“Arşın mal alan”ın ilk ekran variantı
Kino
tariximizdən
Dahi
bəstəkar, müqtədir musiqişünas,
yazıçı, alovlu publisist, ictimai xadim, maarifçi,
görkəmli pedaqoq... Bu, Üzeyir Hacıbəyli
yaradıcılığı şaxələrinin heç də
tam siyahısı deyil. Onun zəngin musiqi və ədəbi
irsi Azərbaycan mədəniyyətinin tükənməz xəzinəsidir,
xalqımızın mənəvi sərvətidir. Bu irs bir məktəbdir
- möhkəm özüllər üzərində qurulmuş
zəngin bir məktəb.
Milli operamızın,
operettamızın, simfonik, xor, kamera və vokal musiqimizin banisi
olan Üzeyir Hacıbəyli milli kinomuzun da
yaradıcılarından olmuşdur. Təsadüfi deyil ki, XX əsrin
əvvəllərində, “səssiz filmlər” çəkilən
zaman Azərbaycanda film çəkmək istəyən
rejissorların müraciət etdikləri ilk əsərlərdən
biri məhz “Arşın mal alan” idi. 1913-cü ildə operetta
kimi yazılan və böyük uğurla tamaşaya qoyulan
“Arşın mal alan” ilk dəfə kinoya da qədəm qoydu.
Kinotexnikanın bugünkü
inkişafı mövqeyindən yanaşanda adama elə gəlir
ki, musiqili komediyanın səssiz ekrana
çıxarılmasına cəhd göstərilməsi sadəlövhlükdür.
Lakin bu faktın özü kinomuzun təşəkkül
tapmasında, ədəbi əsərin ekran üçün
ilk dəfə alınmasında göstərilən səyləri
təsdiq edir.
“Arşın mal alan” filmi
1916-cı ildə çəkilmişdir. Film 7 hissədən
ibarət idi. O vaxtlar Bakıda fəaliyyət göstərən
“Filma” Səhmdar Cəmiyyətinin rejissoru Boris Svetlov çəkilişlərə
tanınmış səhnə aktyorlarını -
Hüseynqulu Sarabskini (Əsgər), Ələkbər
Hüseynzadəni (Sultan bəy), Mirzəağa Əliyevi
(Süleyman), Əhməd Ağdamskini (Gülçöhrə),
Yunis Nərimanovu (Gülcahan, titrdə belə yazılıb),
Aleksandra (Asya) və Yevgeniya (Telli) Olenskaya bacılarını
dəvət etmişdi.
Ötən əsrin əvvəllərində
azərbaycanlı qadın aktrisaların olmaması bu filmin
çəkilişində də özünü göstərmişdi.
Filmdə qadın rolları ya qeyri-azərbaycanlılara, ya da
kişi sənətçilərə həvalə
olunmuşdu. Əslində rejissor Bakıda fəaliyyət
göstərən rus teatrından qeyri-millətlərdən
olan aktrisaları dəvət edə bilərdi. Çünki
film səssiz idi, dialoqlar titrlər vasitəsilə verilirdi.
Lakin rejissor B.Svetlov “Arşın mal alan” operettası ilə
Film ilk dəfə 1917-ci il
yanvarın 3-də Bakıdakı “Forum” kinoteatrında
nümayiş etdirilir. Səssiz olduğuna görə onun təsir
gücü az idi. Əsər ekran üçün işlənərkən
öz gözəlliyini, təravətini və bədii qiymətini
xeyli itirmişdi. Buna görə də, salonda yerləşdirilmiş
xalq çalğı alətlərinin müşayiəti ilə
operettadan musiqi parçaları çalınır, Cabbar
Qaryağdıoğlu və digər xanəndələr
ariyalar ifa edirdilər. Tamaşaçılar filmə
böyük maraq göstərirdilər. Bununla belə filmin
keyfiyyəti Üzeyir bəyi və əsas rollarda
çıxış edən aktyorları narazı
salmışdı.
O dövrün mətbuatında -
“Sovqat” qəzetində belə bir məlumat dərc
edilmişdi: “Bakı. “Forum” teatrı tərəfindən
müsəlman həyatından alınmış “Arşın
mal alan” adlı komediya tamaşaya qoyulmuşdur. Bu komediya
qoyulduğu gün Şalyapinə (məşhur rus müğənnisi
Fyodor Şalyapinin konsertinə - red.) bilet almaq
üçün olan növbə bunun yanında müqayisə
ediləcək bir şey deyildi. Bu qədər böyük
müvəffəqiyyətə baxmayaraq, əsərin müəllifi
ilə bu filmi çəkənlər arasında olan
narazılıq üstə film ekrandan götürüldü.
Bizə verilən xəbərlərə görə, bu film
yenidən çəkiləcəkdir”.
Filmin nümayişinin
dayandırılması ilə əlaqədar “Forum”
kinoteatrının müdiriyyəti “Kaspi” qəzetində
geniş elan dərc etdirmişdi. Elanda
yazılmışdı: “Forum” teatrının müdiriyyətindən.
