Luvr Muzeyi eksponatlarının
Azərbaycanda xüsusi
sərgisi təşkil
ediləcək
Mayın
4-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev ölkəmizdə
səfərdə olan
Fransanın Luvr Muzeyinin direktoru Anri Luareti qəbul
etdi. Qonağı yenidən Azərbaycanda
görməkdən məmnun olduğunu deyən nazir Əbülfəs
Qarayev Luvr Muzeyi ilə əməkdaşlığın
ölkəmizin Fransa ilə
mədəni və dostluq
əlaqələrinin inkişafına
xidmət etdiyini bildirdi.
Nazir
qeyd etdi ki, son illər
Azərbaycanla Fransa arasında ikitərəfli
əməkdaşlıq genişlənib: “Azərbaycanın
birinci xanımı, millət vəkili Mehriban Əliyeva Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçiləndən sonra iki ölkə
arasında mədəni əlaqələr daha
da vüsət
alıb. İkitərəfli əlaqələrdə Mədəniyyət
və Turizm Nazirliyi ilə Luvr Muzeyi
arasında əməkdaşlıq
xüsusi yer tutur. Muzeylə yeni layihələrə başlayacağıq”.
Öz növbəsində
Anri Luaret Luvr Muzeyinin Azərbaycan tərəfi
ilə bir sıra müştərək layihələrin həyata
keçirməsindən danışdı. Qonaq
dedi ki, 2008-ci ildə imzalanan sənədə əsasən,
5 il müddətinə
müxtəlif tədbirlərin
keçirilməsi nəzərdə tutulub.
Luvr Muzeyində İslam mədəniyyəti
şöbəsinin yaradılmasına Azərbaycanın
da dəstək verdiyini məmnunluqla qeyd edən A.Luaret buna görə ölkə rəhbərliyinə minnətdarlığını
bildirdi. O, Luvr
Muzeyi ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
arasında əməkdaşlıq
çərçivəsində Azərbaycan
xalçalarının Luvrda, bu muzeyin bəzi
eksponatlarının isə Xalça Muzeyində nümayiş
olunacağını vurğuladı.
A.Luaret
daha bir mühüm məsələ
kimi 2013-2014-cü illərdə Luvr Muzeyi eksponatlarının
Azərbaycanda xüsusi sərgisinin
təşkil olunacağını dedi. Onun sözlərinə
görə, artıq bununla bağlı müzakirələr
başlanıb və keçiriləcək görüşlərdə
bu məsələnin
həlli daha da konkretləşəcək. A.Luaret
mütəmadi olaraq
birgə sərgilərin keçirilməsi ilə
bağlı razılaşma əldə edildiyini
də diqqətə
çatdırdı.
Sonda
A.Luaret ikitərəfli
əməkdaşlığa töhfələrinə görə
nazir Ə.Qarayevə Luvr Muzeyinin medalını təqdim etdi.
Mehparə
Mədəniyyət.- 2011.- 6 may.- S.
3.