər biri haqqında yazılsın, kitablar nəşr edilsin.
Dostum həmin şəxslərdən bir neçəsinin adını çəkdi. Onların arasında haqq dünyasına qovuşanlar da vardı, milli dəyərlərimizi bu gün qoruyanlar da…
Düzü, bu sahədə çalışanların gərgin əməyinə yaxından bələd olduğum üçün onların barəsində az-çox yazmışam. Dostumun təklifi ilə bu dəfə Qəbələ tarix-diyarşünaslıq muzeyinin direktoru Xalis Məmmədov haqqında söz açmağı qərara aldım. Ona görə ki, onu
1980-ci ildən tanıyıram. İşinə də az-çox bələdliyim var. Xalis müəllim muzeyi ata balasını istəyən kimi istəyir. Qəbələ muzeyi onun gərgin əməyi, zəhməti, bəzən inadkarlığı bahasına ərsəyə gəlib və bu gün respublikamızın diqqəti çəkən muzeylərindən birinə çevrilib. Mən Xalis müəllimin bu yöndə gördüyü işlərin şahidi olmuşam. Həm Bakıda, həm də Qəbələdə. Onun iş rejiminə də bələdəm. Səhər yeməyindən sonra səliqə ilə kağız-qələmini, gündəlik qeydlər apardığı dəftərini, günorta yeməyini, digər zəruri şeyləri nənəsindən ona qalmış toxunma çantaya qoyur. Sonra doğma Bum kəndindən rayon mərkəzinə gedən yola çıxır. Çox vaxt avtobus gözləməyə ehtiyac olmur. Qəbələyə gedən minik maşınlardan biri dayanır və sürücü nəzakətlə onu maşına dəvət edir. Rayonda ona həm «Xalis müəllim», həm də «Xalis əmi» deyə müraciət edirlər. Beş-on dəqiqə keçməmiş Xalis müəllim iş yerinə - tarix-diyarşünaslıq muzeyinə çatır.
Adəti üzrə ekspozisiyanı nəzərdən keçirir, otaqların təmizliyinə xüsusi diqqət yetirir, əgər ehtiyac olarsa, əməkdaşlarla birlikdə lazımi işləri görür. Artıq muzey seyrçiləri qəbul etməyə tam hazırdır.
Muzeyin təbiət bölməsi elə ilk baxışdan nəzəri cəlb edir. Bu da təbiidir. Qəbələ Azərbaycanın ən gözəl guşələrindən biridir. Qəbələ meşələri, buradakı müxtəlif ağac və quş növləri, heyvanlar aləmi, bitkilər əsli materiallar, müqəvvalar, foto və slaydlar vasitəsilə göstərilir.
Tarixdən məlumdur ki, qədim Qəbələ şəhəri eradan əvvəl 4-cü
əsrdən bizim eranın 5-ci əsrinədək qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının paytaxtı olub. Bu
şəhərin qalıqları rayonun Çuxur Qəbələ kəndi yaxınlığında indiyədək qalmaqdadır. Qəbələ rayonu ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən sayılır. Muzeyin iki salonu qədim və orta əsrlər Qəbələsinə həsr olunub. Qədim Qəbələnin maketi ətrafında bələdçilərin söhbəti bu diyar barədə təsəvvür yaradır.
Qəbələdə aşkar edilən ən qədim tapıntılar eramızdan əvvəlki III minilliyə - Tunc dövrünə aiddir. Bunların içərisində həmin dövrün əmək alətləri, bəzək əşyaları,
silahlar, gil qablar var.
Muzeyin növbəti ekspozisiya bölmələri sonrakı inkişaf mərhələlərinə və müasir Qəbələyə həsr olunub.
Xalis müəllim gənclik illərindən Qəbələdə belə bir muzeyin olmasını arzu edirdi və buna nail olmağa çalışırdı. 1978-ci ildə universiteti bitirib doğma Qəbələdə əmək fəaliyyətinə başladığı ilk günlərdən bu yöndə bir sıra işlər gördü, dəfələrlə Şəki və Zaqatala tarix-diyarşünaslıq muzeylərində oldu, həmin muzeylərin əməkdaşlarından məsləhətlər aldı. O, Qəbələnin tarixini, xüsusən qədim dövrünü öyrənir, eyni zamanda, gələcək muzey üçün əşya toplayırdı. O vaxtlar rayonda arxeoloji qazıntı işləri aparan görkəmli arxeoloqlar - Qara Əhmədov və İlyas Babayevlə tez-tez görüşür, onlardan öyrənirdi.
