Heydər Əliyev və
milli-mənəvi dəyərlərimiz
Ulu
öndərin zəngin mənəvi irsinin tədqiq və təbliğinə
layiqli töhfə
Çağdaş
Azərbaycan mədəniyyəti hazırda özünün
inkişaf dövrünü yaşayır. Təbii ki, bu, ilk
növbədə, onun özündən əvvəlki irsə
əsaslanması ilə bağlıdır. Bu yerdə
ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin
inkişafındakı əvəzsiz xidmətlərini
xüsusi minnətdarlıqla xatırlamaq lazımdır.
Məlumdur ki, həyatımızın
bütün sahələrində olduğu kimi zəngin milli mədəniyyətimizin
uğurlarında, yaradıcı insanların həyatında,
milli-mənəvi-əxlaqi dəyərlərimizin
qorunmasında, dilimizin inkişafında, Azərbaycanın mədəni
imicinin formalaşmasında ulu öndərin ölçüyəgəlməz
dərəcədə böyük rolu və xidmətləri
olmuşdur.
Ömür elə bir nemətdir ki,
hamıya verilir - kiminə çox, kiminə az. İllər
insanlara ömür vermir, insanın özü illərə
ömür verir. Özünün bütün həyat və
fəaliyyəti, varlığı ilə illərə
işıqlı ömür verən, xalqın mənəviyyatını
zənginləşdirən, onu dünyada layiqli səviyyədə
tanıdan, milli mədəniyyətimizin hərtərəfli
inkişafını ən ümdə vəzifəsi sayan
fenomenal şəxsiyyət, dünya şöhrətli siyasətçi,
xalqımızın ümummilli lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev
olmuşdur.
Tanınmış sənətşünas
alim, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət
xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”
(Bakı, 2011) monoqrafiyasında oxucu, ziyalı və gənclərimizin
diqqətini bu dahi fenomenal şəxsiyyətin çoxşaxəli
mədəniyyət nəzəriyyəsinə və onun təhlilinə
yönəldir. Əsər bu mənada Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümünə ən layiqli
töhfədir. Professor Timuçin Əfəndiyev yazır ki,
Azərbaycan mədəniyyətinin davamlı inkişafı
ümummilli liderin siyasi fəaliyyətinin mühüm tərkib
hissəsi olmuş və xüsusi əhəmiyyət kəsb
etmişdir. Müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyev özünün
bütün həyat və fəaliyyətini Azərbaycan
xalqının və respublikamızın hərtərəfli
inkişafına və çiçəklənməsinə,
azərbaycançılıq ideyasının milli
şüurda qərarlaşmasına, dövlət
quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi
və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin
və incəsənətinin bütün dünyada
tanınmasına həsr etmiş, bu sahədə misilsiz xidmətlər
göstərmişdir.
Professor Timuçin Əfəndiyev
yazır ki, azərbaycançılıq Azərbaycanı
yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini
qorumaqdır ki, Heydər Əliyev bütün ömrü boyu
məhz bu müqəddəs və ali məqsədə nail
olmaq üçün çalışırdı. O, bu yolda bədii
ədəbiyyatımızın böyük imkanlarına əzmlə
güvənirdi. Kitabda tanınmış alim haqlı olaraq
qeyd edir ki, mədəniyyətimizin elə bir sahəsi
olmamışdır ki, Heydər Əliyev
qayğısından bəhrələnməsin. Heydər Əliyev
Azərbaycan mədəniyyətinin inkişafında azərbaycançılıq
ideologiyasının formalaşmasında tam yeni bir tarixi mərhələnin,
epoxanın təməlini qoydu, milli-mənəvi-əxlaqi dəyərlərimizi
zənginləşdirdi və bu prosesin qloballaşan dünyada
cərəyan edən proseslərə inteqrasiya olunmasına zəmin
yaratdı.
Kitabda ümummilli liderin milli-mənəvi
xəzinəmiz olan, tarixən formalaşan və müasir
dövrümüzə gəlib çatan milli adət və ənənələrimiz,
dini inanclarımız, ədəbiyyat və incəsənətin
müxtəlif sahələri ilə bağlı söylədiyi
fikirlər kulturoloji baxımdan dərin və ətraflı
şərh edilmişdir. Əsərdə eyni zamanda Heydər Əliyevin
sənət adamları ilə unudulmaz görüşləri,
onlara göstərdiyi qayğısı və diqqəti hərtərəfli
işıqlandırılmışdır.
