Müasir
dövrdə turizmin iqtisadi əhəmiyyəti
Mayın 3-4-də Qazaxıstanın paytaxtı Astanada “Yeni onilliyin qlobal riskləri ” mövzusunda IV Astana İqtisadi Forumu keçirilib.
Forumda “Müasir dövrdə turizmin iqtisadi əhəmiyyəti” mövzusunda da müzakirələr olub. Forumda iştirak edən Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılovun qəzetimizə bildirdiyinə görə, bu mövzu ətrafında müzakirələrdə iri turizm və mehmanxana şəbəkələrinin əməkdaşlığı, potensial müştərilər tapmaq, Qazaxıstanda turizm sənayesinin gələcək inkişafı üçün səmərəli yolların işlənib hazırlanması məsələləri gündəmə gəlib.
Tədbirdə Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai çıxış edərək bildirib ki, qlobal iqtisadiyyatda turizmin əhəmiyyəti ilbəil yüksəlir. Dövlətlərarası anlaşmada, cəmiyyətlərin yaxınlaşmasında bu sahənin çox böyük rolu var. Onun sözlərinə görə, yaxın 15 il ərzində bu artım daha geniş şəkildə müşahidə olunacaq. Dünyada turizmin inkişafı nəticəsində 560 milyondan çox insan işlə təmin olunub. DTT-nin hesablamalarına görə, yalnız 2010-cu ildə 14 milyondan artıq adam bu sektorda çalışmağa başlayıb.
Ç.İsmayılov konfrans zamanı DTT-nin baş katibi T.Rifai ilə görüşüb. Ona Azərbaycanda turizmin dövlət səviyyəsində dəstəklənməsi, «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair» Dövlət Proqramı və 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi barədə məlumat verib. DTT-nin baş katibi bütün bunlardan məmnunluq duyduğunu deyib və Azərbaycanda turizm sahəsində baş verən dəyişiklikləri yaxından görmək üçün ölkəmizə gələcəyini bildirib.
Qeyd edək ki, forumun işində dünyanın 80-dən çox ölkəsinin, o cümlədən MDB, Avropa və Amerikanın nüfuzlu ali təhsil müəssisələrinin, turizm şirkətlərinin, hotel və mehmanxana şəbəkələrinin nümayəndələri iştirak ediblər. Azərbaycandan tədbirə qatılan nümayəndə heyətinin tərkibində Turizm İnstitutunun əməkdaşları Dmitri Kiriçenko və Aytən Axundova da olub.
Aytən Axundova forumda “Böyük İpək yolu” mövzusunda məruzə edib. O, öz çıxışında bildirib ki, qədim İpək yolu üstündə yerləşən ölkələrin iqtisadi və mədəni sahələr üzrə birliyinə nail olmaq üçün bu qədim turizm marşrutunun bərpa edilməsi məqsədəuyğundur. Bu təklif forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 13 may.- S. 9.