Hər cür dedi-qoduya yol verməmək üçün
“Forum” teatrının müdiriyyəti bildirir ki, “Arşın
mal alan” filmi heç də onun günahı üzündən
ekrandan çıxarılmamışdır. Müdiriyyət
filmi cənab Belyakovun kinematoqrafik lentlərinin prokat kontorundan
almışdır. Müdiriyyətin belə halda və
ümumiyyətlə, filmin müəllif hüququna heç
bir dəxli yoxdur. Teatrlar filmləri prokat kontorlarından əldə
edirlər. Bu kontorlar müəllif hüquqları ilə əlaqədar
nə varsa, hər barədə hökumət və müəlliflər
qarşısında cavabdehdirlər. Beləliklə, bu halda
“Forum” teatrının müdiriyyəti təsadüfən
ziyan çəkən tərəf olmuşdur. Mövcud
işlə bağlı maddi zərərə düşərək
müdiriyyət ona görə heç cür mənəvi məsuliyyəti
öz üzərinə götürə bilməz. Hörmətlə,
“Forum”un müdiri A.İ.Andreyev.”
Buna baxmayaraq, film sonradan
bütün Qafqazda nümayiş etdirilmiş,
tamaşaçılar tərəfindən maraqla
qarşılanmışdı. Və yenidən Bakı
tamaşaçılarının mühakiməsinə
verilmişdi. Bununla əlaqədar, “Kaspi” qəzetinin 1917-ci il
20 aprel tarixli sayında xəbər verilmişdi ki, 4 hissədən
ibarət “Arşın mal alan” komediyası Bakının
Malıy teatrında aprelin 20-dən 22-dək göstəriləcək
və filmi Şərq musiqi orkestri müşayiət edəcəkdir.
Bu film Ü.Hacıbəylidən gizli surətdə müxtəlif
vaxtlarda və müxtəlif şəhərlərdə gah 7,
gah da 4 hissədə nümayiş etdirilmişdir.
4 hissədən ibarət olan
“Arşın mal alan” filminin hər hissəsinin öz adı
var idi: “Cavan Əsgər ilə Vəlinin macərası”, “Gəlin
seçmək”, “Arşın mal alan”, “İkisi axtardı,
dördü evləndi”. Bu variant nümayiş etdirilməzdən
əvvəl 1-ci seansların bütün biletləri bir
neçə saat ərzində satılıb
qurtarmışdı. Bundan xəbər tutan Ü.Hacıbəyli
rəsmi dairələrə müraciət edərək,
öz müəlliflik hüququ ilə bağlı
etirazını bildirdi və müqəssirlərin məsuliyyətə
cəlb olunmasını tələb etdi. Məsuliyyətdən
yaxa qurtarmaq istəyən sahibkarlar “film yandı” deyib onu
Bakıdan çıxartdılar.
Hadisədən bir neçə
gün sonra Aşqabadda “Modern” kinoteatrında “Arşın mal
alan” filminin göstəriləcəyi yerli qəzetlərdə
xəbər verildi. Müəllif xəbər tutmağa macal
tapmasın deyə “yalnız bircə gün nümayiş
etdirildiyi üçün seans gündüz saat 4-də
başlanacaqdır” sözləri də elana əlavə
edilmişdi.
Film Aşqabadda bircə gün
göstəriləndən sonra Orta Asiyanın başqa yerlərinə
aparıldı. Sonralar elə həmin şəraitdə
Tiflis, Gəncə və başqa şəhərlərdə
göstərildiyini qəzet elanları xəbər verirdi.
1918-ci ildə Üzeyir Hacıbəylinin İrana getdiyini bilən
sahibkarlar filmi Bakıda da göstərdilər...
Haşiyə. Sovet dövründə
“Arşın mal alan” operettası iki dəfə lentə
alınmışdır: Birinci dəfə 1945-ci ildə,
ikinci dəfə 1965-ci ildə. 1945-ci ildə çəkilən
“Arşın mal alan” filmi Stalin mükafatına (sonralar
SSRİ Dövlət mükafatı
adlandırılmışdır - A.K.) layiq
görülmüşdür. Rusiya kinosunun 100 illiyi münasibətilə
aparılan sosioloji tədqiqatlar nəticəsində sovet
kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş
sovet filmlərinin və sovet ekranında uzun illər
nümayiş etdirilmiş xarici ölkə filmlərinin
arasından “100 sevimli film” seçilmişdir. Həmin filmlər
üç hissəyə - Qızıl, Gümüş və
Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə
istehsal olunmuş “Arşın mal alan” kinokomediyası məşhur
kino mütəxəssislərinin yekdil rəyi ilə
“Qızıl siyahı”ya daxil edilmişdir.
“Arşın mal alan” 1937-ci ildə
Amerikada ermənilər tərəfindən də çəkilib.
Film ekranlara həmin il martın 5-də buraxılıb. Filmin
rejissoru və Əsgər rolunun ifaçısı Setraq
Vartiyan idi. Titrlərdə Ü.Hacıbəylinin adı yox
idi. Bunun əvəzinə isə yazılmışdı:
“Şərq əfsanəsinin motivləri əsasında”.
50-ci illərdə Los-Ancelesdə
erməni dilində tamaşaların birində rejissor S.Vartiyan
Ü.Hacıbəylinin müəllifliyini qeyd etmişdi, lakin
proqram və afişada “Arşın mal alan” erməni
operettalarının kralıdır” sözləri çap
olunmuşdu. Göründüyü kimi, ermənilər nəinki
bizim mahnıları, digər mədəni irs nümunələrimizi,
həm də tamaşalarımızı öz adlarına
yazmaqdan çəkinməyiblər.
95 yaşı tamam olan
“Arşın mal alan” filminin ilk variantının başına
gələn əhvalatlar bunlardan ibarətdir.
Aydın
Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2011.- 13 may.- S. 10.