Kitabın “Heydər Əliyev və
milli-mənəvi dəyərlərimiz” adlanan I fəslində
müəllif ümummilli liderin zəngin mənəvi irsini dərindən
araşdıraraq qeyd edir ki, böyük öndər azərbaycançılığı
milli bir ideologiya kimi irəli sürmüş, mədəniyyətimizi,
mənəvi dəyərlərimizi təkcə milli
varlığımızın deyil, həm də siyasi
varlığımızın - dövlət quruculuğu prosesinin
mühüm atributu kimi dəyərləndirmişdir. Mənsub
olduğu xalqın tarixi keçmişinə, mədəni
irsinə və mənəvi dəyərlər sisteminə
dönməz məhəbbət duyğuları ilə
yaşayan ümummilli lider həm də bu dəyərlərin
qoruyucusu və hamisi kimi kitabda təqdim edilir. “Əsərdə
irəli sürülən müddəalar tutumlu, aydın və
konseptual səciyyəyə malikdir” - deyən akademik Bəkir
Nəbiyev qeyd edir ki, professor Timuçin Əfəndiyevin bu
monoqrafiyası ümummilli liderimizin, dünya şöhrətli
tarixi şəxsiyyətin zəngin mənəvi irsinin təbliği
işinə layiqli bir töhfədir.
AMEA-nın müxbir üzvi Rəna
Məmmədovanın kitaba verdiyi rəydə isə oxuyuruq:
“Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin
erudisiyalı müdrik şəxsiyyət idi. Azərbaycanın
milli-mənəvi və əxlaqi dəyərlərinin
ümumbəşəri ideyalarla zənginləşməsində
onun misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan
xalqının qəhrəmanlıqlarla dolu tarixi
keçmişinə, zəngin mənəvi dəyərlərinə,
maddi-mənəvi irsinə, incəsənətinə
qayğı ilə yanaşmışdır. Heydər Əliyev
Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O,
xalqın mənəviyyatını zənginləşdirən,
onu bütün dünyada tanıdan milli mədəniyyətimizin
hərtərəfli inkişafını, yüksəlişini
daim izləmiş, ona yardım etməyi özünün ən
ümdə vəzifəsi kimi qəbul etmişdir”.
Kitabda ulu öndərin mədəni
irsə baxışları müxtəlif rakurslardan nəzər-diqqəti
özünə cəlb edir. Professor Timuçin Əfəndiyevin
kulturoloji əhəmiyyət kəsb edən bu kitabını
ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği
istiqaməti üçün fundamental əsər kimi səciyyələndirmək
olar. Müəllif yazır ki, xalqımızın minilliklər
ərzində yaratdığı saysız-hesabsız mədəniyyət
və incəsənət nümunələri nəsillərdən-nəsillərə
ötürülmüş və dövrümüzə qədər
gəlib çatmışdır. Görkəmli alim göstərir
ki, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin
yüksək qiymətləndirilməsində tarixi şəxsiyyət,
dövlət xadimi, vətənpərvər insan olan Heydər
Əliyevin milli mədəniyyətə, mənəvi irsə
göstərdiyi hörmət, verdiyi dəyərin dərk
edilməsi bu gün də öz aktuallığını
saxlamaqdadır.
Professor Timuçin Əfəndiyev
kitabda ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyevin mədəniyyət
siyasətindəki rolunu, habelə Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın Azərbaycan və
dünya mədəniyyətinə göstərdiyi əvəzsiz
xidmətlərini böyük rəğbət hissi ilə
ictimaiyyətə təqdim edir. İnkarolunmaz bir həqiqətdir
ki, bu gün dünyanın yaxın və uzaq meridianlarında
Azərbaycanın mədəni simasının xeyli dərəcədə
yüksəlməsində, mədəniyyətimizin zəngin
xəzinəsinin nadir inciləri olan ulu və ölməz
muğam irsinin, aşıq sənətinin, Novruz
bayramının, Azərbaycan xalçaçılıq sənətinin
UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına
salınmasında Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın misilsiz xidmətləri və böyük zəhmət
payı vardır.
Əsərdə həmçinin
qeyd edilir ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan
tarixində, milli-siyasi təfəkkürümüzdə,
dövlətçilik şüurumuzda çox böyük məna
yükünü daşıyan fenomenə çevrilmişdir.
