İslam gözəl etiqadı tərənnüm
edir
Şərqlə Qərbin
kəsişməsində, Şimalla Cənubun
qovuşuğunda yerləşən Azərbaycan mədəniyyətlər
arasında mühüm körpü rolunu oynayır,
sivilizasiyalararası dialoqa öz töhfəsini verir. Bəs
1400 ilə yaxın müddətdə İslam sivilizasiyasına
mənsub olan ölkəmizdə İslam mədəniyyətinin
təşəkkül tapması özlüyündə
hansı dini-mənəvi dəyərlərlə, elmi-mədəni
yeniliklərlə müşayiət olunub? Bu barədə
görkəmli şərqşünas (ərəbşünas)
alim, Qurani-Kərimin yorulmaz tədqiqatçısı, akademik
Vasim Məmmədəliyevlə söhbət etdik.
- Vasim müəllim,
İslam dininin Azərbaycana gəlişi özü ilə
hansı mədəni dəyərləri gətirdi?
- Din özlüyündə bir mədəniyyətdir.
Bu, ümumbəşəri bir hadisədir. Xristianlıqdan əvvəl
qədim Romanın, bütpərəst Yunanıstanın
öz mədəniyyəti var idisə, xristian dini bərqərar
olandan sonra o ərazilərdə ümumi Avropa (xristian) mədəniyyəti
yarandı.
Qafqazda ilk olaraq İslamı qəbul
etmiş dövlət Azərbaycan oldu. Azərbaycanda da
İslam mədəniyyəti bu dinin qayda-qanunlarına əsasən
yarandı. Bəzən insanlar sovet dövrünün
yaratdığı fikirlərlə düşünürlər
- guya İslam dini elmin, mədəniyyətin düşmənidir.
Bunlar əsassız fikirlərdir. Quranın ilk ayələri
elm, oxumaq sözləri ilə başlayır: «Yaradan Rəbbinin
adı ilə oxu», «İnsana bilmədiklərini qələmlə
öyrətdi». Elə bu ayələr İslamın elmə, mədəniyyətə
verdiyi qiymətin bariz nümunəsidir. İslam dinində
sağlam məntiqə, təfəkkürə zidd heç
bir şey yoxdur. O, sözün həqiqi mənasında sonuncu
kamil dindir. Bu din özündən əvvəlki dinlərin
müsbət xüsusiyyətlərini özündə əks
edib, dinə yeniliklər gətirib. Bunlar elm və
açıqfikirli olmaq xüsusiyyətləridir. Azərbaycanda
yaranan İslam mədəniyyəti ümumi İslam mədəniyyətinin
tərkib hissəsidir.
-
Amma İslamdan əvvəl Azərbaycan mədəniyyəti
artıq formalaşmışdı. İslam dininin təsiri ilə
hansı dəyişikliklər baş verdi?
- Təbii ki, Azərbaycan
İslamı qəbul edəndə artıq onun qədim mədəniyyəti
formalaşmışdı. Amma qısa müddətdə ərəb
ölkələrində və Abbasilər xilafətində
böyük mədəni inqilab baş verdi. Bundan sonra mədəniyyətin
inkişafı böyük vüsət aldı. Qədim mədəniyyətin
davamı kimi ölkəmizdə də daha inkişaf etmiş
bir mədəniyyət yarandı ki, bunu Azərbaycan İslam
mədəniyyəti adlandıra bilərik. Azərbaycanda
memarlıq, xəttatlıq, miniatür sənəti, fəlsəfə,
hədis alimləri və s. sahələrdə hələ o
dövrdə görkəmli alimlər, mədəniyyət
xadimləri meydana gəldi. Bunlardan Musa Şəhavat, Əbu
Musa əl-Əma, İsmayıl ibn Yaşar (VII əsrdə
yaşamışlar) və başqalarını qeyd etmək
olar. Ərəb mütəxəssisləri onların
yaradıcılığını yüksək qiymətləndirmişlər.
