Səs ilahi vergi olanda...

 

   Əfsanəvi tenor Robertino Lorettini heyran qoyan Emin Eminzadə və İslam Qasımov böyük sənət yolunda inamla addımlayırlar

  

   Azərbaycan ictimaiyyəti onu dünya şöhrətli italiyalı müğənni Robertino Lorettinin Bakıdakı konsertindən sonra tanıdı. Dünya musiqisinin canlı əfsanəsi ilə eyni səhnəni bölüşən 13 yaşlı Emin öz ifası ilə zaldakı tamaşaçıların rəğbətini qazandı.

 

   Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, Milli Təhlükəsizlik Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi məktəbinin 3-cü sinfinin fortepiano bölməsində təhsil alan Emin Eminzadə tamaşaçıların yaddaşında belə qaldı.

  

   «Ən böyük arzum İtaliyanın məşhur opera səhnələrində çıxış etməkdir»

  

   «Uşaqlıqdan musiqiyə çox böyük marağım, həvəsim olub. Bu həvəssevgi məni Bülbül adına Musiqi Məktəbinə gətirdi. Bir il burada təhsil aldıqdan sonra sənədlərimi İlyas Əfəndiyev adına Elitar Gimnaziyaya verdim. Hazırda bu məktəbin 8-ci sinfində orta təhsil alıram. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistiyəm, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi məktəbinin 3-cü sinfində fortepiano bölməsində oxuyuram».

   Yeniyetmə ifaçı özünü qəzetimizə təqdim edərkən ilk olaraq bunları söylədi. Dediyinə görə, adətən əsas məşqlərini evdə edir. Bir dəfə növbəti məşqlərin birində valideynləri onda opera səsinin olduğunu fərq edirlər. Həmin gündən də Eminin yaradıcılıq istiqaməti müəyyənləşir.

   Eminin sözlərinə görə, Azərbaycanın görkəmli müğənniləri Rəşid Behbudov Müslüm Maqomayevin ifalarına daima qulaq asır. Dünya opera müğənnilərindən isə Andrea Boçelli, Robertino Loretti, Luçiano Pavarotti, Plasido Dominqo kimi sənətkarları dinləməyi çox sevir.

   Fevralın 13-də məşhur ifaçı Robertino Lorettinin Bakı konserti Eminin sənət yolunda bir sıçrayış olur. Qəhrəmanımızın həmin konsert haqqında təəssüratları da maraqlıdır: «Proqramdan bir neçə gün əvvəl müəlliməm Məryəm Babayevaya Mədəniyyət Turizm Nazirliyindən zəng edib bildirdilər ki, həmin konsertdə çıxış etmək üçün yeniyetmə ifaçılar seçilir. Bizim həmin seçimdə iştirak etməyimizi istədilər. Bu seçimdə mən və M.Babayevanın başqa tələbəsi - İslam Qasımov uğur qazandıq. Həmin konsertdə Robertino Loretti ilə eyni səhnəni bölüşmək xoşbəxtliyi də bizə nəsib oldu. Mən burada «Camayka» mahnısını ifa etdim. Sonra isə İslamla birlikdə «O Sole mio» mahnısını ifa etdik».

   Emin deyir ki, ən çox sevdiyi opera mahnıları italyan dilində olduğundan bu dili öyrənməyə çalışır. İngilis dilində isə sərbəst danışa bilir. Həmin proqramda da Robertino Loretti ilə italyanca danışır bu, Lorettinin çox xoşuna gəlir. Xüsusilə onun öz repertuarından mahnı ifa etməsi italiyalı müğənninin ürəyincə olur. Elə buna görə də əfsanəvi tenor Emini «Azərbaycanın Robertinosu» adlandırır.

   Eminin ən böyük arzusu isə gələcəkdə İtaliyanın məşhur opera səhnələrində çıxış etməkdir.

  

   «Eminin yolu artıq bəllidir»

  

   «Musiqi elə bir sahədir ki, buraya insanlar üç halda müraciət edirlər: səs irsi keçəndə, Allah vergisi olanda, birdüşdüyü mühitdən nəsə öyrənəndə. Mən hesab edirəm ki, bunların üçü Emində var». Bunu isə Eminin atası, Dünya Azərbaycanlıları Konqresinin humanitar mədəniyyət işləri üzrə sədr müavini Xəzər Emin bizimlə söhbətində bildirdi. Onun sözlərinə görə, Emində hələ 3 yaşında musiqiyə maraq yaranıb: «O vaxt bizim evdə tez-tez tanınmış sənətkarlar toplaşardı. Xalq artistləri Lütfiyar İmanov, Baba Mahmudoğlu, Habil Əliyev, Azər Zeynalov, İlhamə Quliyeva, Niyaməddin Musayev, şair Paşa Qəlbinur qonağımız olurdu. O zaman Azərbaycan televiziyası hələ peyklə dünyaya yayınlanmırdı. Mən İnternet vasitəsilə Azərbaycanın incəsənət xadimlərinin ifasını birbaşa canlı yayımla dünya azərbaycanlılarına çatdırırdım. O vaxtdan Emin sənət adamlarının çevrəsində olub».

