Luvr Muzeyinin direktoru muzeylərlə tanışlıqdan zəngin təəssürat alıb

 

   Luvr Muzeyinin direktoru Anri Luaret Azərbaycana səfəri çərçivəsində mayın 4-də R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində olub.

 

   Qonaq əvvəlcə muzeydə Azərbaycan avanqardlarının əsərlərindən ibarət “Əsrlərin qovuşuğu” adlı sərgiyə baxıb. Muzeyin direktoru Çingiz Fərzəliyev fransız həmkarına burada aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

   Görüşdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın Luvr Muzeyi arasında imzalanmış əməkdaşlıq layihəsinin nəticəsi olaraq 2013-2014-cü illərdə Bakıda təşkili nəzərdə tutulmuş Luvr Muzeyinin eksponatlarının xüsusi sərgisi ilə bağlı məsələlər müzakirə edilib. Bu məqsədlə işçi qrupunun yaradılması, birgə sərgilərin təşkili və əməkdaşlıqla bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  

   * * *

 

   Luvr Muzeyinin direktoru Anri Luaret Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub.

   Qonağa məlumat verilib ki, təməli 2008-ci ildə qoyulan muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun birgə layihəsi əsasında inşa edilir. Qeyd edilib ki, xalça muzeyinin dördmərtəbəli yeni binasının ümumi sahəsi 18 min kv m olacaq. Burada həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulub. Layihədə binanın uzunluğu 121,25 metr, eni 22,3 metr, hündürlüyü 18,5 metr nəzərdə tutulub. Bina Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcək.

   Qonaq dünya mədəniyyətinin nadir incilərindən hesab olunan Azərbaycan xalçalarının qorunması və nümayiş etdirilməsi baxımından muzeyin yeni binasının tikilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

  

   * * *

 

   Fransanın Luvr Muzeyinin direktoru Anri Luaret mayın 5-də Bakının yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olub. Qonağa məlumat verilib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu yaradılıb. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabəlar, ovdan, qədim qəsrin qalıqları və s. var. 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. İki hektar ərazisi olan muzey-kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədərki dövrü əhatə edən qayaüstü rəsmlər, keramika, məişət, bəzək əşyaları və s. yerləşdirilib.

   Luvr Muzeyinin direktoru muzey kompleksini gəzib, buradakı eksponatlarla tanış olub. Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunun direktoru Fikrət Abdullayev məlumat verib ki, Azərbaycan ərazisi maddi-mədəniyyət nümunələri ilə zəngindir. Təkcə Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala qəsəbəsində ona bitişik ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Qonaq qədim abidələrdən olan Qavaldaş, Şüvəlan, Ağdaş düzü, Xaşaxuna, Zirə yaşayış məskənlərinin planına və s. abidələrə baxıb, muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

 

 

   Mədəniyyət.- 2011.- 6 may.- S. 3.