Ağsaçlı sənət ustası

 

    Onu həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının sərgilərində dəfələrlə görmüşdüm. Ağbirçək, nurani üzlü Zərifə Seyidəliyevanın sərgilərdə nümayiş etdirdiyi əl işləri hər kəsin diqqətini cəlb edirdi...

  

   Zərifə Seyidəliyeva 1931-ci ildə Bakıda doğulub. 1952-ci ildə Bakı Xalq Maarif Şöbəsi Pedaqoji Texnikumunu, 1957-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 13 yaşından bədii tikmə sənəti ilə məşğul olur. Uzun müddət məzunu olduğu ali təhsil ocağında müəllim kimi çalışan ağsaçlı müsahibimin dediyinə görə, bədii tikmə nümunələrinin hazırlanmasını ilk dəfə nənəsinin əl işlərində görüb: ”O vaxt mən uşaq idim. Nənəm qurama hazırlayardı. Tikmələr mənə çox maraqlı gəlirdi. Mən onda bilmirdim ki, bu qədim el sənətidir. Həmin tikişlərin texnikası çox çətin olurdu. Anam danışardı ki, nənəm gəlin gələndə o quramanı özü ilə gətirib. Sonradan nənəm anama öyrədib. Mən isə anamdan öyrənmişəm. Anam incəsənəti çox sevirdi və istəyirdi bu sənət yaşasın”.

   Zərifə xanım xalq tətbiqi sənətinin bədii tikmə növləri ilə məşğul olmaqdan zövq alır. Müəllim işləyərkən bir müddət sənətdən ayrı qalıb. 1995-ci ildən isə davamlı olaraq bədii tikmə ilə məşğuldur: “1995-ci ildə televiziyada qurama haqqında veriliş gedirdi. Evdə uşaqlıq illərindən qalan quramalar var, sandığı açıb onlara hərdən baxırdım. Proqramın təsiri ilə onlara baxıb tədricən tikmələri bərpa etdim. İndi boş vaxtlarım çox olur. Hər gün nəsə tikirəm. Bu iş mənə çox böyük zövq verir”.

   Zərifə Seyidəliyevanın xalq tətbiqi sənət nümunələrindən ibarət ilk sərgisi 1998-ci ildə L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyində təşkil olunub. Yaşının ahıl çağında el sənətinə olan sevgisi yüzlərlə əl işinin hazırlanmasına səbəb olub. Onun 17 dəfə fərdi sərgisi açılıb. 300-dən çox əl işi ABŞ, Avstraliya, Yaponiya, İngiltərə, İtaliya, Yunanıstan, İsrail, İran, Türkiyə, Rusiya, Norveç və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. O, kollektiv sərgilərdə də dəfələrlə iştirak edib. Bakıda təşkil olunan turizm sərgilərində də onun əl işləri maraqla qarşılanıb.

   Ağbirçək sənət ustası 80 yaşı olmasına baxmayaraq, yenə də gənclik həvəsi ilə əl işlərinin sayını artırmağa səy göstərir. Əsərlərinin çoxunu hədiyyə edir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, Milli Azərbaycan Tarixi Muzeyində, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyində, digər mədəniyyət və incəsənət müəssisələrində onun müəllifi olduğu və hədiyyə etdiyi əsərlərə rast gəlmək olar.

   O, 2000-ci ildə “Xalq tətbiqi sənət ustalarının respublika baxış müsabiqəsi”ndə tikmə bölməsi üzrə III mükafata, 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkil etdiyi həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət Respublika sərgisində III dərəcəli diploma, bu günlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təşkil olunan həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə mükafata layiq görülüb. “Şəhid anaları və uşaqları” cəmiyyətinin üzvlərinə, orta məktəb şagirdlərinə sənətinin sirlərini öyrədib.

   Xalq tətbiqi sənət ustası Azərbaycanın görkəmli şəxsiyyətlərinin portret janrında əsərlərini də yaradıb. Onun müəllifi olduğu bədii tikmə fonunda Heydər Əliyevin, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Məhəmmədhüseyn Şəhriyarın, Nəsibə Zeynalovanın portretləri müxtəlif mədəniyyət müəssisələrində nümayiş olunur.

   Bu gün də 80 yaşlı xalq tətbiqi sənət ustası yeni sərgisinə hazırlaşır. Deyir, Allah ömür versin, yaşadıqca bu sənətimizi yaşatmağa çalışacağam: “Allahdan bu yaşda yalnız cansağlığı arzulayıram ki, arzuladığım əl işlərimi də ortaya çıxara bilim. Təbii ki, bir də istəyirəm bu qədim el sənəti həmişə yaşasın...”

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 13 may.- S. 11.