Çövkən: at belində şücaət

 

   Şəkidə keçirilən Milli Atüstü Oyunlar Festivalında “ev sahibi” növbəti dəfə qalib oldu

  

   Mayın 6-dan 10-dək Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı keçirildi.

  

   Azərbaycan xalqının atüstü milli oyunlarının qorunub saxlanılması, xalqımızın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan qədim oyun ənənələrinin bərpası və gənc nəsildə bu sahəyə marağın artırılması, ölkəmizdə atçılıq turizminin təbliği məqsədilə təşkil olunan festival 2006-cı ildən keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Federasiyası və Respublika Atçılıq Turizm Mərkəzi ilə birgə keçirdiyi festivalda nazirliyin Aparat rəhbərinin müavini - Kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin Qeyri-maddi mədəni irs sektorunun məsləhətçisi Rəşad Əliyev, şəhər və rayonların mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak edirdilər.

  

   Doqquz komandanın mübarizəsi

  

   Çövkən, sürpapaq, papaq və atüstü güləş oyunları üzrə keçirilən festival Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialının yerləşdiyi Daşüz kəndində baş tutdu. Festivalla bağlı əsl bayram ovqatı yaradan hazırlıq işləri görülmüşdü. Turnirin keçirildiyi məkanda Şəki Uşaq İncəsənət Məktəbi şagirdlərinin atüstü milli oyunlarımızı əks etdirən rəsmlərinin sərgisi də tamaşaçılarda maraq doğururdu. 2010-cu ilin dekabrında keçirilmiş Prezident Kuboku uğrunda V çövkən milli oyununun nəticəsinə əsasən bu dəfə iştirakçı komandalar üç qrupa bölünmüşdülər: ”A” qrupu - Ağdam, Zaqatala, Goranboy; “B” qrupu - Şəki, Qax, İsmayıllı; “C” qrupu - Oğuz, Balakən, Yevlax.

   Milli Atüstü Oyunlar Festivalının açılış mərasimi mayın 7-də keçirildi. Mərasimdən əvvəl Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı, Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndələri Cavanşir Cəfərov, Fikrət Babayev və digər qonaqlar Atçılıq Turizm Mərkəzində yaradılan şəraitlə yaxından tanış oldular.

   Tədbiri giriş sözü ilə açan Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışdı, milli oyunların təbliğinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan və ənənəvi olaraq keçirilən festival gənc nəsildə milli mənəvi dəyərlərə, doğma tarixə, milli mədəniyyətə daha çox bağlılıq yaradır, mədəni irsə marağı artırır. A. İbrahimxəlilov tədbiri açıq elan etdi, iştirakçı komandalara uğurlar arzuladı. Sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Meydana dəvət olunan komandalar azarkeşlər tribunasının və rəsmi kürsünün önündən keçdilər. 

 

  Favoritlər bəlli idi: Şəki və Ağdam

  

   Günəşli hava iştirakçıların əsl mübarizə aparmağa imkan verirdi. İştirakçılar Ağdam və Şəki komandalarının daha çox hazırlıqlı olduğunu bildirirdilər. Hərçənd bu sadəcə təxminlər idi. Çövkən atüstü milli oyunu üzrə ilk qarşılaşma Ağdam və Zaqatala komandaları arasında baş tutdu. Oyun Qarabağ təmsilçilərinin 4:0 üstünlüyü ilə başa çatdı. Həmin gün Şəki komandası Qax komandasının qapısına qalib gəldi: 6:0. Qrupun ən maraqlı oyunu isə Balakən və Oğuz komandaları arasında baş tutdu. Maraqlı mübarizə şəraitində keçən oyun 3:2 hesabı ilə balakənlilərin üstünlüyü ilə başa çatdı. Bütün oyunlar boyu qara zurna sədaları oyunçuları qələbəyə səsləyirdi.

  

   Peşəkarlıq ildən-ilə artır

  

   Festivalın gedişi barədə iştirakçıların fikirlərini də öyrəndik. Növbəti oyuna hazırlaşan Qax komandasının üzvü Vüqar Kərimov mübarizənin heç də asan olmayacağını deyir: “İndidən nəsə demək tezdir. Atdan da, oyunçudan da çox şey asılıdır. Oyunda iştirak edən atlar xüsusi bəslənmə tələb edir. Şəki, Balakən komandalarını ciddi rəqib hesab edirəm”.

   Onun komanda yoldaşı Elçin Əmranov da söhbətə qoşulur: “Bundan əvvəlki oyunlarda sürpapaqda III yer tutmuşuq. Çalışacağıq ki, layiqincə mübarizə aparaq. İstərdik ki, bizim rayonda da belə bir atçılıq turizm mərkəzi yaradılsın. Mərkəz olsa davamlı və sistemli məşğul olarıq. Əcnəbi turistlər də bu oyunlara maraq göstərirlər”.

   Şəki komandasının üzvü Vüqar Seyidov isə qələbənin onların olacağına inanır: “Yarışlara ciddi hazırlaşmışıq. İnanırıq ki, ötənilki kimi, bu dəfə də festivalın qalibi olacağıq. Balakən, Oğuz, Ağdam komandaları da bizim qədər qələbəyə iddialıdır. Hiss olunur ki, onlar da ciddi hazırlaşıblar”.

   Oyunun hakimi Etibar Məmmədov da komandaların ötənilkindən fərqli olaraq daha ciddi mübarizə apardığını deyir: “Ötənilki oyunlarda daha böyük hesablı qələbələr qeydə alınırdı. Bu il komandalar daha məzmunlu oyun göstərirlər. Görünür ki, ciddi hazırlaşıblar”.