Onun otuz ildən artıq bir müddətdə Azərbaycana rəhbərlik
etməsi, xalqın öz liderinə bəslədiyi sevgi, ona
ümid və nicat mənbəyi kimi baxması, Heydər Əliyevin
millətinə, vətəninə olan sonsuz məhəbbəti
tariximizin canlı səhifələrinə
çevrilmişdir. Heydər Əliyev
çıxışlarında heç vaxt bu təkzibedilməz
həqiqəti xatırlatmağı unutmurdu: “Dünyada
yaşayan azərbaycanlılar öz ana dilini, milli ənənələrini
heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr
etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə
malik olan Azərbaycan kimi vətəni vardır”. Bu fikir Heydər
Əliyevin azərbaycançılıq məfkurəsindən
irəli gəlirdi. O, ən yüksək tribunalardan
böyük iftixarla deyirdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.
Professor Timuçin Əfəndiyev
monoqrafiyasının “Ümummilli liderin ədəbi irs təlimi”
adlanan bölməsində həmin fikir ətrafında
geniş təhlillər aparır. Müəllif əsaslı
şəkildə Heydər Əliyev mədəni irsinin əbədi
bir məktəb olması faktını oxucuya və geniş
ictimaiyyətə çatdırır. Kitabın əsas
leytmotivini də məhz bu ideya təşkil edir.
Təbiətcə musiqinin
vurğunu olan, incə və həssas musiqi duyumuna, musiqi
zövqünə malik olan, Azərbaycan və dünya mədəniyyətinin
bədii nümunələrini həvəslə dinləyən,
dövlət rəhbərliyində də, şəxsi həyatında
da, ailəsində də musiqidən ayrılmayan, musiqi və
musiqiçilər haqqında peşəkar musiqi tənqidçisi
kimi çox dəyərli rəy və fikirlər söyləyən,
musiqişünaslığın elmi fikir və ideyalar dairəsini
zənginləşdirən, daim musiqiçilərlə dostluq
edən Heydər Əliyevin həyat və fəaliyyətini
musiqi mədəniyyətindən ayrı təsəvvür
etmək qeyri-mümkündür. O, musiqiyə dərindən
bağlı bir şəxsiyyət kimi bu sənətə,
onun yaradıcılarına, problemlərinə daim
böyük diqqət yetirmiş, sənət adamlarına
hörmət və ehtiramla yanaşmışdır. Mədəniyyətin
bütün çağdaş və aktual məsələləri,
bəstəkar və ifaçıların, dirijor və
musiqişünasların yaradıcılığı, problemləri,
fikir və təklifləri, uğurları ulu öndəri
daim maraqlandırmışdır.
Heydər
Əliyev musiqinin inkişafında əhəmiyyətli rol
oynayan insanların yaradıcılığını da daima
diqqət mərkəzində saxlamış, onların əməyini
yüksək qiymətləndirmişdir. Bu qayğı
özünü Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov,
A.Zeynallı və s. Azərbaycan musiqiçilərinin,
korifeylərinin adlarının əbədiləşdirilməsi
və onların daim xalqın yaddaşında qalması
üçün atılan addımlarda göstərir. Musiqimizə,
mədəniyyətimizə verdiyi yüksək qiymət və
qayğı özünü, o cümlədən Heydər Əliyevin
mədəniyyət işçilərinə münasibətində
də göstərirdi. Prezidentin teatr tamaşasının
premyerasına təşrif buyurması və yaxud da teatrın
truppasını qəbul etməsi, onlara yaradıcılıq
uğurları arzulaması, neçə-neçə bəstəkarın,
rəssamın, respublikada görkəmli muğam
ustalarının yaradıcılıq gecələrinin,
yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları
mədəniyyətimizin həyatında önəmli rol
oynamışdır. Heydər Əliyev musiqini sevməklə
yanaşı, həm də musiqini insanlara sevdirirdi. Bu onun
böyük maarifləndirmə missiyasından irəli gəlirdi.
Heydər Əliyev yaşlı nəslin
yaradıcılığına da çox böyük
qayğı göstərmiş, gənc nəslin
yaradıcılıq imkanlarının genişlənməsinə
hərtərəfli yardım etmişdir.
