Bir əsrə sığmayan Adil İsgəndərov

 

   Böyük yaddaş, böyük zövq, böyük sevgi sahibi Adil İsgəndərov XX əsr Azərbaycan teatrının zirvəsində qərar tutub. Bu zirvədən milli teatrımızın ümumi mənzərəsi aydın və işıqlı görünür.

  

   Mayın 5-də Akademik Milli Dram Teatrında milli teatr sənətinin görkəmli xadimi, aktyor, rejissor, pedaqoq, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Adil İsgəndərovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi.

 

   Gecəni mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq Azərbaycan teatrının ən parlaq, ən istedadlı nümayəndələrindən biri, Azərbaycan teatr sənəti yaşadıqca yaşayacaq Adil İsgəndərovun xatirə işığına yığışanları salamladı. Qeyd etdi ki, Adil İsgəndərov Azərbaycan teatrını inkişaf etdirərək məbəd səviyyəsinə qaldıran rejissorlardan biri olub. Onun Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalar milli teatrımızda yeni səhifə açıb və bütövlükdə Azərbaycan teatrının inkişafına güclü təkan verib. “Təsadüfi deyil ki, teatrşünaslar, sənətşünaslar 1938-1960-cı illəri milli teatrımızın qızıl dövrü adlandırırlar. O illərdə Adil İsgəndərovun quruluş verdiyi hər bir tamaşa əsil sənət nümunəsi kimi teatr tariximizin şanlı səhifələrini yazıb”.

   Natiq çıxışında Adil İsgəndərovun quruluş verdiyi tamaşalar arasında özünəməxsus yeri olan “Vaqif” tamaşasından söz açdı. Qeyd olundu ki, 1938-ci ildə Səməd Vurğunun “Vaqif” dramını tamaşaya qoyan Adil İsgəndərov geniş bədii ümumiləşdirmələr, tipik xarakterlər və mizanlar, xalq dramına xas əzəmətli səhnələrlə zəngin olan “Vaqif” tamaşası ilə Azərbaycan səhnəsində bir inqilab etdi.

   İllər keçəcəkdi, stalinizmin tüğyan etdiyi bir dövrdə milli ruhda yazılan və milli ruhda səhnəyə gətirilən “Vaqif” iki dahinin - Səməd Vurğun və Adil İsgəndərovun birgə işi, birgə nailiyyəti, birgə uğuru kimi Azərbaycan teatrının nadir incilərindən birinə çevriləcəkdi.

   1949-cu ildə Adil İsgəndərov dünya dramaturgiyasına müraciət edir və V.Şekspirin “Otello” əsərini səhnələşdirir. Onun quruluş verdiyi “Otello” dünya teatr xəzinəsindən olan “Otello”larla bir səviyyədə dayanır və sənətşünaslar tərəfindən yüksək qiymətləndirilir.

   Nazir müavini Adil İsgəndərov yaradıcılığından danışarkən onu da qeyd etdi ki, sənətkar, ömrünün son illərinə qədər qurmaq, yaratmaq, həvəsi ilə yaşayırdı. Adil İsgəndərov məktəbinin bu gün də mövcud olduğunu, sonuncu tələbələri olana qədər də mövcud olacağını və teatr tarixində bu məktəbin həmişə yaşayacağını deyən nazir müavini sənətkarın görkəmli aktyor kimi yaratdığı obrazlar qalereyasından da danışdı: “Onun yaratdığı obrazlar bitkin və mükəmməl idi. Mən həmişə Adil İsgəndərov haqqında düşünəndə, gözlərimin önünə onun “Axırıncı aşırım” filmində yaratdığı Kərbəlayı obrazı canlanır: ötkəm, bütöv, səsində, hərəkətində bir amirlik olan, dediyindən dönməyən, son dərəcə parlaq bir şəxsiyyət. Adil İsgəndərov həm də böyük yaddaş, böyük zövq, böyük sevgi sahibi idi. Bu sevginin ünvanı bütövlükdə Azərbaycan idi. Qədirbilən xalqımız bu gün o sevgini yaşadır. Adil İsgəndərov məktəblərdə, teatrlarda, insanların qəlbində, xatirəsində, yaddaşlarda yaşayır”.

