Muzeylərin əməkdaşlığı
mədəniyyətlərarası dialoqa töhfə verir
«Luvr
muzeyində Azərbaycan xalçalarının olması bizim əlaqələrimizə
gözəl vasitədir»
Xəbər verdiyimiz kimi,
Fransanın məşhur Luvr muzeyinin direktoru Anri Luaret mayın
3-5-də ölkəmizdə səfərdə olub. Qonaq burada
bir sıra işgüzar görüşlər keçirib, Azərbaycanın
muzeylərinə baş çəkib, əməkdaşlıq
məsələlərini müzakirə edib. Luvr muzeyinin
direktoru qəzetimizə eksklüziv müsahibəsində bu məsələlərdən
söz açdı:
- Öncə onu qeyd etmək istəyirəm ki, hələ 2008-ci ildə ilk dəfə buraya gələndə ölkənizin böyük mədəniyyəti məndə dərin təəssürat yaratmışdı. O vaxt cənab prezident İlham Əliyev məni qəbul edərkən Azərbaycanda olan müvafiq qurumlarla Luvr muzeyi arasında əməkdaşlığın vacibliyini vurğulamışdı. Ötən səfərdə olduğu kimi, bu dəfə də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə səmərəli müzakirələrimiz oldu. 2008-ci ildə imzaladığımız beşillik əməkdaşlıq sənədi çərçivəsində bir sıra tədbirləri reallaşdırmışıq və bu əməkdaşlığımızı davam etdiririk.
Luvr muzeyində İslam mədəniyyətinə dair xüsusi bina tikilir. Gələn il İslam mədəniyyətinə dair xüsusi şöbənin açılışı nəzərdə tutulub. Məmnuniyyətlə demək istəyirəm ki, Azərbaycan tərəfi bu işə dəstək verir. Fürsətdən istifadə edib Azərbaycan dövlətinə bu təşəbbüsə görə təşəkkürümü bildirirəm.
Azərbaycanın Xalça muzeyi ilə əməkdaşlığımız genişlənir. Xalça muzeyinin yeni binasının tikintisi ilə tanış oldum. Dünya mədəniyyətinin nadir incilərindən hesab olunan Azərbaycan xalçalarının qorunması və nümayiş etdirilməsi baxımından muzeyin yeni binasının tikilməsi böyük əhəmiyyət kəsb edir. Əminəm ki, muzey Azərbaycan mədəniyyətinin təbliğinə dəyərli töhfəsini verəcək. Onu da deyim ki, bundan əvvəl mən Xalça muzeyinin köhnə binasında kolleksiya ilə tanış olmuş və ona heyran qalmışdım. Mədəniyyət və turizm naziri ilə görüşümüzdə Luvrdan bir sıra eksponatların buraya gətirilib sərgilənməsi ilə bağlı müzakirələr apardıq.
Cənab nazirlə müzakirə etdiyimiz digər önəmli bir məsələ də 2013-2014-cü illərdə Luvrdan xüsusi bir sərginin Azərbaycanda nümayişidir. Belə sərgiləri burada davamlı olaraq təşkil etməklə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik.
Nazir Əbülfəs Qarayev də bu təşəbbüsü dəstəkləyir. Onu da deyim ki, bizim əməkdaşlığımız bu görüşlərdən sonra hər dəfə yenilənir və bu da bizim mərhələ-mərhələ irəliləməyimizə kömək olur.
- Xalça muzeyi ilə əməkdaşlıq çərçivəsində hansı sərgilər nəzərdə tutulur?
- Xalça muzeyinin bizə təqdim edəcəyi kolleksiyanı nümayiş etdirəcəyik. Xalça muzeyinin açılışı zamanı Luvrun kolleksiyasında olan Azərbaycan xalçalarının nümayişi nəzərdə tutulub. Əsas ideyamız bundan ibarətdir ki, Luvrda və burada olan Azərbaycan xalçalarının bir-birinə bənzərliyini göstərək. Bundan əlavə, bizdə İslam mədəniyyətinə dair - İspaniyadan tutmuş Hindistan və Çinə qədər ərazini əhatə edən maraqlı eksponatlar var ki, onları da burada nümayiş etdirmək istəyirik.
- Məlumdur ki, Luvr muzeyi kolleksiyalarını daim yeniləyir, yeni əsərlər alınır. Son dövrlərdə hansı yeni kolleksiyalar alınıb?
- Luvrda orta əsrlərdən başlayaraq bu günə qədər olan dövrü əhatə edən on minlərlə eksponat var.
Təbii ki, onları yeniləmək və genişləndirmək məqsədilə incəsənətin bütün sahələrinə aid olan maraqlı eksponatları almağa çalışırıq. Məhz bu yolla da kolleksiyamız genişlənir.
- Azərbaycanla gələcək əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Qeyd etdiyim kimi, Bakıda bir çox layihələri müzakirə etdik. Azərbaycanın mədəni həyatında çox hadisələr baş verir, ölkənizin mədəniyyəti inkişaf edir, yeni muzeylər tikilir və biz də əməkdaşlıq sahəsində hansısa yenilikləri etməyə çalışırıq. Azərbaycanla sıx mədəni əlaqələrimizi yüksək qiymətləndiririk. Xalça muzeyi ilə əlaqələrimiz isə bu əməkdaşlığa gözəl nümunədir.
- Luvr həm də universal muzeydir.
Sizcə, muzey dünyanın müxtəlif ölkələrindən
olan insanlar üçün niyə bu qədər
maraqlıdır?
- Çünki dünyanın bir
çox mədəniyyət nümunələri, müxtəlif
sivilizasiyalara məxsus incəsənət əsərləri
bu muzeydə toplanıb, qorunub saxlanılır. Luvrda kolleksiyalar
V-VI əsrlərdən başlayır. Universal muzey həm də
geniş və sıx əlaqələr deməkdir. Bu həm
də mədəniyyətlərarası dialoq baxımından
çox vacibdir, muzeylərin əməkdaşlığı
bu dialoqa mühüm töhfədir. Bu baxımdan Azərbaycanla
əlaqələrə böyük önəm veririk.
- Luvrda saxlanılan Azərbaycan
xalçalarına maraq necədir?
- Düşünürəm ki,
Luvr muzeyində Azərbaycan xalçalarının olması
bizim əməkdaşlığın gözəl vasitəsidir.
Azərbaycandakı Xalça muzeyi də Luvr üçün
kifayət qədər maraqlıdır.
- Cənab Luaret, sizdə Bakı ilə
bağlı bu dəfə necə təəssüratlar
yarandı?
- Bakını bu qədər
gözəl və heyranedici görmək mənim
üçün inanılmaz idi. Ötən 3 il ərzində
həqiqətən çox böyük dəyişikliklər
gördüm. Onu da deyim ki, 3 il əvvəl də Bakıya
heyran olmuşdum. Paytaxtınızda ən çox bəyəndiyim
memarlıqdır. Mən XIX əsr memarlığı ilə
maraqlanıram və bu dövr memarlığına aid
binaları Bakıda görmək mənim üçün
heyrətamizdir. Sizin muzeylərdə müsbət mənada dəyişikliklərin
baş verməsi ilə bağlı məlumatım var. Yeni
muzeylər tikilib, digərləri bərpa olunub. Həmçinin
Bakıda binaların gözəl şəkildə yenilənməsi
çox nəzərə çarpır və bu, heyranedicidir.
Dəyişiklikləri görəndə, deyə bilərəm
ki, Bakıda həqiqətən də çox böyük
işlər görülüb.
Mehparə
Mədəniyyət.-
2011.-6 may.- S. 8.