Uşaq
xor kollektivləri müsabiqəsinin qalibləri yekun konsertlə
çıxış etdilər
Mayın 11-də M.Maqomayev adına Dövlət Filarmoniyasında Uşaq xor kollektivlərinin VII Respublika müsabiqəsinin qaliblərinin yekun konserti oldu. Konsertdən əvvəl tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva son illər ölkədə mədəniyyət sahəsində həyata keçirilən işlərdən danışdı.
Bildirdi ki, respublikada müxtəlif səviyyəli müsabiqələrin təşkili ənənə halını alıb və musiqisevərlər ölkə və beynəlxalq miqyaslı tədbirlərdə böyük həvəslə iştirak edirlər: “Hər il aprel ayında xor kollektivlərinin müsabiqəsinin təşkili musiqi bayramına çevrilir. Budəfəki müsabiqə göstərdi ki, iştirakçıların ifaçılıq səviyyəsi ildən-ilə yüksəlir, repertuar zənginləşir, səhnə mədəniyyəti artır”. S.Məmmədəliyeva qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş müsabiqənin təşkilində məqsəd respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq yaradılmasıdır.
Qeyd olundu ki, Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsi aprelin 4-dən 28-dək zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində və Ağcabədi rayonunda keçirilib. Tədbirdə respublikanın şəhər və rayonlarından 10000 nəfərdən çox şagird iştirak edib. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti, professor Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 200-dən çox uşaq xor kollektivinin çıxışını qiymətləndirib.
Nazir müavini qalibləri təbrik edərək onlara yeni uğurlar arzuladı.
Sonra müsabiqədə I, II və III mükafata layiq görülən xormeysterlərin mükafatlandırma mərasimi keçirildi.
Münsiflər heyətinin qərarına əsasən, xormeysterlər Tatyana Yatsenko (Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi Məktəbi) Qran Pri mükafatına, Məhin Orucova (Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbi) və Zemfira Nurullayeva (Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbi) I mükafata, Səidə Göyçayskaya (Bakı şəhər R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi), Nailə Nəhmədova (Bakı şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi) və Səbinə İbrahimova (Naxçıvan Muxtar Respublikası Ordubad şəhər Uşaq Musiqi Məktəbi) II mükafata, Teymur Cəbrayılov (Bakı şəhər R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi), Aytən Qədirova (Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi), Vüsalə Məmmədova (Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Uşaq Musiqi Məktəbi) və Eldar Bayramov (Ağcabədi rayon Ü.Hacıbəyli adına Uşaq İncəsənət Məktəbi) III mükafata layiq görülüblər.
Müsabiqədə fərqlənmiş Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Şirvan şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xaçmaz, Goranboy, Göygöl, Kəlbəcər, Kürdəmir, Qax, Qobustan, Quba, Qubadlı, Qusar, Saatlı, Salyan, Samux, Siyəzən, Şuşa, Tərtər, Ucar rayonlarının uşaq xor kollektivləri, xormeyster və konsertmeysterləri fəxri fərmanlarla təltif olundular.
Sonda konsert proqramı təqdim edildi.
Konsertdə müsabiqə qalibləri olan xor kollektivlərinin
ifasında musiqi nömrələri səsləndirildi.
Ceyhun
Mədəniyyət.-
2011.- 13 may.- S. 4.