“Teleskop”da gördüklərimiz

 

    Bu dəfə “Teleskop”la özümüz özümüzə baxdıq

  

   “Min gecədən biri”ni axtara-axtara “Bu dünyadan qatarlar gedər”, “Bir görüşün tarixçəsi”ni, “Mahmud Məryəm”i, “Bülbülün nağılı” qoparıb gedər. “ dəvə” baş alıb yol gedər, “Ölüm hökmü” bəndə verəndə, dünya qan gölündə üzər... Bütün gedişli-gəlişli yollar buğda dəni kimi dünyanın boğazından, qələmin ucundan keçər. Neçə ki, Elçinin qələmində zaman kəsişir, dünyanın əvvəli ilə sonu vərəqdə birləşir, bütövləşir. Qanı, qadağası, sevinci, kədəri, məhəbbəti, göz yaşı ilə birgə...

   Mayın 13-də sevimli yazıçımız Elçinin doğum günüdür. Azərbaycan ədəbiyyatında öz dəst-xətti, üslubu, həyata fərqli baxışı ilə seçilən Elçin ədəbiyyatımıza bir-birindən maraqlı əsərlər bəxş etməkdədir.

   80-dən çox kitabın, çoxsaylı publisistik məqalələrin, kinossenarilərin müəllifi olan yazıçı həmdünya ədəbiyyatının bir sıra klassik əsərlərini dilimizə tərcümə edib. Yazdığı əsərlər isə dünyanın 20-dən çox dilinə - ingilis, rus, fransız, çin, ərəb, türk, fars s. tərcümə edilib.

   Elçin qələmini dramaturgiya sahəsində sınayıb. Azərbaycan teatrında parlaq bir dövrə imza atmış İlyas Əfəndiyev ənənələrini davam etdirərək, teatrların çətin vaxtlarında «Ah, Paris, Paris...», «Mənim ərim dəlidir», «Salam, mən sizin dayınızam», «Mənim sevimli dəlim» onlarca insanı düşündürən, güldürən və ağladan mövzularla Elçin teatr səhnəsini yenidən canlandırdı.

   Ad günü ərəfəsində Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulan “Teleskop” əsəri isə yəqin ki, müəllifə ən yaxşı hədiyyədir.

   Mayın 11-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Teleskop” tragikomediyasının premyerası oldu. Premyerada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dövlət hökumət rəsmiləri, millət vəkilləri, mədəni ictimaiyyətin nümayəndələri, sənətsevərlər iştirak edirdi.

    

   Pərdələr açılır.

 

   I hissə

  

   Xalq yazıçısı Elçin bu dəfə qəhrəmanlarına teleskopun “gözü ilə” baxdı. Onun gördüklərini tamaşaçılar səhnədə gördü.

   Tragikomediya maraqlı bir süjet üzərində qurulub. Təsadüfi hadisə qurbanı başqa bir dünyaya düşür. Başqa dünyanın öz sakinləri, öz qanunları, öz meyarları var. Yerdən ayrılmış insanın heyrəti, təlaşı, tərəddüdləri uzun çəkmir. O dünyada keçmiş həyat yoldaşı ilə rastlaşır.

   Ölümünə inanmayan adamı yaşamaq, Yerə qayıtmaq istəyi tərk etmir. Axı yaşamağı necə ölümə dəyişmək olar?

   Bu dünyada olduğu kimi, o dünyada da heç nə nəzarətdən kənarda deyil. Sakinlərə teleskop vasitəsilə qoyub gəldikləri dünyaya baxmaq, yaxınlarını görmək imkanı yaradılıb.

   Tamaşanın qəhrəmanı gəldiyi dünyaya baxır. Hələ də reanimasiyada, koma vəziyyətindədir. Çox inandığı ailəsi, yaxınları, dostları...

   Onun barəsində hər kəs keçmiş zamanda danışır, inandığı həyat yoldaşı, hörmət etdiyi qaynanası onunla bağlı səhifəni qapatmağa hazırlaşır, uşaqları atalarının qoyub getdiyi pulu axtarır, ən yaxın dostu ən pis düşməni kimi onun barəsində danışır.

   Hər dəfə teleskopa baxdıqca Yerə qayıtmaq, yaşamaq istəyi azalır.

   Qəhrəmanımızı o dünyada qoyub fasilə elan edək.

 

   Birinci hissənin sonu... 

 

  “Teleskop” tamaşası ilk baxışdan fərqli rejissor yozumu ilə də diqqəti cəlb edir.