Rayonda çıxan «Qalibiyyət» qəzetinin 25 oktyabr 1979-cu il tarixli sayında «Keçmişə və gələcəyə ehtiram» adlı
yazı ilə çıxış edərək Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Qəbələdə tarix-diyarşünaslıq muzeyi yaradılmasının əhəmiyyətini xüsusi vurğuladı, həmyerlilərini bu işdə fəal olmağa çağırdı. Rayon təşkilatları onu dəstəklədilər, lazımi kömək göstərdilər.
Əlbəttə, bütün bunlar ilkin hazırlıq işləri idi və gələcək muzeyin bünövrəsinin qoyulmasına istiqamətlənmişdi. Qəbələdə, habelə digər rayon mərkəzlərində yeni muzeylərin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
1980-ci ilin əvvəllərində Heydər Əliyevin təşəbbüsü ilə muzey işinə aid xüsusi qərar qəbul edildi. Həmin qərarda bir sıra önəmli məsələlərlə yanaşı respublikanın bütün şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması da nəzərdə tutulmuşdu. Bu,
Azərbaycan xalqına məxsus milli sərvətin - tariximiz və
mədəniyyətimizlə bağlı dəyərlərin, ulu keçmişimizi özündə yaşadan yadigarların toplanılması, qorunması, öyrənilməsi və gənc nəslin tərbiyəsində istifadə edilməsi üçün böyük əhəmiyyətə malik idi.
Beləliklə, Xalis müəllimin də çoxdankı arzusu reallaşdı. 1980-ci ilin aprelində Qəbələ tarix-diyarşünaslıq muzeyinin açılışı oldu və mədəniyyət nazirinin əmri ilə Xalis Məmmədov muzeyin direktoru təyin edildi. Hər dəfə ekspozisiya qurularkən Xalis Məmmədov gərgin əmək sərf etdi və bunun nəticəsi fərəhləndirici oldu. Daha sonra onun rəhbərliyi və iştirakı ilə muzeyin iki filialı - İsmayıl bəy Qutqaşınlının ev-muzeyi və Şəhidlər muzeyi yaradıldı, hər iki filial dövlət müəssisəsinə çevrildi.
Bu gün Qəbələ tarix-diyarşünaslıq muzeyi respublikamızın zəngin fonda və baxarlı ekspozisiyaya malik muzeylərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2005-ci ilin avqustunda Qəbələyə səfəri zamanı muzeydə də oldu. Xalis müəllim ölkə başçısına Qəbələnin keçmişi və bu günü barədə ekspozisiya əsasında geniş məlumat verdi. Azərbaycan prezidenti ürək sözlərini rəy kitabına yazdı, muzeyin əməkdaşlarına uğurlar dilədi.
Xalis Məmmədovun muzey işi sahəsində fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O,
Əməkdar mədəniyyət işçisi adına, dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif mükafatlarına layiq görülüb.
Xalis müəllim, eyni zamanda, bir sıra elmi-tədqiqat işlərinin müəllifidir. Tarix, arxeologiya, etnoqrafiya, numizmatika və
muzeyşünaslığa aid onlarla məqaləsi, bir kitabı işıq üzü görüb. Respublikamızda, habelə onun hüdudlarından kənarda keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib. Təcrübəli bir muzey işçisi kimi digər rayon tarix-diyarşünaslıq muzeylərinə əməli və metodiki kömək göstərir. Lahıc tarix-diyarşünaslıq muzeyinin təşkilində yaxından iştirak edib.
Xalis Məmmədov bu günlərdə ömrünün 65-ci baharı ilə qovuşacaq. O,
yenə də həvəslə çalışır, yenə
də hər səhər hamıdan tez oyanır. Səhər yeməyindən sonra səliqə ilə kağız-qələmini, gündəlik qeydlər apardığı dəftərini, günorta yeməyini, digər zəruri şeyləri nənəsindən ona qalmış toxunma çantaya qoyub iş yerinə - Qəbələ tarix-diyarşünaslıq muzeyinə yollanır...
Uğur olsun, Xalis müəllim, uğur olsun, Xalis əmi!
Adilxan Bayramov
Mədəniyyət. -
2011. - 6 may.- S. 15