   Gecədə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət çıxış edərək Adil İsgəndərovu yeni Azərbaycan teatrının banisi kimi qiymətləndirdi. Adil İsgəndərovla Azərbaycan teatrında yeni bir dövrün başlandığını bildirdi. Sənətkarın milli teatrımızın inkişafındakı xidmətlərini yüksək dəyərləndirərək onunla bağlı xatirələrini bölüşdü.

   Adil İsgəndərovun lent yazısı səsləndirildi: “Teatr milli dramaturgiya olmadan yaşaya bilməz. Həm klassik, həm də tərcümə əsərləri onun yerini verməz. Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Hüseyn Cavidin əsərlərindən sonra teatrın səhnəsi birdən-birə boşaldı. Cəfər Cabbarlıdan sonra səhnədə üç ilə yaxın heç nə olmadı. Teatr müəllif axtarırdı. Yeni əsərlər gözləyirdi”.

   Adil İsgəndərov teatra yeni dramaturqlar cəlb edir, milli ruhlu əsərlər gözləyirdi. S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, V.Şekspirin “Otello”, N.Hikmətin “Türkiyədə” əsərlərini tamaşaya qoyan rejissor səhnəyə həyatilik və orijinallıq gətirmişdir.  

    Gecənin aparıcısı, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Adil İsgəndərov yaradıcılığı barədə gecə boyu iştirakçılara ətraflı və dolğun məlumat verdi. Məryəm xanım çıxışında Adil İsgəndərov yaradıcılığının mərhələlərindən, Adil İsgəndərovun teatra olan sevgisindən danışdı.

   Adil İsgəndərov teatrı xalqa sevdirə bildi. Tamaşaçı onun simasında sənət və sənətkarın əlçatmaz olduğunu hiss etdi. Adil İsgəndərov aktyoru adilikdən qeyri-adiliyə kimi yüksəldə bildi. Bütün bu uğurların arxasında isə Adil İsgəndərov şəxsiyyəti dayanırdı. Onun şəxsiyyətinin, böyüklüyünün sayəsində o dövrdə Azərbaycan teatrının bir çox görkəmli aktyorları repressiya qurbanı olmaqdan xilas ola bildilər.

   Ömrünün böyük bir hissəsi teatrla bağlı olsa da, Adil İsgəndərov 1966-1974-cü illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində işləyir. Azərbaycan kinosuna da öz töhfələrini verir. Canında-qanında olan milli ruh bu dəfə filmlərimizdə açıq-aydın hiss olunur. Onun rəhbərliyi ilə Azərbaycan kinosunun ən gözəl nümunələri yaranır. O, kino aktyoru kimi “Qara daşlar”, “Uzaq sahillərdə”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan rollar yaradır. “Əhməd haradadır?” filminə quruluş verir.

   Gecədə Akademik Milli Dram Teatrının aktyorlarının iştirakı ilə “Vaqif”, “Otello”, “Şeyx Sənan” tamaşalarından parçalar nümayiş olundu. Görkəmli sənətkarın nadir səs yazıları səsləndirildi.

   Xatırladaq ki, yubiley gecəsinin ssenari müəllifi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar incəsənət işçisi Atababa İsmayılov, rejissoru Rövşən Almuradlı idi.

   Adil İsgəndərovun 100 illik yubileyi də beləcə tarixin yaddaşına köçdü. Ancaq Adil İsgəndərov kimi şəxsiyyətlər zamana sığmır. Adil İsgəndərov Azərbaycan teatrının ən böyük hadisəsi kimi daima xatırlanacaq, yad ediləcək, anılacaq.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət .- 2011.- 11 may.- S. 5