Milli təsviri sənətimizin simaları: Fuad
Əbdürrəhmanov
Azərbaycan heykəltəraşlığının
banilərindən biri, Xalq rəssamı Fuad Həsən
oğlu Əbdürrəhmanov 1915-ci il mayın 11-də Şəki
şəhərində anadan olub. 1929-1932-ci illərdə Azərbaycan
Dövlət Rəssamlıq Texnikumunda oxuyub. 1935-1939-cu illərdə
Y. Repin adına Leninqrad (Sankt-Peterburq) Boyakarlıq, Heykəltəraşlıq
və Memarlıq İnstitutunda təhsilini davam etdirib.
F.H.Əbdürrəhmanov
yaradıcılığa portret janrı ilə
başlayıb. 30-cu illərdə ən görkəmli ədəbiyyat
və mədəniyyət xadimlərinin büst-portretlərini
(Ə.B.Haqverdiyev, M.F.Axundov, Ü.Hacıbəyli, A.Zeynallı
və s.) yaradıb. Heykəltəraşın ilk monumental əsəri
olan dahi şair Füzulinin heykəli (1939) Nizami adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında
ucaldılıb.
Xalq rəssamı mahir
portret ustası kimi tanınıb. Onun
1947-1962-ci illərdə yaratdığı
S.Bəhlulzadə, R.Mustafayev,
H.Aslanov (qəbirüstü
abidə), B.Bağırova,
S.Vurğun və başqalarının portretləri
obrazların fərdi xüsusiyyəti, xarakterlərin
dolğun həlli ilə səciyyələnir.
Geniş yaradıcılıq diapazonuna malik Əbdürrəhmanov elm və
mədəniyyət xadimlərinin,
müharibə və əmək qəhrəmanlarının
surətlərini canlandıran
heykəl qalereyası
yaradıb. Sənətkarın
ən görkəmli heykəltəraşlıq əsərləri
sırasında dahi Nizami Gəncəvinin Bakıda və Gəncədəki abidələri
(hər ikisi tunc, qranit), Bakıda S.Vurğunun abidəsi (tunc, qranit), Sovet İttifaqı Qəhrəmanı
Mehdi Hüseynzadənin
monumental abidəsini (tunc,
qranit), “Azad qadın” heykəlini (tunc, qranit) və s. qeyd etmək olar.
Azərbaycan milli heykəltəraşlığının
təşəkkülündə və inkişafında Fuad Əbdürrəhmanovun
misilsiz xidmətləri
olub. Sənətkar
1942-1948-ci illərdə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
dərs deyib.
Görkəmli
heykəltəraş 1971-ci il iyunun
15-də vəfat edib.
Bakıda xatirə muzeyi
var.
Mədəniyyət.-
2011.- 11 may.- S. 14.