Müasir
İncəsənət Muzeyində
“Sənət inciləri”
Mayın 4-də Azərbaycan
Mədəniyyət Fondunun dəstəyi ilə
Bakıdakı Müasir İncəsənət
Muzeyində “Sənət inciləri”
adlı maraqlı sərgi açılıb. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva sərgi ilə
tanış olub.
“Van Cleef & Arpels” şirkətinin tarixi sənət kolleksiyasının və azərbaycanlı Əməkdar rəssam Əliyar Əlimirzəyevin biri digərindən maraqlı əsərlərinin təqdim olunduğu sərginin açılış mərasimində “Van Cleef & Arpels” Evinin prezidenti Stanislas de Kersiz, Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret, tanınmış kinoaktrisa Katrin Denev, mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Məşhur “Van Cleef & Arpels” şirkəti 1896-cı ildə Parisdə yaradılıb. Şirkətdə hazırlanan zərgərlik məmulatı dünyada sənət inciləri kimi tanınır. Şirkətin tarixi kolleksiyası dünyanın ən tanınmış muzeylərində nümayiş olunur. Müasir İncəsənət Muzeyində açılan sərgi “Van Cleef & Arpels”in yaradıcılıq dünyasının əsasını təşkil edən dörd əsas mövzuya həsr olunub: Təbiət, Şərq dünyası, yüksək moda və görünməz çərçivə. Sərgidə hər bir mövzu xüsusi çalara malik ayrıca sahə üzrə təqdim edilib.
“Sənət inciləri” sərgisi eyni yaradıcı ideyanı paylaşan iki fərqli ifadə tərzini bir araya gətirməklə Fransa və Azərbaycan arasında mədəni dialoqu nümayiş etdirir. Bu yaradıcı ideyanın bir qolu “Van Cleef & Arpels”in məhsullarında, digər qolu isə Azərbaycan rəssamı Əliyar Əlimirzəyevin əsərlərində təcəssüm tapıb. Bu sənət nümunələri bir-birini heyrətamiz şəkildə tamamlayır.
Sərgi ilə tanışlıq zamanı tanınmış fransız kinoaktrisası Katrin Denev Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verdi ki, Asiya və Şərq “Van Cleef & Arpels” üçün ən sevilən mövzulardan biridir. Həmin mədəniyyətlərin arxitekturası, tətbiqi və dekorativ incəsənəti “Van Cleef & Arpels”in məhsullarının orijinallığına və nadirliyinə güclü təsir göstərib. Bu tanınmış brendin kolleksiyasındakı əksər əsərlərin ustaları “Min bir gecə” nağıllarının sehrli, sirli və valehedici dünyasından, Böyük İpək yolu barədə əfsanələrdən ilham alıblar.
Təbiətin əsrarəngiz gözəlliyi 1920-ci ildən başlayaraq “Van Cleef & Arpels”in əsas ilham mənbələrindən biri olub, brendə dünya şöhrəti qazandırıb. Brend gözəllik və zövqlü dəb ilə sıx bağlıdır.
“Van Cleef & Arpels”in zinət əşyaları ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəssam Əliyar Əlimirzəyevin əsərlərinə baxıb. Rəssamın kompozisiyaları yuxu kimi paradoksaldır, onun gözlənilməz, parlaq, solğun boyalarının rəngarəngliyinə həm də bir qədər melanxoliya qatılır. Bu sehrli ekspressionizm Şərq nağıllarını xatırladır. Məhz buna görə də rəssamın əsərləri və “Van Cleef & Arpels”in məhsulları ideya ifadəsinə görə bir-birini tamamlayır.
Əliyar Əlimirzəyev 2004-cü ildə Parisdə “Grands et Jeunes” Beynəlxalq sərgisində “Qran-pri” mükafatına layiq görülüb. Rəssam “Van Cleef & Arpels” brendinin zərgərlik məhsullarının bənzərsiz naxışlarından ilhamlanaraq qadın ilə cəvahirat arasındakı bağlılığı yaradıcı təxəyyülünün süzgəcindən məharətlə keçirərək orijinal əsərlər yaradıb. Rəssamın əsərləri Moskva, Paris, Vaşinqton, Kopenhagen, Seul, Pekin, İstanbul, Berlində nümayiş olunur və müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Müasir İncəsənət Muzeyində açılan bu sərgidə nümayiş olunan əsərlərin leytmotivini qısaca belə ifadə etmək olar: zərifliyi və gözəlliyi vəhdətdə təcəssüm etdirən incəsənət nümunələri.
Sərgi iyunun 5-dək davam edəcək.
Mədəniyyət.-
2011.- 6 may.- S. 8.