Monoqrafiyada bütün
bunlar əhatəli və konseptual şəkildə diqqətə
çatdırılır. Vurğulanır ki, Heydər Əliyevin
Azərbaycan mədəniyyəti və incəsənətinin
inkişafı, təbliği, yüksəlişi, sağlam ənənələr
üzərində yeniləşməsi və müasirləşməsi,
ənənəvi mədəniyyət sərvətlərimizin
qorunması və yaşadılması, yeni və müasir
konsert salonlarının tikilməsi, peşəkar musiqi
kollektivlərinin səmərəli fəaliyyəti, xalqlarla və
ölkələrlə mədəni əməkdaşlığın
genişlənməsi peşəkar musiqiçilərə
yaradıcılıq şəraiti və imkanlarının
yaradılması, musiqinin müxtəlif sahələri üzrə
peşəkar kadrların yetişdirilməsi, musiqi əsərlərinin
ifa olunması və nəşri, gənclərin mədəni-estetik
tərbiyəsinin fəal və düzgün şəkildə
qurulması və sairə bu kimi aktual, mühüm məsələlər
və onların həlli yolları ilə maraqlanması, musiqi
mədəniyyətinin inkişafı məsələlərinə
dövlət siyasəti səviyyəsində yanaşması
onun siyasi və dövlətçilik fəaliyyətinin
bütün dövrlərini əhatə edir.
Sənətşünas
alim kitabda diqqəti daha çox Heydər Əliyevin milli-mənəvi
dəyərlərimizə göstərdiyi diqqət və
qayğıya istiqamətləndirir. “Heydər Əliyev milli mədəniyyətimizi,
xalqımızın qiymətli sərvətlərini qoruyub
saxlamaq üçün bir çox əhəmiyyətli
addımlar atmışdır. Hər bir işgüzar, yaxud
qeyri-rəsmi səfərləri zamanı Heydər Əliyev
Azərbaycanın Qarabağ və ondan doğan digər problemləri
ilə yanaşı, bu problemlərin Azərbaycan mədəniyyətinə
vurduğu zərbədən, tarixi abidələrin talan
olunmasından, müharibə şəraitinin mədəniyyətin
inkişafına göstərdiyi mənfi təsirindən
mütləq söz açmış və dəlil-sübutlar
təqdim etmişdir.
O, torpaqlarımızın
azad olunmasının, oradakı abidələrin yenidən bərpasının
nə qədər vacib olduğunu dəfələrlə
çıxışlarında ürək ağrısı ilə
vurğulayırdı. Heydər Əliyev öz ölkəsinin
xilasını təkcə silahda, hərbi gücdə deyil,
eyni zamanda həmin torpaqda yaradılmış qədim və bənzərsiz
mədəniyyəti xalqa qaytarmaqla, onun milli ruhunun dirçəldilməsində
görürdü”.
Ulu öndər Heydər
Əliyev yazırdı: “Yüksək mədəniyyətə
malik olan xalq həmişə irəli gedəcək, həmişə
yaşayacaq, həmişə inkişaf edəcəkdir”. O, hər
bir sənət adamına, hər bir sənətkara, hər
bir rəssama yüksək qiymət verməyi heç bir zaman
unutmamışdır. Azərbaycanın keçmişini,
dünənini, bu gününü və sabahını
xalça üzərində özünəməxsus şəkildə
əks etdirən Lətif Kərimovun, rənglərin dili ilə
təbiəti insanlara dərk etdirən Səttar Bəhlulzadənin
əməyini dərindən məhz Heydər Əliyev qiymətləndirmişdir.
S.Bəhlulzadənin anadan olmasının 85 illiyi ilə əlaqədar
ölkəmizin muzeylərində, mədəniyyət
ocaqlarında rəssamın əsərlərindən ibarət
sərgilərin açılması və nümayişi
birbaşa Heydər Əliyevin təşəbbüsü ilə
olmuşdur.
Müəllif qeyd edir
ki, Heydər Əliyev çoxillik zəngin siyasi və
dövlətçilik fəaliyyəti ərzində Azərbaycan
mədəniyyətinə dair özünün çox dəyərli,
maraqlı irsini yaratmışdır. Bu irs XX-XXI əsr Azərbaycan
mədəniyyətinin demək olar ki, yarım əsrlik
bütün sahələrini, məsələlərini,
yeniliklərini və nailiyyətlərini özündə cəmləşdirir.
Onun mədəniyyətimizin inkişafı
qarşısındakı xidmətləri və bu yolda
yaratdığı zəngin irs müasir mədəniyyətimizin
müxtəlif aspektlərdən tədqiqi üçün
olduqca maraqlı və qiymətli, real və təkzibolunmaz
faktlara, materiallara, sənədlərə malikdir.
