Cəbhədən cəbhəyə
Bəşər
tarixinə ən qanlı-qadalı illəri yazmış
İkinci Dünya müharibəsində faşizm üzərində
Qələbədən 66 il ötür. Bu zəfərin əldə
olunmasına həmyerlilərimiz də öz tarixi töhfələrini
veriblər.
Azərbaycan xalqının
oğulları ilə yanaşı, qızları da cəsarətlə
odun-alovun içinə atılıb əllərindən gələni
əsirgəməyiblər. O dəhşətli günlərdən
illər keçsə də, ölüm saçan güllələrdən
həyatını xilas edə bilmiş və bu gün də
aramızda olan insanlar müharibədə gördüklərini
unutmayıblar, bu gün də dünən kimi
xatırlayırlar. 90 yaşlı müharibə veteranı
Fatma Səttarova deyir:
- 1941-ci ildə müharibə başlayanda hələ 20 yaşım tamam deyildi, yeni ailə qurmuşduq, beş ayın gəlini idim. Tibb texnikumunu bitirib kiçik leytenant rütbəsi almışdım. Yoldaşım Məmməd maşınqayırma zavodunun direktoru idi. Müəssisə sursat istehsalına başlamışdı - onlar da cəbhə üçün çalışırdılar. Anamın göz yaşlarına baxmayaraq (axı, onun yeganə övladı idim, atam repressiya qurbanı olduğundan məni özü böyütmüşdü) könüllü olaraq hərbi komissarlığa müraciət etdim. Bizi Qoşa qala qapısının yanından yola saldılar, mən olan qrupda daha 7 qız vardı. Leninqrad cəbhəsinə düşdüm, blokada zamanı da orada idim. Cəbhədən cəbhəyə keçib Moskva ətrafında, Stalinqrad uğrunda gedən döyüşlərdə səhra hospitallarında tibb bacısı kimi xidmət göstərmişəm. İşim təkcə bununla bitmirdi. Çox vaxt elə döyüş bitər-bitməz irəli çıxıb yaralı və ölənləri daşıyırdıq. Heç bilmirəm, onlara necə gücüm çatırdı - cəmi 47 kiloqram çəkim vardı, zəif, uzun hörüklü qız idim. Qan içindəki o dəhşətli səhnələri görəndə döyüşçülərimiz üçün öz sağlamlığımdan belə keçməyə hazır idim. Dəfələrlə onlara qan da vermişdim.
Qələbəyə 3 ay qalmış ayağımdan yaralandım, məni geri göndərdilər. Az sonra Moskvada Ticarət İnstitutunda qiyabi təhsil aldım, quruculuq işlərində fəal iştirak etdim. Artıq 3 oğul, 1 qız anası idim. Ataları dünyasını tez dəyişdiyindən onları özüm böyütdüm, hamısı ali savad alıb cəmiyyətdə layiqli yer tutdular. İndi 11 nəvəm, bir o qədər də nəticəm var. Sinəmi 20-dən artıq orden, medal bəzəyir. Sonuncusunu mənə ötən ilin sentyabrında Sankt-Peterburqdan gələn nüfuzlu heyət təqdim etdi. Bu, “Leninqradın müdafiəsi uğrunda” medalıdır. Əlbəttə, fədakarlığımın unudulmaması fərəhlidir. İndi də hər yerdə böyük hörmətlə qarşılanıram.
Musiqiyə, incəsənətə böyük marağım var. Muğam tədbirlərində gözəl səsə malik istedadlarımızı yaxından görmək, səslərini dinləməkdən zövq alıram. Onların uğuru məni çox sevindirir. Bu yaşımda ürəyimdə bir arzum da var - tezliklə ölkəmizin ərazi bütövlüyü təmin olunsun.
İradə
Mədəniyyət.-
2011.- 6 may.- S. 12.