Palçıq vulkanları ekoturizm mənbəyidir
Azərbaycan
palçıq vulkanlarının sayına görə
dünyada birinci yeri tutur. Statistikaya görə, hazırda
planetimizdə olan 800 palçıq vulkanından 300-dən
çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd
Xəzər akvatoriyasında yerləşir.
Palçıq vulkanlarının əksəriyyəti
Bakı və Abşeron yarımadasında yayılıb və
onlardan bəziləri təbiət abidəsi kimi
formalaşıb. Bu baxımdan Azərbaycanı
“palçıq vulkanları diyarı” adlandırmaq olar. Bu
vulkanlar ölkəmizin təbii sərvəti olmaqla
yanaşı, həm də xaricdən turistlərin cəlb
olunması, ekoturizmin inkişafı üçün
mühüm zəmin yaradır.
Azərbaycan Milli Elmlər
Akademiyasının Geologiya İnstitutunun palçıq
vulkanizmi şöbəsinin müdiri Adil Əliyev
palçıq vulkanlarından turizm məqsədi ilə istifadə
edilməsi üçün “Bələdçi” sorğu
kitabı hazırlayıb. Kitabda 25 vulkan barəsində məlumat
verilib. Mütəxəssis həmin ərazilərə turist
marşrutlarının açılmasını təklif
edir. Onun fikrincə, Xəzər-Zirə və Qarasu vulkan
adalarından da turizm məqsədi ilə istifadə
olunması məqsədəuyğundur: “Ölkəmizdə
turizmin inkişafının dövlət siyasətinin prioritet
məqsədlərindən biri elan edildiyi indiki mərhələdə
Azərbaycandakı palçıq vulkanlarını turistlər
üçün cəlbedici yerlərə çevirmək
olar. Məsələn, turistlər üçün ən
çox maraq kəsb edən fəal vulkanlar qrupu Bakı-Ələt
avtomobil yolunda - Qobustan qəsəbəsindən cənubda,
Daşgil ərazisində yerləşir. Qobustana gedən hər
bir turist həmin palçıq vulkanını görmək
arzusunda olur. Deməli, palçıq vulkanlarının
reklamına ehtiyac var”.
Mütəxəssisin sözlərinə
görə, palçıq vulkanlarını əsasən iki
qrupa bölmək olar: fəaliyyət göstərən və
sönmüş vulkanlar. Ölkəmizdə qeydə
alınmış 300-dək palçıq vulkanının 70
faizi fəaliyyətdədir: «Təbiətdə hündür
və alçaq, sualtı və yeraltı vulkanlar mövcuddur.
Bunların hər biri özünəməxsus xassələrə
və kimyəvi tərkibə malikdir. Palçıq
vulkanları kimya və tikinti sənayesi, həmçinin
farmakologiya üçün xammal mənbəyi rolunu
oynayır. Vulkanların gili, palçığı əsəb
sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində
uğurla istifadə olunur”.
Təbiətin
yeddi möcüzəsindən biri
Dünya təcrübəsində
palçıq vulkanları yerləşən və əsrarəngiz
mənzərəyə malik yerlərə turistləri cəlb
etmək üçün turlar təşkil olunur, bu yerlərdə
müalicə müəssisələri, kurortlar inşa edilir.
Dünyada “Palçıq vulkanlarının diyarı” kimi
tanınan Azərbaycanda da təbiətin xalqımıza bəxş
etdiyi bu imkandan yetərincə yararlanmaq üçün
lazımi işlər görülür. Belə ki, 2010-cu ildən
başlayaraq internet vasitəsilə “Təbiətin 7
möcüzəsi” mövzusunda beynəlxalq müsabiqə
keçirilir. Müsabiqəyə Azərbaycanın
palçıq vulkanları da təqdim olunub. İnternet səsverməsinə
2011-ci ilin payızında yekun vurulması nəzərdə
tutulur. Onu da bildirək ki, Azərbaycan hazırda bu
yarışmada liderlər sırasındadır. Mütəxəssis
deyir ki, Azərbaycanın palçıq vulkanları
dünyanın 7 təbiət möcüzəsindən biri
kimi tanınsa, gələcəkdə ekoturizmin inkişafı
baxımından böyük nailiyyət əldə edə bilərik.
Bir faktı qeyd edək ki, 2007-ci
ildə dünyada mövcud olan abidələrin internetdə müsabiqəsi
keçirilmişdi. Türkiyədəki Ayasofya abidəsi bu
müsabiqəyə daxil edilmişdi. Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin verdiyi məlumata görə, bu
müsabiqənin nəticəsi olaraq 2007-ci ildə
İstanbulu ziyarət edən turistlərin 3 milyonu məhz bu
abidəni görməyə gəlmişdi. Şübhəsiz,
analoji addım ölkəmizdə də atılsa, xarici turistlər
də palçıq vulkanlarımız haqqında internetdən
məlumat əldə edib Azərbaycana gəlmək, onları
görmək istəyəcəklər.
Palçıq
vulkanlarının yaxınlığında müalicə
obyektlərinin yaradılması vacibdir
Alimlərin qənaətinə əsasən,
palçıq vulkanlarının ekoturizmdən əlavə,
müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti
ola bilər. Bu baxımdan palçıq vulkanlarının
yaxınlığında müalicə obyektlərinin
yaradılması vacibdir.
Azərbaycan Turizm İnstitutunun
turizm biznesinin təşkili və texnologiyası
kafedrasının müdiri, dosent Bahadur Bilalovun dediyinə
görə, dünya təcrübəsində mədə-bağırsaq,
pereferik və mərkəzi əsəb sistemi, uroloji, oynaq,
radikulit, dəri və s. xəstəliklərin müalicəsində
vulkan palçığından geniş istifadə olunur. Mütəxəssisin
fikrincə, əlaqədar orqanların, Səhiyyə və Mədəniyyət
və Turizm nazirliklərinin bu istiqamətdə işbirliyi nəticəsində
ölkəyə turist axınına nail oluna bilər.
Qeyd edək ki, Bakı və
Abşeron yarımadasında yerləşən palçıq
vulkanlarına antropogen təsirlərin aradan
qaldırılması və mühafizəsinin təşkili,
onların fəaliyyətinin öyrənilməsinin
böyük elmi və praktiki əhəmiyyətini nəzərə
alaraq ölkə prezidenti İlham Əliyev “Bakı və
Abşeron yarımadasının palçıq vulkanları
qrupu Dövlət Təbiət Qoruğu”nun yaradılması
haqqında sərəncam imzalayıb. Sərəncama uyğun
olaraq artıq 50 palçıq vulkanına Dövlət Təbiət
Qoruğu statusu verilib.
Dövlət
başçısının sərəncamında, həmçinin
palçıq vulkanlarından ekoturizm obyekti kimi istifadə
olunması da önə çəkilib.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 6 may.- S.9.