   Bu məqamda tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdanın keçdiyi sənət yoluna qısaca nəzər salsaq. 1999-cu ildən Finlandiyada yaşayan həmyerlimiz Stokholm İncəsənət Akademiyasını bitirib. Sankt-Peterburqda kukla teatrı rejissurası üzrə ikiillik kurs keçib. UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvüdür. 2003-cü ildə Finlandiyanın İmatra şəhərində sinkretik Qara Teatrını yaradıb. Bu teatrda “Balaca şahzadə”, “Kamenqonun nəğməsi”, “Qağayı”, “Cənnət”, “Klassik futbol”, “Şirlər və əjdahalar”, “Səhrada qadın”, “Qara ” tamaşalarına quruluş verib. Eyni zamanda bu teatrda “Hamlet”, Lappenranta Şəhər Teatrında “Addım səsi” və “Kreppin son qeydi” tamaşalarını hazırlayıb.

   Bakının müxtəlif səhnələrində - “Yuğ” Teatrında Kobe Abenin “Qumsallıqda qadın”, Rus Dram Teatrında Jan Anuyun “Torağay”, Elçinin “Cəhənnəm kirayənişinləri”, Kukla Teatrında “Qara” tamaşalarına quruluş verib. “Teleskop” isə rejissorun Akademik Milli Dram Teatrında quruluş verdiyi ilk tamaşadır.

   Qeyri-adi səhnə tərtibatı, maraqlı uğurlu işıq effektlərinin müəllifi isə məşhur səhnəqraf, Rusiyanın Xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Eduard Koçergindir. Eduard Koçergin Rusiyada, eləcə Finlandiya, Yuqoslaviya, Polşa, Macarıstan, Fransa, Almaniya, ABŞ, Kanada Yaponiyanın müxtəlif teatrlarında 200-ə yaxın tamaşaya tərtibat verib.

   Tamaşanın geyim üzrə rəssamı Eduard Koçerginin həyat yoldaşı Anna Koçergina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Rəfiqə Musayevadır.

  

   “Teleskop”dan daha nələr göründü?

 

   II hissə

  

   Tamaşa boyu gərgin, psixoloji məqamlarda rejissor rəqsə müraciət edir başqa dünyanın sakinləri mənəvi qidanı musiqidən və rəqsdən alır. Unutqan ailə üzvləri, vəfasız dostlar anbaan ölümü Yer adamına sevdirir. O, gündəlik qayğılardan, dedi-qodulardan uzaq ruh həyatını yaşayır. Get-gedə o da başqa sakinlər kimi teleskopdan uzaq qaçır, günlərin birində isə heç kim qoyub gəldiyi, inandığı, etibar etdiyi yaxınlarının ondan sonra necə düşündüyünü, necə hərəkət etməsini görməsin deyə teleskopun istiqamətini dəyişir. Əcəl vaxtı yetişməyən adamın səhvən o dünyaya aparılması böyük qalmaqal yaradır. Əzrailin milyon ildə bir olan səhvi düzəldilir. O dünyanın sakini yenidən Yerə göndərilir. Koma vəziyyətində olan adam dirilir. O yenə insandır. O, yenə yaşamalıdır.

   Sevinc, məyusluq bir-birinə qarışır: yaşamaq, yoxsa ölmək - qəhrəmanımız hansını seçəcək? Bu sualın cavabını müəllif və rejissor tamaşaçıların ixtiyarına buraxır...

   Tamaşa boyu qəhrəmanların komediya ilə faciə arasındakı durumu, yerində məqamında işlədilən atmacaların ünvanı İnsandır. Bu mənada “Teleskop” özümüzü özümüzə göstərən bir tamaşadır.

   Tamaşada rolları xalq artistləri Ramiz Novruz, Rafiq Əzimov, Hacı İsmayılov, Şükufə Yusupova, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əli Nur, Əjdər Həmidov, Mirzə Ağabəyli, Sevinc Əliyeva, Münəvvər Əliyeva, Hicran Nəsirova, Elşən Cəbrayılov, Məsmə Aslanqızı, Sabir Məmmədov, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elxan Quliyev, aktyorlar İlahə Həsənova, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Ləman İmanova, Rada Nəsibova, Nigar Güləhmədova, Elnar Qarayev, Elnur Qədirov, Rəşad Bəxtiyarov, Vüsal Mustafayev, Aslan Şirinov, Güney Əkbərova, Şəlalə Şahvələdqızı, Məhsəti Tahirzadə, Elşən Rüstəmov, Almaz Amanova Dilarə Nəzərova ifa edirlər.

   Baş rolun ifaçıları Əməkdar artist Füzuli Hüseynovaktrisa İlahə Həsənovanın ifaları isə tamaşa boyu alqışlandı.

   Tamaşa bitdi. Səhnəyə alqışlarla yanaşı, gül-çiçəklər yağdı və bu alqış seli altında “Teleskopun müəllifi Elçin səhnəyə qalxıb əsərinin qəhrəmanlarının əlini sıxdı.

  

 

   Təranə Vahid

 

   Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi

 

   Mədəniyyət.- 2011.- 13 may.- S. 7.