“İncəsənətimizi
xaricdə təmsil etmək hər sənətkar
üçün fəxrdir”
Mili təsviri sənətimizi
dünyaya tanıdan və beynəlxalq səviyyədə
tanınan sənətkarlarımızdan biri də Azərbaycan
Rəssamlar İttifaqının heykəltəraşlıq
bölməsinin sədri, Xalq rəssamı, heykəltəraş
Xanlar Əhmədovdur. O, Xorvatiya Respublikasının
paytaxtı Zaqreb şəhərində “Yeni era” Dünya Rəssamlıq
Akademiyasının vitse-prezidenti seçilib.
1946-cı ildə Bakıda anadan olub.
Zəhmətkeş ailəsində böyüyüb. Orta məktəb
illərindən rəssamlığa maraq göstərib. Onunla
qısa söhbətə də sənətə gəlişindən
başladıq.
-
Bildiyimə görə, ailənizdə, qohumlarınız
arasında incəsənət adamı olmayıb. Necə oldu
ki, uşaq vaxtlarından sizdə incəsənətə, rəssamlığa
maraq yarandı?
- Orta məktəb illərində
dayım Yusif Məmmədov tez-tez bizə gələrdi. O,
APİ-nin (indiki Pedaqoji Universitetin) professoru idi. Rəssam olmasa
da, yaxşı rəsm çəkirdi. Məhəllədə
uşaqları ətrafına toplayar, bizə şəkil
çəkdirərdi. Elə o vaxtdan məndə rəssamlığa
həvəs yarandı. Tədricən bu həvəs
böyük arzuya çevrildi. 1961-1966-cı illərdə Əzim
Əzimzadə adına Rəssamlıq Məktəbində
oxudum. Sonra Daşkənd Rəssamlıq İnstitutunda
(1966-1972) təhsilimi davam etdirdim.
-
Sovet dövründə adətən sənət adamları
Moskva, Sankt-Peterburq şəhərlərində təhsil
almağa üstünlük verərdi. Necə olub ki, siz
Daşkəndi seçdiniz?
- Əvvəlcə mən də elə
Moskva şəhərində təhsil alırdım. Ancaq
uşaq vaxtımdan ürək ağrıları və
ayaqlarımdakı yel xəstəliyindən əziyyət
çəkirdim. Ona görə də orqanizmim Rusiyanın
soyuq iqliminə uyğunlaşa bilmədi. Həkimlərin məsləhəti
ilə təhsilimi Daşkənddə davam etdirməli oldum. Təhsilimi
başa vurduqdan sonra Bakıya döndüm. Burada SSRİ Rəssamlar
İttifaqının aspiranturasına qəbul vardı.
Görkəmli heykəltəraş Ömər Eldarovun rəhbərliyi
altında həmin aspiranturanı bitirdim.
- İlk rəsm əsərinizi
xatırlayırsınız?
- 1959-60-cı illərdə ilk rəsmlərimi
çəkməyə başlamışam. O vaxt
“Görüş“ adlı bir rəsm əsəri çəkmişdim.
Onu indi də saxlayıram.
- Xarici ölkə muzeylərində
saxlanılan əsərləriniz varmı?
- “Lənkəran qadınları” əsərim
Moskvadakı “Şərq Xalqları Muzeyi”ndə
saxlanılır. Əsər 1975-ci ildə SSRİ Rəssamlıq
Akademiyasının bürünc medalına layiq
görülüb. Bir çox əsərim müxtəlif
mükafatlara: 1976-cı ildə Moskvada “Gənclər
mükafatı”na, 1982-ci ildə Ümumittifaq Xalq Təsərrüfatı
Sərgisində bürünc medala, 1995-1996-cı illərdə
isə ölkəmizdə “Humay” mükafatına layiq
görülüb. Azərbaycan İstiqlal Muzeyində
Xocalı faciəsinə həsr edilən sərgim
nümayiş olunub. Orada “Nalə”, “Ana körpəsi ilə“,
“Yanmış qadın”, “Ata fəryadı” və s. əsərlərim
sərgilənib. Həmin əsərlərim Türkiyədə
də, o cümlədən Ankarada Türkiyə Böyük
Millət Məclisinin foyesində nümayiş olunub.
- Dəzgah
və monumental heykəltəraşlıq sahəsində bir
sıra layihələrin müəllifisiniz. Son işləriniz
barədə nə deyə bilərsiniz?
- Son layihələr
sırasında metronun “Azadlıq prospekti” stansiyasında
görülən işləri göstərə bilərəm.
2010-cu ildə Arif Qazıyev və qardaşım Zakir Əhmədovla
birgə “Azadlıq prospekti” metro stansiyasında böyük həcmli
relyef əsərləri yaratdıq. Metronun foyesində Azərbaycan
tarixi abidələrini əks etdirən əsərləri
hazırladıq.
-
Bildiyimizə görə, Dünya Rəssamlıq
Akademiyasının fəxri üzvüsünüz. Bu
yaxınlarda isə həmin qurumun vitse-prezidenti
seçilmisiniz...
- Əvvəlcə onu qeyd edim ki,
Dünya Rəssamlıq Akademiyası 2009-cu ildə
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində
yaradılıb. Dünyanın müxtəlif ölkələrindən
40-dan çox sənətkar bu qurumun üzvüdür.
Prezidenti Anatoli Silovdur. Ötən il üç azərbaycanlı
rəssam bu qurumun fəxri üzvü seçilmişdi. Heykəltəraşlıq
üzrə mən, dekorativ-tətbiqi sənət üzrə Əməkdar
rəssam, mərhum Ənvər Qarayev və rəngkarlıq
üzrə Əməkdar rəssam Eldar Qurbanov. Bu ilin
fevralında Zaqreb şəhərində akademiyanın
növbəti toplantısı keçirildi. Həmin
toplantıda məni qurumun vitse-prezidenti seçdilər.
-
Dünya yeniləşir, hər şey sürətlə
inkişaf edir. Avropa ölkələrində sərgi
keçirmək dəb halını alır. Sizin də belə
planlarınız varmı?
- Rəssam üçün sərgi
keçirmək önəmli bir hadisədir. Harada
olmasından asılı olmayaraq rəssam əsərlərini
sərgiləyirsə, bu onun yaradıcılığı
üçün çox vacibdir. May ayında Dünya Rəssamlıq
Akademiyasının xəttilə Fransada sərgi keçirilməsi
gözlənilir. Sərgidə akademiyanın bütün
üzvləri öz əsərləri ilə
çıxış edəcək. Mən beş əsər
hazırlamışam. Xaricdə Azərbaycan mədəniyyətini,
milli incəsənətimizi təmsil etmək hər sənətkar
üçün fəxrdir. Eyni zamanda, bu, böyük məsuliyyətdir.
Ona görə də belə sərgilərə xüsusi səylə
hazırlaşıram.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 11 may.- S. 15.