Musiqili Komediya Teatrı
«Xanuma»nı təqdim etdi
Afaq Bəşirqızının arzusu gerçək
oldu
Mayın 10-da Musiqili Komediya Teatrı gürcü
dramaturqu A.Saqarelinin və bəstəkar V.Dolidzenin məşhur
«Xanuma» komediyasının premyerasını keçirdi.
Hələ 70-ci illərdə
Akademik Dram Teatrının səhnəsində SSRİ Xalq
artisti Hökumə Qurbanovanın oynadığı Xanuma
obrazı bu dəfə Azərbaycanın Xalq artisti,
gülüş ustası Afaq Bəşirqızının
ifasında təqdim olundu. Qeyd edək ki, tamaşa Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Gürcüstan sənətçiləriylə
birlikdə beynəlxalq layihə olaraq hazırlanıb. Tamaşanın
quruluşçu rejissoru Qoça Kapanadze, quruluşçu
dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov,
quruluşçu rəssamı Lomqul Murusidze, quruluşçu
baletmeysteri Xalq artisti Təranə Muradova, geyim üzrə rəssamları
Ketevan Titişvili və Tamuna Macaraşvili, konsertmeysterləri
Nərminə Əbdürrəhmanova və Emin Həsənov,
xormeysteri Vaqif Məstanov, dirijoru Fəxrəddin Atayev, rejissor
assistentləri Tamilla Aslanova və Mehman Cəfərovdur.
İki hissəli operettada
rolları xalq artistləri Afaq Bəşirqızı (Xanuma
Burtukaşvili), Arif Quliyev (Arçil), Əməkdar artist Səmayə
Musayeva (Nənə), artistlər Ələkbər Əliyev
(Knyaz Levan Pantiaşvili), Gülcahan Salamova (Kabato
Kartukanaşvili), Nahidə Orucova (Knyagina Tekla Pantiaşvili), Nərgiz
Kərimova (Keto), Fərid Əliyev (Kote), Əzizağa Əzizov
(Mixo), Əliməmməd Novruzov (Niko), Hüseyn Əlili
(Timote) ifa etdilər.
Tamaşada hadisələr
Gürcüstanda knyazlıq dövründə cərəyan
edir. Gürcü adət ənənəsinin yer
aldığı səhnə əsərində aktyorlar
tamaşaçıları həm güldürdülər, həm
də gülüş vasitəsilə saf məhəbbəti
göstərdilər. Baş rol ifaçısı A.Bəşirqızının
sözlərinə görə, bu tamaşanın səhnəyə
qoyulması onun arzusu olub: «Xanuma» əsərini Musiqili Komediya
Teatrının səhnəsinə gətirmək mənim
arzum idi. Eyni zamanda, bu rejissor Robert Sturanın ideyası idi. Bir
neçə il əvvəl «Satelkom» teatrında Robert Stura ilə
tanış olanda, o mənə belə bir təklif
vermişdi. Demişdi ki, Xanuma oynamaq istəyərsənmi? Mən
demişdim ki, böyük məmnuniyyətlə. Beləliklə,
«Xanuma» pyesi ilə tanış oldum. Sonra biz Gürcüstanla
yaradıcılıq əlaqələri yaratdıq . Robert
Stura ilə danışdıq. O dedi ki, xaricdə üç
tamaşa səhnəyə qoymalıdır. Odur ki,
özünün tələbəsi, Marcanaşvili və
Rustavelli teatrının rejissoru, eyni zamanda Heydər Əliyev
adına Azərbaycan-Gürcüstan teatrının baş
rejissoru Qoça Kapanadzeni məsləhət gördü. Teatrımızın
direktoru Əliqismət Lalayev Qoça Kapanadze ilə
danışdı, o, Bakıya gəldi. Tamaşa belə ərsəyə
gəldi».
A.Bəşirqızı rolundan razı olduğunu bildirdi: «Bu tamaşanın ərsəyə gəlməsinə görə hörmətli mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Məhz nazirliyin dəstəyi ilə bu tamaşa hazırlandı. Məncə, tamaşa yaxşı alınıb. Hər halda baxanlar belə deyirlər”.
Gülər
Mədəniyyət.-
2011.- 13 may.- S. 7.