Muğamın sehrinə
düşən əcnəbi
Bakıda muğam təhsili alan
koreyalı xanəndə Azərbaycan musiqisi ilə Koreya milli
musiqisini sintez etmək istəyir
Kim Min-Seoq Cənubi Koreyada
doğulub. 34 yaşı var. Azərbaycan Milli
Konservatoriyasının I kurs tələbəsidir. Azərbaycanla
tanışlığı 4 il əvvələ təsadüf
edir. Dostunun dəvəti ilə səyahət məqsədilə
Bakıya gələn koreyalı gənc Azərbaycan
muğamının sehrinə düşür. Kimya ixtisası
üzrə ali təhsil diplomunu bir kənara qoyub, muğam
ifaçılığını öyrənmək
üçün Bakıya gəlir. İndi onun ən
böyük arzularından biri muğam sənətinin sirlərini
bilən xanəndə olmaqdır. Kim Min-Seoq ilə Milli
Konservatoriyada görüşdük:
- Azərbaycan muğamı ilə
ilk tanışlığın necə olub?
- Muğamı ilk dəfə
2007-ci ildə turist kimi Bakıya gələndə
eşitmişəm. Bu musiqiyə qulaq asdıqca məndə fərqli
hisslər yarandı. Sonradan internetdə Azərbaycan
muğamı ilə bağlı məlumatlar əldə etdim.
Dostumun mənə hədiyyə etdiyi diskdə
tanınmış sənət ustalarının ifaları
vardı. Onlara tez-tez qulaq asırdım. Muğam mənə
çox dərin mənalı musiqi təsiri
bağışlayır. Koreyanın da milli musiqiləri var.
Amma mən görürəm ki, Azərbaycan musiqisi, xüsusilə
muğamı daha zəngindir. Bəstəkar
mahnılarınız da çox gözəldir. Cahangir
Cahangirovun, Tofiq Quliyevin musiqilərinə, Rəşid Behbudovun
ifasına qulaq asmağı sevirəm.
- Necə oldu ki, Azərbaycanda xanəndəlik
ixtisası üzrə təhsil almaq qərarına gəldin?
- Əslində mən ixtisasca
kimyaçıyam. Beş il kimya laboratoriyasında ixtisasım
üzrə fəaliyyət göstərmişəm. Heç
vaxt musiqi təhsili almamışam. Azərbaycan musiqisinə
olan həvəsim məni bu sənətin arxasınca gətirdi.
2009-cu ildə Azərbaycana yenidən gəlib Milli
Konservatoriyaya müraciət etdim. Səsimi yoxladılar.
İmtahandan keçdim. İndi birinci kursda təhsil
alıram. Azərbaycan milli musiqisi çox zəngindir.
Düşünürəm ki, Azərbaycan milli musiqisi ilə
Koreya milli musiqisinin sintezi maraqlı alınar. Hər ikisinin
sintezi məncə yeni janr kimi görünür. Muğamda zəngulələr
çox böyük texnika tələb edir. Onları ifa etmək
istəyirəm. “Bayatı Kürd”, “Mahur Hindi”
muğamlarını, “Heyratı” ritmik muğamını
öyrənmişəm, “Rast”ı yekunlaşdırıram.
İnanıram ki, muğama olan həvəsim qarşıma
çıxan çətinlikləri aradan qaldıracaq.
- Muğam oxumaq xüsusi istedad tələb
edir. Nəzərə alsaq ki, Azərbaycan dilini yeni öyrənmisən,
muğam ifa etmək çətin deyil ki?
- Əvvəlcə çox çətin
idi. Müəllimim Əhsən Əhmədova dedim ki, mənə
səsimi muğama uyğunlaşdırmaq çox çətindir.
Çünki dil problemi var. Muğamın xüsusi zənguləsi
var. Onu öyrənmək çətindir. Ona görə hətta
bu işdən mən əl çəkmək istədim. Amma Əhsən
müəllim dedi ki, "yavaş-yavaş öyrənib, gələcəkdə
yaxşı oxuya bilərsən". Tədricən çətinliklər
aradan qalxır. Əsas odu maraq olsun. Müəllimim
özü də yaxşı xanəndə olmağım
üçün əlindən gələni edir. Mən də
çalışıram ki, onun zəhmətini itirməyim.
- Təhsilini
yekunlaşdırdıqdan sonra hansı planların var? Yəqin
ki, vətəninə qayıdacaqsan...
- Təhsili başa vurduqdan sonra nə
edəcəyim barədə hələ konkret planım yoxdur.
Ola bilsin ki, Bakıda qalam. Amma buna ailəliklə qərar verməliyik.
Yeri gəlmişkən, həyat yoldaşım fortepiano
üzrə Cənubi Koreyada təhsil alıb. İndi
kamançaya çox maraq göstərir. Bu alətin səsinin
fərqli olduğunu deyir. İstəyir ki, bu sənəti də
öyrənsin. İki qızım var. Ailəliklə burada
yaşamaqdan məmnunuq. Planlara gəldikdə, dostlarıma təklif
etmişəm ki, gələcəkdə muğam
üçlüyü yaradaq. İndi Koreyada 300-dən
çox azərbaycanlı var. Onlar öz övladlarına
musiqi təhsili vermək istəyirlər. Ola bilsin ki, gələcək
fəaliyyətimi bu istiqamətdə aparam. Amma indidən nəsə
demək tezdir. Hələ çox şey öyrənməliyəm.
- Azərbaycanla bağlı təəssüratların
necədir?
- Azərbaycan mənim
üçün doğmalaşıb. Bütün bölgələrini
gəzmək istəyirəm. Azərbaycan mətbəxini
çox sevirəm, xüsusilə də yarpaq dolmasını.
İnsanlar çox qonaqpərvərdir. Qarabağın da Ermənistan
tərəfindən işğal olunduğunu bilirəm. Mən
burada olanda bildim ki, əslində Qarabağ sözü də
Azərbaycan sözüdür. Adı ermənilərə aid
olmayan bir torpağın özü necə ermənilərin
ola bilər?! Tanınmış muğam ustalarının
Qarabağdan çıxdığını bilirəm.
- Heç ailə üzvlərinə
Azərbaycan musiqisi oxumusan?
- (Gülür) Hə. Hərdən
olur.
- Məsələn, həyat
yoldaşın üçün hansı mahnını ifa etmisən?
- “Alagöz” mahnısını. Rəşid
Behbudovun ifa etdiyi o mahnını çox sevirəm.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2011.-6 may.- S. 11.