“Sənətkar
yalnız azad olduğu zaman səmimi ola bilər”
Ağa Əli İbrahimov: “Təbiətə
yaxın olmaqdan, tərki-dünyalıqdan böyük zövq
alıram”
Onun
əsərlərinə tamaşa edərkən
düşünürsən ki, rəssam fırçanı əvvəl
ruhuna, sonra rənglərə batırıb çəkir. İrihəcmli
kətan üzərinə köçürülən həmin
rənglər sanki səni bir anlıq əlindən tutub
başqa aləmə, “həqiqət”in qarşısına
aparır. Həqiqət axtarışlarını Tanrıya
gedən yolda tapan Xalq rəssamı Ağa Əli
İbrahimovun bu yaxında 65 illik yubileyi münasibəti ilə
ilk dəfə olaraq fərdi sərgisi keçirildi. Rəssamla
görüşüb yaradıcılığı ilə daha
yaxından tanış olduq.
- Rəssamlığa nə vaxtdan
maraq göstərmisiniz?
- Uşaq yaşlarımdan musiqi ilə məşğul idim, tar sinfində təhsil alırdım. Bir gün gözəl bir may səhəri idi. Səhər yuxudan oyanıb pəncərədən küçəyə baxırdım. Yaşıl ağac, günəş, sərçələr nədənsə tamam başqa cür gözümə göründü. İlk təbiət mənzərəsini həmin gün çəkdim. Sonralar atam musiqi təhsilimi davam etdirməyimi xahiş etsə də, mən rəssam olacağımı deyirdim. Hətta “əgər rəssam olmasam, özümü öldürəcəyəm” deyib onları qorxutmuşdum. Sonra atam mənimlə razılaşıb musiqini rəssamlıqla paralel davam etdirməyimi şərt kəsdi. Rəssamlıqla bağlı ilk dərsləri görkəmli heykəltəraş Cəlal Qaryağdıdan öyrənmişəm. Rəngkarlıq təhsili aldığım müddətdə özümü bütün varlığımla rəssamlığa həsr etdim. İlk əsərimi də həmin təhsil aldığım illərdə Şuşada olarkən Cıdır düzündə çəkdim. 1965-ci ildə Tahir Salahovun təşəbbüsü ilə SSRİ-nin gənc rəssamlarının Azərbaycanda ilk sərgisi təşkil olundu. Həmin sərgidə mən də “Cıdır düzü” əsərimlə iştirak etdim. Sonralar “Sona bülbüllər”, “Stranivskinin musiqisi”, “Qarabağ çobanları”, “Toy” kimi irihəcmli əsərlərimi çəkdim. “Sona bülbüllər” eyniadlı musiqinin sədaları altında çəkilib. Bu əsərdə musiqiçilər gözləri qapalı təsvir olunduğu üçün müsabiqədən keçə bilmirdi. Hətta məndən “heç olmasa birinin gözünü aç” deyə xahiş etmişdilər. Lakin bu mənim ideyamdır. Sonra Ankarada Azərbaycan səfirliyinin açılışı zamanı bu əsər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyəyə göndərildi. “Qarabağ çobanları” əsərim isə hazırda Rusiyada muzeydə saxlanılır. “Novruz bayramı” əsərim də sovet dövründə müsabiqədən keçməmişdi. Əsərdə hamilə qadının əlində səməni tutması bayramın milli olmasına və illər sonra da qeyd olunacağına işarə idi.
- İndiyədək fərdi sərgi keçirməməyiniz nə ilə bağlıdır?
- 80-ci illərdən müxtəlif sərgilərdə iştirak etmişəm. Lakin Qarabağ müharibəsi, Xocalı faciəsi və s. məni özümə qapatdı. Bəlkə də mənə qalsydı, hələ də bu sərgini keçirməyəcəkdim. Fərdi sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdi. Nazir müavini Ədalət Vəliyev mənim yaradıcılıq emalatxanama baş çəkən zaman belə bir ideya yarandı. Sərgidə iştirak edən ziyalılar, dostlarım, gənclər, hətta xarici ölkələrdən gələnlər məni çox sevindirdi. Bu xoş anları mənə bəxş etdikləri üçün cənab nazir Əbülfəs Qarayev və sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
- Yaradıcılığınızda Tanrıya bağlılıq hissi özünü qabarıq göstərir...
- Bəşəriyyət mövcud olduğu dövrdən bütün insanları Tanrı, başlanğıc və son düşündürüb. Bütün yaradıcı insanların həqiqəti görmək, ona toxunmaq arzuları var. Təbii ki, insanların bu həqiqətə yanaşma tərzi də fərdi və müxtəlifdir. Əsərlərimdə səmimi olmağa çalışıram. Onlarda ürəyimi, ruhumu görmək mümkündür. Yaradıcılığımda daha çox həqiqətlə bağlı ideyaları qabartmışam. Məsələn, “İki mələk” əsərimi on ay ərzində işləyib bitirdim. Əsər başa çatanda ağlayırdım. Bu əsərə böyük enerji sərf etmişəm.
- Sizi ilhamlandıran nədir?
- Təbii ki, ilk növbədə gözəllik. İki yaşlı nəvəm Nurlan, tamaşaçı məktubu, zəngi. İlham almaq üçün o qədər gözəlliklər var ki... Bütün əsərlərimi musiqilərdən, Quran ayələrindən ilhamlanıb çəkirəm. Bəzən gecələri yatmıram. Hətta əsərimi tamamlayıb bitirəndə “Bunu mən çəkmişəm?” deyə təəccüb də edirəm. Əsərlərimi sanki mənə hansısa bir qüvvə çəkdirir. Tanrı onu hiss etmək üçün bizə imkanlar yaradır.
- Ruhunuzu ifadə edən rəng var?
- Rəssam zamanla inkişaf edir. Adətən qara, boz rənglərdən istifadə edirəm. Bəzən başqa bir rəng haqqında düşündüyüm halda tamam fərqli rəng alıram. Bu da həmin anda ruhun ifadəsinə bağlıdır. Özümü daha çox ağ rəngdə tapıram. Ağ rəngdə çox şeylər görmək mümkündür. Məsələn, “Rəssamın Allahı” əsərimdə hər şeydən keçib Allaha çatmaq istəmişəm. Həqiqət qarşısında fərqli bir işıq yaratmağa çalışmışam. Əsərdəki çəhrayı rəng isə ümid rəmzidir. “Toxunma” adlı əsərimdə yer üzündə özünə yer tapa bilməyən, İlahiyə qovuşmaq anında olan insan obrazı var.
- Yanaşmanızda dərvişlik hiss olunur...
- (gülür) Bilirsiniz, bütün insanlar tənhadır. Hər bir kəs Tanrının qarşısında öz əməllərinə görə cavabdeh olacaq. Eynşteyn deyir ki, Tanrını tanıdım, nəyi yaratdığını bildim, amma nə üçün yaratdığını bilmədim. Allah bizi bu dünyada həmin “nə üçün”ləri dərk etmək üçün yaradıb. Sənətkar yalnız azad olduğu zaman səmimi ola bilər. Yalnız bu zaman səmimi ola bilərsən. Həqiqəti təsvir etmək çox çətindir. Yenidən doğulsaydım, dərvişlik yolunu seçərdim. Təbiətə yaxın olmaqdan, tərki-dünyalıqdan böyük zövq alıram.
Söhbətləşdi:
Yeganə Cansail
Mədəniyyət.-
2011.- 13 may.- S. 11.