Avropa Şurasının mədəniyyət və mədəni irs komitələri Bakı Forumunun yekunlarını yüksək qiymətləndirib

 

   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 3-4-də Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin, ayın 5-6-da isə Mədəni irs üzrə Rəhbər Komitənin iclaslarında iştirak edib.

  

   İslasda təşkilatın strukturunda mədəniyyət sahəsində aparılacaq islahatlara dair AŞ baş katibinin təklifləri, müvafiq konvensiyaların icrası və yeni monitorinq mexanizmləri, mədəni hüquqların qorunması və Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlıq, mədəniyyətlərarası şəhərlər, mədəni marşrutlar, Kiyev təşəbbüsü regional proqramı, tarixi şəhərlərdə mədəni irsin bərpası layihəsi, “Sənətçilər dialoq naminə” layihəsi, 2012-ci ildə Rusiyada Avropa mədəniyyət nazirlərinin konfransının təşkili, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə Rəhbər Komitənin təsis edilməsi müzakirə edilib. Həmçinin bir sıra yeni layihələrin təqdimatları keçirilib.

   İclaslarda Azərbaycan prezidenti İlham Əliyevin himayəsi ilə aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumu geniş müzakirə olunub. Avropa Şurası rəhbərliyi tərəfindən yüksək qiymətləndirilən Bakı Forumu və onun nəticələrinin gələcəkdə təşkilatın fəaliyyətinə müsbət təsir edəcəyi, yeni yaradılacaq mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə Rəhbər Komitənin işi ilə tam uyğun olduğu iştirakçılar tərəfindən qeyd edilib. Avropa Şurası rəhbərliyi və iclasın iştirakçıları Azərbaycan hökumətinə belə bir mötəbər tədbiri təşkil etdiyinə görə təşəkkür edərək, Forumun davamlı olaraq keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

   Səfər çərçivəsində Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmerlə Bakı Forumunun nəticələrini müzakirə etmək məqsədi ilə görüş keçirilib. R.Palmer Forumun yüksək səviyyədə keçdiyini qeyd edərək onun daimi əsasda Davos formatında təsis edilməsini alqışladığını, bunun həm Azərbaycanın mədəniyyətinin təbliğinə, siyasi gücünün artırılmasına, həmçinin Avropa Şurası dəyərlərinin təşviqinə töhfə verdiyini, növbəti Forumun təşkilində nazirlik ilə əməkdaşlıq etməkdən məmnun olacağını bildirib.

   İclasda nazir müavini Sevda Məmmədəliyeva Bakı Forumu və onun nəticələri barədə məlumat verib, bu tədbirin hər iki ildə bir dəfə keçiriləcəyini, 2013-cü ildə növbəti Forumun təşkilinə hazırlığın başlandığını iştirakçıların diqqətinə çatdırıb.

 

 

   Mədəniyyət.- 2011.- 13 may.- S. 5.