Avstriyada
azərbaycanlı döyüşçülərə
abidə ucaldılıb
Mayın 7-də Avstriyanın Yuxarı Avstriya federal əyalətinin Ebenzee qəsəbəsində II Dünya
müharibəsi zamanı
burada yerləşmiş
əsir düşərgəsinin azad olunması münasibətilə anma mərasimi keçirilib. Burada azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirmək
üçün abidə
qoyulub. Azərbaycanın
Avstriyadakı səfirliyinin təşəbbüsü və
dəstəyi ilə yaradılmış xatirə lövhəsinin
açılışında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi
ilə səfirliyin əməkdaşları və bu ölkədəki Azərbaycan icmasının təmsilçilərindən
ibarət nümayəndə heyəti iştirak
edib.
Abidənin
açılış mərasimində çıxış
edən V.Əliyev Azərbaycanın II Dünya
müharibəsində həm
insan resursları, həm də təbii sərvətləri
ilə faşizm üzərində
qələbənin əldə
olunmasına böyük töhfələr
verdiyini vurğulayıb. O, Ebenzee qəsəbəsinin
rəhbərliyinə bu
torpaqlarda həlak olmuş soydaşlarımızın
xatirəsinin əbədiləşdirilməsinə
göstərilən dəstəyə görə Azərbaycan
hökuməti adından təşəkkür edib.
Ebenzee qəsəbəsinin
meri Hervart Loydl abidənin ucaldılmasına görə
Azərbaycan tərəfinə minnətdarlığını
bildirib, xatirə kompleksinin gələcək nəsillər üçün bir yadigar və eyni zamanda xəbərdarlıq
olduğunu qeyd edib.
Xatırladaq ki, Mauthauzen əsir düşərgəsinin filialı olan Ebenzee 1943-cü ildə
yaradılıb və 1945-ci ildə ABŞ ordusu
tərəfindən azad
edilənədək burada 27 mindən artıq hərbi əsir yerləşdirilib.
Onlardan 8 min nəfəri
məruz qaldığı işgəncələr nəticəsində
həlak olub. Azərbaycan
səfirliyinin araşdırmaları nəticəsində
hərbi əsirlər arasında 18 nəfər
soydaşımızın olduğu müəyyənləşib.
İndiyədək həmin
əsir düşərgəsində keçmiş
SSRİ ölkələri arasında
yalnız Rusiya və Ukraynanın analoji xatirə lövhələri
mövcud olub.
Xatırladaq
ki, 2001-ci ildə Mauthauzendə
həlak olmuş soydaşlarımızın
xatirəsini əbədiləşdirən
xatirə lövhəsi açılmışdı. Rəsmi
məlumata görə, müharibə illərində bu düşərgədə
81 nəfər azərbaycanlı əsir qətlə yetirilib.
Mədəniyyət.-
2011.- 11 may.- S. 4.