Rusiya arxivində aşkarlanan mədəni irs nümunələrimiz təqdim edildi

 

   Azərbaycan xalqının musiqi folkloru əsərlərini ermənilər uzun illər öz adlarına çıxıblar

  

   Mayın 6-da Muzey Mərkəzində mədəniyyətturizm naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirdi. Tədbir bu yaxınlarda Rusiya arxivində aşkarlananuzun müddət erməni əsərləri kimi təqdim olunan milli folklor nümunələrimizə həsr edilmişdi.

  

   Əslində bu təcavüz uzun illər öncə, ermənilərin Cənubi Qafqazda tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə eyni vaxtda başlayıb. Azərbaycan musiqi mədəniyyəti irsinin zaman-zaman ermənilər tərəfindən mənimsənilməsi barədə indiyədək bir çox faktlar üzə çıxıb. Bu qəbildən bir sıra yeni faktlar bu yaxınlarda Rusiya arxivlərində aşkarlanıb.

   Mətbuat konfransında çıxış edən nazir Ə.Qarayev qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının mədəni irs nümunələri ilə bağlı xarici ölkələrdə - internetdə, arxivlərdə, dövrü mətbuatda dərc edilən məlumatları diqqətlə izləyir, müvafiq təhqiqatlar aparır. Bu yaxınlarda Sankt-Peterburqda, Rusiya Elmlər Akademiyası Rus Ədəbiyyatı İnstitutunun arxivində (“Puşkin evi”) musiqimizlə bağlı maraqlı faktların olduğu haqda məlumat əldə olunub bununla bağlı nazirliyin əməkdaşları Rusiyaya ezam ediliblər. Arxivlər tədqiq edildikdən sonra məlum olub ki, Azərbaycan musiqisi erməni adı altında sənədləşdirilib. Söhbət 1927-1929-cu illərdə indiki Ermənistan ərazisindəki azərbaycanlıların tarixi yurd yerlərində yazılmış folklor musiqisi fonoqramlarından gedir.

    Nazir Ə.Qarayevin sözlərinə görə, aşkar olunmuş bu fakt onu göstərir ki, ermənilər Azərbaycan mədəniyyətinə Sovet İttifaqı yeni qurulan vaxtlardan təcavüz etməyə başlayıb, ittifaqın o vaxtkı rəhbərliyi isə bunu dəstəkləyib: “Mən bunu erməni siyasətinin ölçülüb-biçilmiş strategiyası hesab edirəm. Bu, ermənilər tərəfdən Azərbaycan mədəniyyətinə atılmış bir atəşdir. Bu mövzu bizi ciddi şəkildə narahat etməlidir, bununla bağlı həyəcan təbili çalınmalıdır. Biz sübut etməliyik ki, bu nümunələr Azərbaycan xalqına məxsusdur”.

   Nazirliyin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov aşkarlanan səs yazılarının Azərbaycan dilində olduğunu dedi: “1927-1929-cu illərdə Cənubi Qafqazın kəndlərindən toplanan 4 saatlıq səsyazmalarda muğamlar, mahnı rəqslərimiz böyük yer tutur”. Məlumat verildi ki, arxiv sənədlərində “Rast”, “Cahargah”, “Hicaz”, “Mahur”, “Şur”, “Bayatı-Şiraz”, “Mirzə-Hüseyn” segahı, “Sarı gəlin”, “Koroğlu”, “Xalabacı”, “Otuz bir”, “Çoban bayatı” və başqa mahnı rəqslər Azərbaycan dilində ifa edilir. Adlar bizim, musiqi alətləri bizim, lakin qeydlərdə millət olaraqerməni” yazılıb”. Bu fakt ona dəlalət edir ki, həmin jurnalda qeydiyyata alınmış bütün fonoqramlar Azərbaycan folkloru nümunələridir.

   Rus Ədəbiyyatı İnstitutunun arxivindən gətirilmiş qeydiyyat sənədlərinin surətləri, habelə müasir Ermənistan ərazisində yerləşən Azərbaycan kəndlərinin adları jurnalistlərə təqdim edildi. Qeyd edək ki, bu nümunələr indiki Ermənistan ərazisində yerləşən Azərbaycan yaşayış məntəqələrində - Gülağac, Gözəldərə, Aşağı Ərcəman, Görüş, Qarakilsə, Bazarçay, Gərgər, Keşişkənd, Molla Göyçə, Şulaverən, Arxvəli, Qırxdəyirman, Quşbələk, Karvansara kəndlərində, həmçinin Tiflis, İrəvan şəhərlərində mexaniki səsyazma üsulu ilə yazılıb. Qeyd olunan kəndlərin adları hər şeydən xəbər verdiyinə baxmayaraq, sənədlərdəxalq” qrafasında “erməni” sözü yazılıb.

   Nazir Əbülfəs Qarayev deyib ki, bu qeydlərin rəqəmsal surətləri hazırlanıb və onların xüsusi əhəmiyyəti nəzərə alınaraq saxlanmaq üçün Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə təhvil veriləcək. Bu materiallardan elmi araşdırmalar üçün istifadə ediləcək.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 11 may.- S. 3.