Xətib Təbrizi ərəb ədəbi tənqidinin ən
gözəl nümayəndələrindən biri hesab olunur. O,
ərəb poeziyasını mükəmməl şərh edən
Azərbaycan alimlərindəndir. Nizamiyyə mədrəsəsində
çalışıb. Bu mədrəsə
dövrünün akademiyası sayılırdı. Digər
bir elm xadimi İzəddin Zəncaninin yazdığı
qrammatik lüğət 500 ildən artıq ərəb
ölkələrində dərslik kimi istifadə olunub. Kəmaləddin
Ərdəbili, Nəsrəddin Tusi, Əbdülqadir
Marağayi, Səfiəddin Urməvi Şərq musiqisinin nəzəri
cəhətdən öyrənilməsində misilsiz xidmətlər
göstəriblər. Marağayi not sistemini yaradıb, müxtəlif
musiqi alətləri ixtira edib, mahnı və təranələr
bəstələyib. Yaxud götürək rəssamlıq sahəsini.
Bu sahədə də o dövrdə çox
tanınmış azərbaycanlı sənətkarlar olub: Kəmaləddin
Behzad, Ağa Mirən, Sultan Məhəmməd, daha sonralar Mirzə
Qədir İrəvani və s. Bir sözlə, elmin, mədəniyyətin
elə bir sahəsi yoxdur ki, Azərbaycan alimləri
bütövlükdə İslam mədəniyyətinə
öz töhfələrini verməsinlər.
- İslamda incəsənətin
bəzi sahələrinə qadağa qoyulması barədə
nə deyə bilərsiniz?
- Bunun da bəzi tərəfləri
var. Məsələn, deyilir ki, musiqi haram sayılır. Amma
hansı musiqi? Şit, bayağı! İslamın
yarandığı ilk vaxtlarda insanları bütpərəstlikdən
çəkindirmək üçün heykəltəraşlığa,
insan rəsmlərinin çəkilməsinə qadağalar
qoyulmuşdu. Bu günə kimi də bəzi islam ölkələrində
heykəltəraşlığa pis baxılır və bu sənət
bütpərəstlik nümunəsi hesab edilir. Bütpərəstlik
tam ləğv olunandan sonra, insanların şüuru
inkişaf edib, yüksəldikcə qadağalar da yumşalaraq
aradan götürülmüşdür. İslamda gözəl
musiqi haram olsaydı, muğam bu günə kimi gəlib
çıxmazdı. Quran özü musiqi üzərində
oxunur. Peyğəmbərimizin belə bir hədisi də
vardır ki, «Quranı avazla oxumayan bizdən deyil». «Quranın
1000 sirri varsa, onun birincisi gözəl səsdir». Azan
özü ən gözəl musiqidir! Yenə də qeyd edim
ki, İslam bayağı musiqinin əleyhinədir. Oxumaq əvəzinə
bədən üzvlərini nümayiş etdirmək, əlbəttə
ki, İslam qaydalarına ziddir.
- İslam dininin yeniyetmələrə,
gənc nəslə çatdırılması, düzgün
təbliği mühüm əhəmiyyət kəsb edir. Bu
barədə fikirlərinizi bilmək istərdik.
- Sovet dövründə dinə
qadağa qoyulmuşdu, din mövhumat, xurafat
adlandırılırdı. Amma qeyd edim ki, İslamın
özündə mövhumat, xurafat yoxdur. İslam sağlam məntiq
və təfəkkürə əsaslanan bir dindir. Ölkəmiz
müstəqilliyini bərpa edəndən sonra milli-mənəvi
dəyərlərə böyük qayıdış baş
verdi. İnsanlar, o cümlədən də gənclərimiz
dini öyrənməyə başladılar. İnsan ac
olduğu hər bir sahəyə həris olur. Təbii ki, avam
insanlar dini avamcasına, savadlılarsa daha səlis təqlid
etməyə başladılar: yaxşı tərəflərini
öyrənənlərlə yanaşı, fanatizmə
yuvarlananlar da oldu. Xaricdən ölkəyə müxtəlif təriqətlərə
bağlı ədəbiyyatlar gətirildi və
başladılar dinin özündən çox fanatik tərəflərini
təbliğ etməyə. Bəzi cavanlar belə təsirlər
altına düşdülər. Gənclərimiz bunun mahiyyətini
başa düşməlidirlər. Hansı ədəbiyyatın
düzgün olduğunu bilməlidirlər. Nəyin haqq, nəyin
batil olduğunu da həmçinin. Üzdəniraq din xadimlərinin,
məzhəbçilərin təbliğatlarına
uymamalıdırlar. Şükürlər olsun ki, bu gün
din Azərbaycanda elmi cəhətdən təbliğ olunur.
İslamı real, elmi şəkildə, olduğu kimi öyrənmək
lazımdır. Onu olduğu kimi öyrənmək, elə elmi
şəkildə öyrənmək deməkdir. İslam
gözəl etiqadı tərənnüm edir.
