“Qumru səsi”nin
daşıyıcısı
Uşaq vaxtı kənd toylarında məclisdəkiləri
öz şirin oxuları ilə ovsunlayan aşıq və xanəndələrə
həsədlə qulaq asan balaca Zeynal hərdən
özünü onların yerində təsəvvür edərdi.
Şirin səsi, avazı ilə artıq kənddə
tanınırdı. Yəqin ki, bu səs elə
Şamaxının Quşçu kəndindən kənara
çıxmayacaqdı, əgər xoş bir təsadüf
olmasaydı...
1999-cu ildə təcrübəli
tarzən, gənc istedadların üzə
çıxarılmasında böyük əməyi olan
Mehman Mikayılov Quşçuda toy apararkən kənd
adamlarının təkidilə onun səsinə qulaq asdı.
Bu, onun sənət gələcəyini müəyyənləşdirən
taleyüklü bir an idi. Tarzən Zeynalın oxuduğu “Bəstənigar
təsnifi”ndə təcrübəsizlikdən irəli gələn
müəyyən çatışmazlıqlar görsə də,
səsindəki ovsun və məlahət onu valeh etmişdi.
Odur ki, o, fikirləşmədən Zeynal Əhmədovu
Şamaxı şəhərinə - sənətlə ciddi məşğul
olmağa dəvət edir. Bu yerdə bir qədər irəli
gedib əlavə edək ki, Mehman Mikayılovun o vaxt artıq
27 yaşı vardı, ailə qurmuşdu. Odur ki, tarzən
M.Mikayılovun bu yaşda Zeynalı “sənət karvanı”na
qovuşdurmaq istəyi çoxlarına ümidsiz bir cəhd
kimi görünürdü. Amma o, nə etdiyini yaxşı
bilirdi və bu gün Quşçu kəndinin sakinləri
teleekranda Zeynalın çıxışlarını seyr edəndə
qürurlandıqlarını dilə gətirərək təcrübəli
musiqiçiyə “Sağ ol!” deyirlər.
Rayon mərkəzində
muğam dərsləri almağa başlayan Z.Əhmədov həm
də Şamaxı Mədəni-Maarif Kollecinə daxil olur.
Onun istedadına başqalarında inam yaratmaq üçün
M.Mikayılov Zeynalı 2000-ci ildə “Muğam”
assosiasiyasının keçirdiyi müsabiqədə
iştirak etmək üçün Bakıya aparır. İfa
təcrübəsinin azlığı bu yarışmada ona
yüksək yer tutmağa imkan verməsə də, o, burada
münsiflər heyətinin sədri, Xalq artisti İslam Rzayevdən
bu gün də unudulmayan, həm də əsl həqiqəti
ifadə edən ustad dəyərləndirməsi eşidir.
Zeynalın gələcəyinə böyük ümidlər
bəslədiyini dilə gətirən görkəmli sənətkar
onun səsinin çox bənzərsiz olduğunu, “qumru səsi”nə
oxşadığını dedi. Qeyd edək ki, gənc xanəndənin
çalışqanlığı tezliklə nəticəsini
verdi və o, 2002-ci ildə həmin müsabiqədə
oxuduğu “Mənsuriyyə” ritmik muğamına görə
III mükafata layiq görüldü.
Elə həmin il
Şamaxıdakı təhsilini (kollecin
kitabxanaçılıq şöbəsini) başa vuran Zeynal
Əhmədov muğam sahəsində ciddi təhsil almağa
qərar verir. Sənət idealı olan Xalq artisti Alim
Qasımovdan dərs almaq niyyətilə A.Zeynallı adına
Bakı Musiqi Kollecinə üz tutur. Buradakı sınaqdan
uğurla çıxan Z.Əhmədov iki il görkəmli muğam
ustası Alim Qasımovun tələbəsi olur. 2004-cü ildə
Ə.Məmmədov, C.Əkbərov, G.Məmmədova və
başqa sənətkarların qarşısında oxuduğu
“Şur” dəstgahı ilə qazandığı muğam
ustalığını nümayiş etdirən gənc xanəndə
təhsilini “əla” qiymətlə bitirir. Bir müddət sonra
AzTV-nin “Muğam saatı”nda oxuduğu “Bayatı-şiraz” dəstgahı
ilə tamaşaçı rəğbəti qazanır...
İndi o vaxtdan
yeddi il keçib. Təbii ki, bu müddət hər hansı
bir sənətçinin dəst-xəttinin formalaşması
üçün bir o qədər yetərli deyil. Odur ki, Zeynal
Əmədov üçün də ötən illər daha
çox axtarışlarla zəngin olub. Elə onunla söhbətimizdə
də gənc xanəndənin öz səs və ifa
idealına qovuşmaq yolunda ciddi axtarışlarla
baş-başa qaldığına əmin olduq. Bunu onun
geniş tamaşaçı və dinləyiciyə hələ
tanış olmayan lent yazıları da təsdiqləyir.
Muğama
vurğunluğunun Qədir Rüstəmov və Alim Qasımov
kimi səs və icra möcüzəsi sahiblərindən
qaynaqlandığını deyən Zeynal Əhmədov klassik
ifaçıları dinləməkdən usanmır. Yəqin
buna görədir ki, onun ifasında təqdim olunan musiqilərdə
zamanlar arasında ruhi-mənəvi əlaqə
duyulmaqdadır. Onun ifasında “Orta mahur”, “Şur”,
“Bayatı-Şiraz”, “Çahargah” muğamları, “Sarənc təsnifi”,
“Gül açdı”, “Segah təsnifi” və digər xalq
mahnıları bu cür estetik yüklüdürlər. Onun səs
potensialı istənilən xalq mahnısına yeni ovqat vermək
gücündədir. Muğamlarda az oxunan qəzəllərə
üstünlük verən xanəndə onların təqdimatına,
məna-məzmun yükünə, musiqinin ruhuna
uyğunluğuna xüsusi əhəmiyyət verir. İ.Nəsimi,
M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir və Ə.Vahidin qəzəlləri
onun repertuarında əsas yer tutur.
“Muğam-radio”nun internet
vasitəsilə yayılan repertuarında onun ifasında bir
neçə təsnifin yer alması da onun ifasının
özünəməxsusluğuna tanınmış muğam
mütəxəssislərinin inamının, bu çətin
seçimdə yüksək sənətkarlıq nümayiş
etdirməsinin nəticəsidir.
Zeynal Əhmədovun səsini
ölkəmizlə yanaşı, Türkiyə və
İranın muğamsevərləri də dinləyib dəyərləndiriblər.
Dinləyicilər onun “qumru səsi”nə,
duyğulandırıcı avazına heyran kəsiliblər. Elə
biz də inanırıq ki, bu səsin böyük konsert
salonlarından səslənəcəyi, milli irsimizi dəyərləndirənlərin
qürurla dilə gətirəcəyi gün uzaq deyil...
Ziyadxan Əliyev,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2011.- 11 may.- S. 15.