Ş
u ş a - milli mədəniyyətimizin beşiyi
Mayın 8-də azərbaycanlıların Dağlıq
Qarabağdakı ən böyük yaşayış məntəqəsi
olan
Erməni qüvvələri
Şuşanın işğalı ilə Dağlıq
Qarabağa nəzarəti tamamilə ələ keçirdilər.
Azərbaycanın bölgədə mühüm strateji
mövqeni əldən verməsi sonrakı itkilərə zəmin
yaratdı. Şuşa rayonunun 20 mindən çox əhalisi
didərgin düşdü.
Şuşa sadəcə coğrafi
baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində
suveren hüququnu nümayiş etdirən əsas
yaşayış məntəqəsi kimi strateji əhəmiyyət
kəsb edən bir bölgə deyil. Şuşa Azərbaycan mədəniyyətinin
beşiyi, bir çox görkəmli sənətkarların,
musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət
xəzinəsinə böyük töhfələr vermiş
şəxsiyyətlərin vətənidir. Onlardan bəzilərini
yada salaq.
Azərbaycan ədəbiyyatında
satirik şeirin təməlini qoyanlardan biri olan Qasım bəy
Zakir (1784-1857) Şuşada doğulmuşdu.
Şuşanın yetişdirdiyi
istedadlardan biri də Xurşidbanu Natəvan (1830-1897) idi.
İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu
xanı Mehdiqulu xanın qızı Natəvan həm şairə,
həm də rəssam idi.
XIX əsrin qabaqcıl şəxslərindən
olan Mir Möhsün Nəvvab (1833-1918) Şuşada anadan
olmuşdu. O, şair, rəssam, musiqişünas, astronom, xəttat,
nəqqaş, riyaziyyatçı idi.
Şuşanın yetişdirdiyi məşhur
sənətkarlardan biri də XIX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirovdur
(1854-1926). Ədib milli dramaturgiyamızda tragediya
janrının banisi, istedadlı publisist idi.
Şuşa şəhərində
mədəniyyətin, xüsusilə incəsənətin
inkişafında Əbdürrəhim bəy Haqverdiyevin
(1870-1933) böyük xidmətləri olub. M.F.Axundovun, N.Vəzirovun
ənənələrini davam etdirən Ə.Haqverdiyev mədəniyyət
tariximizdə istedadlı dramaturq, nasir, rejissor və görkəmli
alim kimi iz qoyub.
Şuşada doğulan və ədəbiyyatımıza
böyük töhfələr verən ədiblərdən
biri də görkəmli yazıçı, tarixi romanlar
müəllifi Yusif Vəzir Çəmənzəminlidir
(1887-1943).
Tanınmış ədəbiyyatşünas
Firudin bəy Əhmədağa oğlu Köçərli
(1863-1920) Şuşada anadan olmuşdu. Uzun illər Azərbaycan
ədəbiyyatının tarixi ilə məşğul
olmuş, "Azərbaycan türklərinin ədəbiyyatı"
adlı irihəcmli əsərini yazmışdır.
XX əsrin əvvəllərində
görkəmli jurnalist və yazıçı kimi məşhur
olan Haşım bəy Vəzirov (1868-1916) Şuşada
doğulmuşdu. 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət
göstərmişdir.
Şuşanın tarixində
Gövhər Ağa, Xurşidbanu Natəvan, Ağabəyim
Ağa, Fatma xanım Kəminə və Leyla xanım kimi məşhur
qadınlar olub. Onlarla bir sırada Həmidə xanımın
da adı hörmətlə çəkilir. Həmidə
xanım Cavanşir (1873-1955) İbrahim xanın nəslindən
olub, Qarabağ tarixçisi Əhməd bəy Cavanşirin
qızı, böyük ədib Cəlil Məmmədquluzadənin
həyat yoldaşıdır. "Mirzə Cəlil haqqında
xatirələrim" adlı qiymətli əsərin müəllifidir.
Azərbaycanın maarif xadimlərindən
biri Bədəl bəy Bəşir oğlu Bədəlbəyov
(1875-1932) Şuşada anadan olub. Respublikanın xalq artistləri
Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli
onun oğlu, Fərhad Bədəlbəyli nəvəsidir.
Şuşanın yetişdirdiyi
şəxsiyyətlərdən biri Əhməd bəy
Ağaoğlu (1869-1939) ömrünün 50 ilini publisistika və
jurnalistika ilə məşğul olub.
Şuşa XVIII əsrin II
yarısından musiqi mərkəzinə çevrilmiş və
Azərbaycan musiqisinin yüksəlişinə səbəb
olmuşdur. Öz məlahətli səsləri və
böyük sənətləri ilə bütün Yaxın
Şərqdə məşhur olan xanəndələrdən
Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim,
Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar
Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev,
Keçəçioğlu Məhəmməd, Segah İslam,
Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid
Behbudov, Mütəllim Mütəllimov və bir çox
başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır.
Azərbaycan peşəkar
musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli
(1885-1948) Şuşanın dünya şöhrətli yetirmələrindən
birincisidir. Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla
yanaşı tarixdə istedadlı jurnalist, görkəmli
dramaturq, pedaqoq, musiqişünas kimi də ad qoyub.
Şuşada xanəndəlik sənəti
ilə əlaqədar olaraq gözəl tar, kamança və
qarmon çalanlar da yetişmişdi. Bu musiqiçilərdən
böyük tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi
Cəmil Əmirov, Qurban Pirimov və başqaları ən məşhur
sənətkarlardır.
Şuşa Azərbaycanın bir
çox görkəmli bəstəkarlarının vətənidir.
Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov,
Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf
Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov və
bir çox başqaları gənclik illərini Şuşada
- "Qız qayası"nda, "Üç mıx"da,
"Cıdır düzü"ndə,
"Çanaqqala"da keçirmişlər.
Azərbaycan musiqi sənətinin tədqiqatçısı,
görkəmli musiqişünas Firudin Şuşinski də
Şuşada doğulmuşdu. Şuşanın verdiyi nadir
istedadlardan biri də görkəmli incəsənət xadimi
Mehdi Məmmədovdur (1918-1985). O, milli dramaturgiya, incəsənət
nəzəriyyəsi və estetikaya aid bir sıra əsərlərin
müəllifidir.
Azərbaycan teatr sənətinin
parlaq ulduzlarından olan Barat Həbib qızı Şəkinskaya
1914-cü ildə Şuşada anadan olub. Barat xanım
İbrahim xanın nəslindəndir.
Şuşa görkəmli
memarların, xəttatların, nəqqaşların,
istedadlı rəssamların Vətəni kimi də məşhurdur.
Müasir şuşalı rəssamlardan Cəlal
Qaryağdını, Əmir Hacıyevi, Nadir Əbdürrəhmanovu
və Toğrul Nərimanbəyovu göstərmək olar. Azərbaycan
milli xalça sənətinin inkişafında, dünyaya
tanıdılmasında şuşalı sənətkar Lətif
Kərimovun müstəsna xidmətləri olub...
Burada
xatırladığımız və adlarını çəkmədiyimiz
görkəmli sənətkarların ruhları 19 ildir ki,
Şuşasızdır, sərgərdandır...
Mədəniyyət.-
2011.- 6 may.- S. 14.