Bəstəkar Məmməd Quliyevin xatirə gecəsi keçirilib

 

   Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Məmməd Quliyevin 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tanınmış mədəniyyət xadimləri və musiqiçilərin iştirak etdikləri tədbirdə ittifaqın katibi, professor Ramiz Zöhrabov sənətkarın həyat və yaradıcılığı barədə məlumat verərək, bəstəkarın öncə tar ifaçılığı ilə məşğul olduğunu, sonradan bəstəkarlığa keçdiyini bildirib. R.Zöhrabov onun böyük bəstəkar Qara Qarayevin tələbələrindən biri olduğunu da xatırladıb.

   Gecədə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Məmməd Quliyevin 3 hissəli «Simli kvartet»i səsləndirilib. Daha sonra tanınmış vokalçı Gülnaz İsmayılova bəstəkarın Hüseyn Cavidin sözlərinə bəstələdiyi «Şeyx Sənan» «Hər şey səfalı» balladalarını ifa edib.

   Gecədə bəstəkar Azər Dadaşov, A.Zeynallı adına Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva və digərləri də çıxış edərək, bəstəkarla bağlı xatirələrini bölüşüblər.

   Tədbirin sonunda M.Quliyevin həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş olunub.  

 

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 6 may.- S. 15.