   Atası deyir ki, Eminin gələcəyi özündən asılıdır. Çünki sənət elədir ki, gərək gündə ən azı 3-4 saat məşğul olasan: «Əgər öz üzərində işləməsə, getdikcə sənətini itirə bilər. Təbii ki, bu yolda Eminin ən böyük yolgöstərəni onun müəlliməsi Məryəm Babayevadır. Mən ilk dəfə Eminin səsini yoxlamaq üçün MTN-in Mədəniyyət Mərkəzinin musiqi məktəbinə apardım. Təsadüfən Məryəm xanım da həmin vaxt orada idi. Məktəbin direktoru Naidə Məmmədovanın otağında Eminin ifasını dinlədikdən sonra M.Babayeva onu öyrətməyi öz üzərinə götürdü. Artıq iki ildir ki, Emin Məryəm xanımın sinfində musiqi təhsili alır. M.Babayeva çox istedadlı pedaqoqdur. Bu baxımdan Eminin gələcəyindən arxayınam. Hazırda Emin 10-12 mahnı bilir. Bunlar həm Azərbaycanın xalq mahnıları, bəstəkar mahnıları, həm də ingilis italyan dillərində mahnılardır. Eminin yolu artıq bəllidir. Bizim valideyn olaraq borcumuz bu yolda ona dəstək olmaqdır».

  

   «Eminlə İslamın səsi ilahi vergidir»

  

   Qeyd etdiyimiz kimi, E.Eminzadə eyni zamanda Uşaq Filarmoniyasının solistidir. Filarmoniyanın direktoru Fərəh Şəkinskayanın sözlərinə görə, Emin onunla eyni sinifdə təhsil alan İslam Qasımov kimi istedadlar hər zaman doğulmur. Fərəh xanımın fikrincə, bu uşaqlardakı səs ilahi vergidir: «Eminlə İslam bizim bütün tədbirlərimizdə iştirak edirlər. Onların hər çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanır. Çox gənc olmalarına baxmayaraq, bu uşaqlar artıq özlərinə dinləyici auditoriyası toplaya biliblər. Onlar təkcə səsləri ilə deyil, həm tərbiyələri və davranışları ilə də başqalarından fərqlənirlər. Eminlə İslamın çox parlaq gələcəkləri var. Onlar öz üzərlərində çalışmalı, bu yolda yoruldum deməməlidirlər. Qismət elə gətirib ki, çox bacarıqlı və təcrübəli müəllimlə qarşılaşıblar. İnanıram ki, Məryəm xanımın köməyi ilə Eminlə İslam gələcəkdə Azərbaycanın çox tanınmış opera ifaçısı olacaqlar, onların səsi dünyanın ən məşhur səhnələrindən eşidiləcək».

  

   «Onun musiqi anlayışı genişdir»

  

   Azərbaycan Milli Konservatoriyanın dosenti, Əməkdar müəllimə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva isə deyir ki, ilk dəfə Emini dinləyəndə səsi onu cəlb edib: «Bir gün MTN-in Mədəniyyət Mərkəzinin nəzdindəki musiqi məktəbinin direktoru Naidə Məmmədovanın yanına gəlmişdim. Məktəbdə olduğum vaxtda xəbər gəldi ki, bir valideyn övladını musiqi məktəbinə - vokal şöbəsinə qəbul olmaq üçün gətirib. Naidə xanım onları qəbul etdi. Bir qədər söhbətdən və uşağı dinlədikdən sonra Naidə xanım məni Eminə göstərərək dedi ki, çox gözəl, artıq sizin müəlliməniz buradadır. Eminlə söhbət etdim. Elə ilk söhbətdən hiss olundu ki, onun musiqi anlayışı genişdir».

   Təcrübəli pedaqoqun fikrincə, hər bir insanda istedad tapmaq olar. Sadəcə olaraq, gərək həmin insanın əhatəsindəki mühit, çevrəsi peşəkar olsun: «Emin bacarıqlı istedadlıdır. Müəllimənin üzərinə düşən isə həmin bacarığı, istedadı üzə çıxarmaq düzgün yönəltməkdir. Mən tələbələrimin repertuarının geniş olmasına hər zaman diqqətli yanaşıram. Biz hazırda həm Azərbaycan klassik musiqisinə, xalq mahnılarına, eyni zamanda isə dünya klassiklərinin əsərlərinə müraciət edirik. Həm Eminin, həm İslamın repertuarında çox gözəl ariyalar var».

   M.Babayeva onu da bildirdi ki, gələn il Eminlə İslamın birlikdə solo-konsertini təşkil etmək niyyətindədir.

  

   İtaliyanın Azərbaycandakı səfiri gənc istedadlarla görüşüb

  

   Qeyd edək ki, bu yaxınlarda İtaliyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Mario Baldi Emin Eminzadə İslam Qasımovla görüşüb. Diplomat Azərbaycanda bu cür istedadlı uşaqların mövcudluğundan məmnun olduğunu deyərək onların İtaliya musiqisinə bu qədər yaxından bələd olmalarını yüksək qiymətləndirib. Səfir Emin Eminzadə İslam Qasımova sənət uğurları arzulayıb gələcəkdə onların İtaliyada hər hansı müsabiqədə iştirakına yardımçı olacağını bildirib.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 11 may.- S. 10.