Azərbaycan turizmi Dubayda təqdim
edilib
Xəbər
verdiyimiz kimi, mayın 2-dən 5-dək Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərində ATM Beynəlxalq
Turizm və Səyahətlər sərgisi keçirilib.
Ölkəmizin turizm
potensialını sərgidə nümayiş etdirmək
üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
50 kvadrat-metrlik lövhə icarəyə
götürülüb. ATM sərgisində nazirliyin Turizm
şöbəsinin müdiri Aydın İsmiyev, şöbənin
Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi
Vüqar Şıxəmmədov, Marketinq və təbliğat
sektorunun aparıcı məsləhətçisi Leyla
Verdiyeva, həmçinin «Cəngi» rəqs ansamblının 4
nəfərlik qrupu iştirak edib.
Vüqar Şıxəmmədovun
sözlərinə görə, ATM-2011 sərgisində
dünyanın 69 ölkəsindən 320 turoperator, mehmanxana və
şirkət təmsil olunurdu: “Nazirliyin nümayəndə heyəti
ilə birgə Azərbaycandan “ENC Tours”, «Gilan Turizm», «Evro
Turizm» və «SW Turizm» şirkətlərinin nümayəndələri
da sərgidə iştirak edirdi. Bu şirkətlər tərəfindən
təklif olunan turlar barədə sərgi ziyarətçilərinə
ətraflı məlumatlar verildi. Sərgidə ziyarətçilər
Azərbaycan stendinə böyük maraq göstərirdilər.
Müxtəlif turların təşkil edilməsi məqsədilə
iştirakçı ölkələrin turizm şirkətləri
lövhəmizə müraciət edirdi. Onlara prioritet
sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri
haqqında ətraflı məlumatlar verilib və Azərbaycanda
fəaliyyət göstərən turizm şirkətləri ilə
tərəfdaşlıq qurmaq üçün imkan
yaradıldı. Bütün maraqlananlara ölkəmizlə
bağlı ətraflı məlumatlar verildi, turizm
potensialımızı təbliğ edən ərəb və
ingilis dillərində müxtəlif reklam-çap məhsulları
təqdim olundu”.
Həmsöhbətimiz bildirdi ki, sərgi
zamanı Azərbaycanın turizm potensialını əks etdirən
filmlər, reklam çarxları ziyarətçilərə
nümayiş etdirilib və milli musiqimiz səsləndirilib. “Cəngi”
ansamblının rəqs qrupu hər gün 2 dəfə rəqs
proqramı ilə çıxış edib: «Sərginin davam
etdiyi günlərdə Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın
İsmiyev yerli mətbuata və bir sıra beynəlxalq
KİV-lərə ölkəmizin turizm imkanları və Birləşmiş
Ərəb Əmirlikləri ilə Azərbaycan arasında
turizm sahəsində əməkdaşlıq haqqında
müxtəlif müsahibələr verdi. Onu da bildirim ki, builki
sərgidə Azərbaycanın lövhəsinə media təmsilçilərinin
də marağı böyük idi».
Qeyd edək ki, 2005-ci ildən
davamlı olaraq hər il keçirilən ATM-Dubay turizm sərgisində
Azərbaycan artıq 7-ci dəfədir təmsil olunur.
Fəxriyyə
Mədəniyyət.-
2011.- 13 may.- S. 9.