Heydər Əliyev milli-mənəvi dəyərlərimiz” kitabı təqdim olundu

 

   Mayın 4-də Atatürk Mərkəzində Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” kitabının təqdimatı olub. Mərasimdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

  

   Mərasimi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov açaraq bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində təqdim olunan bu kitab dahi şəxsiyyətin irsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

   Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə məlumat verib ki, kitab “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Ümummilli liderin ədəbi irs təlimi”, “Azərbaycan teatrının böyük hamisi”, “Milli kino sənətimizə tükənməz qayğı”, “Rəssam duyumlu müdrik insan - Heydər Əliyev”, “Musiqi aləmindən dünyaya baxış” fəsillərindən ibarətdir. Kitabda ulu öndərin milli adət və ənənələrimiz, dini inanclarımız, ədəbiyyatın, incəsənətin müxtəlif sahələri ilə bağlı müdrik fikirləri yer alıb. Heydər Əliyevin sənət xadimləri ilə unudulmaz görüşləri, onlara göstərdiyi diqqət və qayğı kitabda xüsusi qeyd olunur.

   Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Qeyd olunub ki, yeni nəşr Azərbaycan gəncliyinin ulu öndərin zəngin irsini dərindən öyrənməsi baxımından çox dəyərlidir.

   Milli Məclisin deputatları, akademiklər Abel Məhərrəmov, Ziyad Səmədzadə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları çıxış edərək bildiriblər ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub, milli-mənəvi dəyərlərimizi beynəlxalq aləmdə tanıdıb.

   Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verib.

   Tədbirdə mədəniyyət və incəsənət xadimləri ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

 

 

   Mədəniyyət.- 2011.- 6 may.- S. 4.