Professor Timuçin Əfəndiyev
hesab edir ki, Heydər Əliyevin mədəniyyətimizin
inkişafında bir siyasətçi və milli lider kimi
misilsiz rolunu və xidmətlərini ciddi elmi zəmində
araşdırmaqla, ümummilli liderin obrazını,
ömür yolunu, mübarizələrini və qələbələrini
musiqi dili ilə ifadə edən və ona həsr olunan əsərləri
təhlil etməklə, bu sahədə müəyyən nəticələrə
gəlmək olar. Müəllif kitabda belə nəticəyə
gəlir ki, Azərbaycan peşəkar incəsənətinin
istər XX əsr sovet dönəmində, istərsə də
yeni əsrin müstəqillik dövründə inkişaf mərhələlərini,
tərəqqi yollarını və nailiyyətlərini,
qazandığı mükafatlarını və təltiflərini,
beynəlxalq səhnəyə çıxarılan sənət
əsərlərinin qiymətləndirilməsini Heydər Əliyev
şəxsiyyətindən, onun mədəniyyət siyasətindən
və xidmətlərindən, musiqi incəsənətinə
və sənətkarlara diqqət və qayğısından,
himayəsindən, bu sahədə həyata keçirdiyi milli
lider və siyasi rəhbər missiyasından, onun azərbaycançılıq
məfkurəsindən ayrılıqda tədqiq və təhlil
etmək qeyri-mümkündür.
Azərbaycanın
müasir dünyada sivil və mədəni xalq kimi öz
yerini tutması, Azərbaycan musiqisinin bütün dünyada səslənməsi
birbaşa ulu öndərin adı ilə bağlıdır.
Müəllif qeyd edir ki, Heydər Əliyev mədəni irsini
tarixi həqiqətlər kontekstində, real fakt və arqumentlərin
müstəvisində öyrənmək, onun fəaliyyətini,
xidmətlərini kulturoloji baxımdan tədqiq etmək
tariximizin, mədəniyyətimizin və milli elmimizin prioritet
istiqamətləri sırasındadır. Alimin fikrincə, Heydər
Əliyevin bu sahədəki xidmətləri, rolu, missiyası
kulturoloqlar tərəfindən ciddi elmi şəkildə
araşdırılmalı, onun bu sahədəki fəaliyyəti
və irsi elmi təhlilə cəlb olunmalıdır.
Hesab edirəm ki, Heydər
Əliyev irsinin kulturoloji baxımdan
araşdırılması, ulu öndərin mədəniyyətimizin
inkişafı və təbliği, milli-mənəvi dəyərlərimizin
qorunması istiqamətində professor Timuçin Əfəndiyevin
xüsusi əhəmiyyət kəsb edən bu elmi-tədqiqat əsəri
geniş oxucu kütləsi tərəfindən çox
yüksək dəyərləndiriləcəkdir.
Mədəniyyət və
İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət
xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin
altı fəsildən ibarət “Heydər Əliyev və
milli-mənəvi dəyərlərimiz” adlı monumental tədqiqatının
dahi şəxsiyyətin xatirəsinə həsr edilmiş əsərlər
sırasında görkəmli yer tutacağı tamamilə
şəksizdir. Görkəmli sənətşünas alimin
monoqrafiyasını istər geniş, əhatəli
araşdırmalarına, istərsə də
aktuallığına görə alimin elmi
yaradıcılığının ən yüksək zirvəsi
hesab etmək olar. Heydər Əliyevin əhatəli, geniş
miqyaslı, zəngin irsini müxtəlif aspektlərdə,
müxtəlif rakurslarda hərtərəfli və sistemli
şəkildə öyrənən tədqiqatçı alim,
professor Timuçin Əfəndiyevin əldə etdiyi elmi nəticələr
Azərbaycan kulturoloji fikrinin zənginləşdirilməsində
yeni bir mərhələnin əsasını qoyur.
Fundamental tədqiqat əsəri
ümummilli lider Heydər Əliyev irsinin
araşdırılması, tədqiqi və təbliği
baxımından müstəsna əhəmiyyətə
malikdir. Nəfis şəkildə tərtib və çap
edilmiş monoqrafiyanın oxucular, elm və mədəniyyət
xadimləri tərəfindən maraqla
qarşılanacağı şübhə doğurmur. Əminik
ki, bu elmi-tədqiqat əsəri Heydər Əliyev irsini
araşdıran alimlərin stolüstü kitabına
çevriləcəkdir. Bu monumental sənət salnaməsi
professor Timuçin Əfəndiyevin ensiklopedik zəka sahibi,
dünya şöhrətli siyasətçi, müasir Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə ən layiqli bir
töhfədir.
İlqar Hüseynov,
kulturologiya elmləri doktoru,
professor
Mədəniyyət.- 2011.-
6 may.- S. 6-7.