  

   Milli oyunlarımızın sadiq azarkeşləri

  

   Milli atüstü oyunları izləyənlər arasında müxtəlif yaşlarda insanları görmək olurdu. 70 yaşlı Əmrah Əmrahov da oyunu izləyənlər arasında idi. Ağdam komandasına azarkeşlik edirdi. Mədəni irsimizin tərkib hissəsi olan milli atüstü oyunların davamlı keçirilməsinə sevinir. 50 ildən artıq atçılıqla məşğul olan Firudin Yaqubov isə milli oyunları izləmək üçün Şəkiyə gəlib. Ancaq türk xalqlarında bu tip oyunların olduğunu deyir.

   Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyə Seyidova da azarkeşlər arasındadır: “Bu oyunlar əsl el şənliyi kimi keçirilir. Bu oyun iştirakçılardan qüvvə, cəsarət tələb edir. 2009-cu ildə Balakən komandası sürpapaqda I yeri tutub. İstəyirik ki, belə oyunları rayon daxilində də keçirək”.

   Respublika Atçılıq Turizm Mərkəzinin tibb bacısı Əsginaz Quliyeva da oyunları maraqla izləyir. Oyunlarda hələlik heç bir zədə olmadığını deyir. “Ötənilki oyunlarda iştirakçıların zədələri nisbətən çox olurdu. Amma bu il iştirakçıların peşəkarlığı artıb. Oyunçular gərgin mübarizə aparsalar da, bir-birinə hörmətlə yanaşırlar”.

  

   Milli oyunların əcnəbi izləyiciləri

  

   Atüstü milli oyunları izləyənlər arasında əcnəbilər də vardı. İngilis Jovanna Burton işi ilə bağlı Azərbaycanda fəaliyyət göstərir. Daşüz kəndindən avtomobillə keçərkən gənclərin at üstündə top qovmağını görüb. Avtomobili kənarda saxlayıb izləyicilərə qoşulub. Oyunu izləməkdən zövq aldığını deyir: “Burada hər şey çox gözəldir, xüsusilə atlar. Oyun da çox maraqlıdır. Bugünkü oyunları tam izləyə bilməyəcəyəm. Çünki yol üstündəyik. Sabah papaqla oyunların olacağını deyirlər. Sabah mütləq gələcəyəm”. Onun yol yoldaşı Elen Plennewout çövkənin milli oyun olduğunu biləndə çox təəccüblənir. O, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzvlərindəndir. “Mən Belçikadanam. Burada işləyirəm. Ölkəniz çox gözəldir. Bizim üçün belə oyunları görmək çox maraqlıdır. Məncə, Azərbaycana turist cəlb etmək üçün ölkənizin çox böyük potensialı var”.

  

   Ən yaxşı oyunçu

  

   Festivalda öz gözəl və məzmunlu oyunu ilə seçilən Oğuz komandasının kapitanı Rəhim Manafovun fədakar mübarizə əzmini görməmək mümkün deyildi. Onun özündən iki dəfə canlı-cüssəli olan Balakən təmsilçisini atüstü güləşdə atdan yerə salması alqışlarla qarşılandı. Onun sürpapaq oyununda dəfələrlə qol keçirməsi isə Oğuz komandasını qalib etdi. Rəhim Manafov həm də şəxsi birincilikdə I yerə layiq görüldü. Digər komandalar da onun oyununu, top qovmasını, atüstü güləşdə etdiklərini maraqla izləyirdilər.

  

   Qədim milli oyunlarımızın bərpası davam etdiriləcək

  

   Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirov milli atüstü oyunlar festivalına böyük marağın olduğunu deyir: “İlk dəfə atüstü milli oyunlara 8 komanda ilə başlamışdıq. Amma artıq bu gün 16 bölgə ölkə daxilində keçirilən çövkən milli oyunlarında iştirak etmək üçün komanda yaradıb”. E.Qədirov gələcəkdə digər atüstü oyunlarımızın da bərpasının planlaşdırıldığını deyir. “Fikirləşirik ki, başqa oyunlarımızı da bərpa edək. Onlar çox maraqlı oyunlardır. Çövkən, sürpapaq, papaq oyunları kimi onların da kütləviləşməyinə nail olmalıyıq. Baharbənd, zorxana kimi digər maraqlı oyunların bərpasını və təbliğini düşünürük”.

  

   Bu da son: Şəki növbəti dəfə qalibdir!

  

   Çövkən oyununun finalında 3 komanda mübarizə aparırdı. Proqnozlar özünü doğrultdu: Ağdam, Şəki və Balakən komandaları izləyicilərə maraqlı və həyəcanlı anlar yaşatdılar. Ağdam və Balakən komandaları üzərində inamlı qələbə qazanan Şəki komandası birinci yeri qazandı. Ağdam komandası II, Balakən komandası III yerə layiq görüldü. Sürpapaq oyunu üzrə Oğuz komandası I, İsmayıllı II, Zaqatala komandası isə III yerə çıxdı. Papaq oyunu üzrə Goranboy komandası I, Qax II, Yevlax komandası isə III oldular. Şəxsi birincilikdə isə hər kəsin gözlədiyi kimi Oğuz komandasının nümayəndəsi Rəhim Manafov fərqləndi. Festivalın bağlanış mərasimi mayın 9-da keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin diplom və müvafiq pul mükafatları komandaların kapitanlarına təqdim edildi. Qalib olub-olmamasından asılı olmayaraq hər kəs sevinirdi. Festival əsl el şənliyi kimi yekunlaşdı...

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 11 may.- S. 8.