İstiqlal
Muzeyini yaradanlar:
Hüseyn
Mirzəcamalov
Azərbaycan Xalq Cümhuriyyətinin
mədəniyyət tariximizə bəxş etdiyi töhfələrdən
biri də ölkəmizdə ilk dövlət muzeyi -
İstiqlal Muzeyinin yaradılmasıdır. Onun təşkilində
dövrün tanınmış maarifçi xadim və sənətşünaslarından
biri Hüseyn Mirzəcamalovun mühüm xidmətləri olub.
18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində
bu tarixə nəzər salmaq istədik. Mövzu ilə
bağlı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
əməkdaşı, tədqiqatçı Ənvər
Çingizoğlu ilə söhbət etdik:
- Hüseyn Məmiş oğlu Mirzəcamalov
1878-ci ildə
Mənim könlüm fəraq
içrə fəraqlar ilə oynar,
Nigari-bivəfaya bax, gedib əğyar
ilə oynar.
Əcəbi taleyi vardır şanənin
billah,
Olub məhrəm vüsal içrə
o zülfü tar oynar.
Məzəmmət bülbülə
yoxdur, əgər ki, ahuzar eylər,
Necə səbr eyləsin
bülbül, gedib gül xar ilə oynar.
Vüsali asi səs yetməz fəraq
içrə qalıb həsrət,
Onun şövqü ilə hərdən
qəzəl əşhar ilə oynar...
- İstiqlal Muzeyinin
yaradılmasında H.Mirzəcamalovun fəaliyyəti barədə
nə deyə bilərsiniz?
- Məlum olduğu kimi, Azərbaycanda
ilk rəsmi dövlət muzeyi olan İstiqlal Muzeyi 1919-cu il
dekabrın 7-də Azərbaycan Parlamentinin
yaradılmasının ildönümü münasibətilə
fəaliyyətə başlayıb. Muzey geniş profilli mədəniyyət
müəssisəsi kimi nəzərdə tutulmuşdu. O vaxt
parlamentin binasında yerləşən muzeyin
formalaşmasında H.Mirzəcamalovun böyük xidmətləri
olub. Muzeyə təhvil verilən ilk eksponatların
siyahısında Quran əlyazmaları, bəzək əşyaları,
ayrı-ayrı dövrlərə aid silahlar, sikkələr,
xalq tətbiqi sənət və qədim məişət
nümunələri vardı. Təhvil-təslim aktı
formasında “Həmişəlik Azərbaycan Parlamanı
ixtiyarında olaraq hələlik parlaman imarətində təsis
edilən «Müze İstiqlal» adına müəssislər tərəfindən
toplanmış olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə
təhvil verilməsi haqqında Şərait” adlı sənəd
tərtib edilir. Sənədi muzeyin yaradıcıları -
görkəmli sənətşünaslar Hüseyn Mirzəcamalov,
Məhəmməd Ağayev və Azərbaycan Parlamenti sədrinin
müavinləri Həsən bəy Ağayev, Sultan Məcid Qənizadə
imzalayıb. Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin
açılışına hazırlıq ərəfəsində
tərtib olunub.
- Deməli, bu həm də Azərbaycanda
muzeyin təşkili və fəaliyyətini tənzimləyən
ilk hüquqi sənəd olub?
- Elədir ki, var. Bu sənəd
toplusunda muzeyin əsasnaməsi, uçot-mühafizə
üzrə təlimatı və fond-satınalma komissiyası
haqqında əsasnaməni əvəz edən müddəalar
yığcam şəkildə öz əksini tapıb. Orada
göstərilir ki, muzeyə verilən hər bir əşya
milli sərvətdir. Gələcəkdə əşya sahiblərinin
ailə üzvləri onları geri tələb edə bilməzlər.
Muzeyə hədiyyə olunmuş əşyalar geri
qaytarılmır. Muzeyin təşkili və fəaliyyəti
ilə bağlı bütün xərcləri Parlamentin Rəyasət
Heyəti öz öhdəsinə götürür. Sənəddən
görünür ki, gələcəkdə muzey
üçün xüsusi binanın ayrılması, yaxud
tikilməsi və nəzdində zəngin kitabxananın
yaradılması, proqram və nizamnamənin hazırlanması
və s. nəzərdə tutulubmuş.
İstiqlal Muzeyi beş aya yaxın
- 1920-ci il aprelin 28-dək fəaliyyət göstərib.
Bununla belə, o müstəqil Azərbaycan dövlətinin
yaratdığı mədəniyyət müəssisəsi
kimi tarixdə qalıb. Sovet hakimiyyəti qurulduqdan sonra
İstiqlal Muzeyi ləğv olunsa da, bir mədəniyyət
müəssisəsi kimi yeni və gələcəkdə
yaradılacaq muzeylərin təşkilində təməl
rolunu oynayır. Onu da qeyd edək ki, Azərbaycan müstəqilliyini
bərpa edəndən sonra (1991) İstiqlal Muzeyi də yenidən
yaradıldı.
- Hüseyn Mirzəcamalovun
sonrakı taleyi barədə hansı məlumatlar var?
- Sovet hakimiyyəti qurulandan sonra
milli hökumətin üzvləri Türkiyəyə və
Avropanın müxtəlif ölkələrinə mühacirət
edirlər. Hüseyn Mirzəcamalov da Türkiyəyə gedir,
orada uzun ömür sürür. 1974-cü ildə Istanbulda
dünyasını dəyişir. Onun Türkiyə həyatı
ilə bağlı hələlik əlimizdə elə bir məlumat
yoxdur.
Savalan Fərəcov
Mədəniyyət.- 2011.- 18 may.- S.
15.