İslamda müəyyən
hökmlər var ki, bunlar zaman və şəraitə görə
dəyişir. Hökmlər iki cürdür: 1) vacib, dəyişməz
(oruc, namaz, həcc və s.); 2) zaman və dövrə şəraitə
görə dəyişən. Quranın təfsirlərində
İslam alimlərinin əsərlərindən oxuyub öyrənə
bilərik ki, müəyyən bir məsələ, elə
tutaq ki, hər hansı bir incəsənət və mədəniyyət
hadisəsi dövrə görə necə dəyişə
bilər. İslam dini zamanın, dövrün tələblərinə
layiqincə cavab verməyi bacaran çox çevik və
dinamik dindir. Bu səbəbdən də müasir dövrdə
Avropa ölkələrində İslama meyl edənlərin
sayı günü-gündən artır. Bunların əksəriyyəti
sıradan olan, adi insanlar deyil. Əksəriyyəti
ziyalılar, fiziklər, riyaziyyatçılar, elm və mədəniyyət
adamlarıdırlar. Avropalılar şərqlilər kimi
çılğın deyillər. Onların təbiətində
soyuqqanlılıq var. Onlar hər bir məsələni incələyib,
kökünə qədər öyrənirlər.
Şüurlarına hökm olursa, o zaman qəbul edirlər. Elə
bu cəhətdən də İslamı üstün hesab edərək
qəbul edirlər. Amerika, Fransa, Kanada, Braziliyada İslamın
çox sürətlə yayılması buna sübutdur.
- İnsan adətlərə,
yoxsa dinə uyğun yaşamalıdır?
-
İslam dini ümumbəşəri adətlərin heç
birinə mane olmayıb. İslam onu qəbul etmiş hər
hansı bir xalqın gözəl adət və ənənələrini
üzvi şəkildə əlaqələndirən,
onların inkişafına rəvac verən dindir. Buna ən
bariz nümunə Novruz bayramıdır. Məlumdur ki, Novruz atəşpərəstlikdən
gələn bir milli bayram, adət-ənənədir, təbiətin
oyanışı, dirçəlişidir. Novruzda yerinə
yetirilən ayinlərin əksəriyyətinin İslam dəyərləri
ilə ziddiyyət təşkil etmədiyi, əksinə,
onunla uyğunlaşdığı üçün bu
bayramın daha da təntənəli qeyd olunmasına şərait
yaranmışdır.
- Tez-tez eşitdiyimiz bir kəlmə
var: Avropaya inteqrasiya. Buna
münasibətiniz?
- Dünyada qloballaşma gedir. Bu o
deməkdir ki, dünya ölkələri bir-birinə
yaxınlaşır. Hətta dünya alimləri
dünyanı böyük bir kəndə, qitələri bu kəndin
böyük məhəllələrinə, ölkələri
bu məhəllələrin küçələrinə bənzədirlər.
Müasir kommunikasiya və nəqliyyat vasitələri
bugünkü yeniliklərlə elə anındaca tanış
olmağa imkan yaradır. Müasir zamanda heç bir ölkə
öz qınına çəkilib oturmur. Hər bir ölkə
müasir texnologiyadan yararlanaraq inkişaf etmək istəyir.
Hansı ölkənin elmi texnologiyası, sənayesi daha
güclüdürsə o, ön sırada gedir. Şübhə
yoxdur ki, ən qabaqcıl texnika Avropaya, Qərbə məxsusdur.
Bu səbəbdən də onları öyrənib və tətbiq
etməyə müsəlman ölkələrinin də
ehtiyacı var. İnteqrasiya - elmin, sənayenin təmərküzləşməsi
deməkdir. Qloballaşmanın müsbət tərəfləri
ilə yanaşı, mənfi xüsusiyyəti də var. Bu,
inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə
qazandıqları nailiyyətlə yanaşı, öz adət-ənənələrini,
mədəniyyətini həmin xalqlara sirayət etdirmək,
bir növ bu xalqları öz içərilərində əritmək
(milli varlıqlarını yox etmək) istəyidir. Bax bu məsələdə
ayıq-sayıq olmaq lazımdır.
Çalışmalıyıq ki, bütövlükdə bir
xalq kimi həm dini adət-ənənələrimizi, həm də
mədəni irsimizi hər zaman qorumağı bacaraq.
Lalə Azəri
Mədəniyyət.-
2011.- 11 may.- S. 6.