Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının əl işlərindən
ibarət sərgi
Mayın
5-də Muzey Mərkəzində Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə həvəskar rəssamlar və xalq tətbiqi sənət
ustalarının əl işlərindən ibarət sərgi-seminarın
açılış mərasimi keçirildi.
Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü münasibətilə
təşkil olunan tədbiri giriş sözü ilə
açan mərkəzin direktoru Vilayət İsmayılov
böyük öndərin tarixi xidmətlərindən
danışaraq Azərbaycanın bir çox sahələrindəki
uğurların ümummilli liderin adı ilə bağlı
olduğunu dedi. Direktor son illərdə ölkəmizdə mədəniyyətə
göstərilən diqqət və qayğıdan da bəhs
etdi.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri
Yaşar Əliyev ümummilli lider Heydər Əliyevin mədəniyyətin
inkişafındakı xidmətlərindən
danışdı. “Heydər Əliyev həmişə mədəniyyətin,
incəsənətin hamisi olub. Təsadüfi deyil ki, onun Azərbaycana
rəhbərliyi dövründə mədəniyyət müəssisələrinin
maddi-texniki bazası möhkəmləndirilib, bir sıra mədəni
islahatlar həyata keçirilib”.
Tədbirin mahiyyətinə toxunan
Y.Əliyev sərgidə nümayiş olunan əsərlərin
seminar çərçivəsində təhlilinin
aparılmasının zəruriliyini bildirdi: “Bugünkü tədbirə
həm də elmi əsaslarla yanaşılmalıdır. Mədəniyyət
və Turizm Nazirliyi həmişə belə tədbirlərin
keçirilməsinə dəstək verir. Çünki belə
sərgilərdə yaradıcı insanların qabiliyyətləri
üzə çıxır, yaradıcı işlərlə
bağlı fikir mübadilələri aparılır. İnanıram
ki, sərgi-seminar sənətsevərlər üçün
səmərəli olacaq”.
Sərgi
iştirakçıları adından danışan tətbiqi
sənət ustası Sevil Mahmudova tədbirin təşkilatçılarına
minnətdarlığını ifadə etdi.
Sonra sərgiyə baxış
keçirildi. Sərgidə 50-dən çox müəllifin
130-dək əl işi nümayiş olunur. Sərgi-seminarda rəngkarlıq
və qrafika əsərləri, xalça və xalça məmulatları,
naqqaşlıq, bədii tikmə və digər tətbiqi sənət
nümunələri nümayiş etdirilir. Sərgi-seminara bu gün (6 may)
yekun vurulacaq.
Ceyhun
Mədəniyyət.-
2011.- 6 may.- S. 4.