Tarixin
yaddaşı
Dünənimizi, keçmişimizi xatırlayanda
tariximizi vərəqləyirik. Bu tarixi yaşadan məkanlardan
biri isə muzeylərdir. Mirzəağəli Əliyev
adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi də
belə bir yaddaş saxlancıdır.
Muzey 1924-cü ildə yaradılıb,
lakin II Dünya müharibəsində fəaliyyəti
dayandırılıb. Sonrakı illərdə yenidən fəaliyyətə
başlayıb. Respublika hökumətinin qərarı ilə
1979-cu ildə muzeyə onun ilk təşkilatçısı,
görkəmli maarifpərvər ziyalı Mirzəağəli
Əliyevin adı verilib. 1991-ci ildən muzey XIX əsr
memarlıq abidəsi olan Mirəhmədxan
Talışınskinin mülkündə (şəhərin S.
Axundov küçəsində) fəaliyyət göstərir.
Muzeyin ekspozisiyası altı bölmədən ibarətdir. Təbiət, ən qədim dövr, orta əsrlər, yeni dövr, ən yeni dövr (1917-1945-cı illər), müasir dövr (1945-ci ildən indiyədək).
İlk tanışlıq təbiət bölməsindən başlanır. Burada rayonun ərazisində bitən və adı “Qırmızı kitab”a düşmüş nadir ağaclar, dərman bitkiləri, heyvanlar barədə məlumatlar toplanıb. Muzeydə qədim dövrlərə aid tapıntılar içərisində misgərlik sənəti nümunələri mühüm yer tutur. XIX əsrə aid bu nümunələrdə babalarımızın zövqü, sənətə sevgisi əksini tapıb. Onlara ötəri, həyəcansız baxmaq mümkün deyil. İnqilaba qədərki dövrdə yerli əhalinin işlətdiyi məişət əşyaları, döyüş silahları, qadın bəzək əşyaları və müxtəlif dövrlərin pul vahidləri böyük maraq doğurur, bir anlığa tamaşaçını keçmişə aparır.
Yeni dövrə aid bölmədə Nəriman Nərimanovun həyat və fəaliyyəti, ayrı-ayrı illərdə çap olunmuş əsərləri, fotoşəkillər nümayiş olunur. Burada görkəmli bəstəkar Müslüm Maqomayevin Lənkəranda müəllim işlədiyi dövrə aid fotoşəkillər, qiymətli sənədlər də yer alıb. Muzeydə onun yaradıcısı Mirzəağəli Əliyevə həsr olunmuş bölmədə onun şəxsi əşyaları, maarifçiliyi təbliğ edən materialları, görkəmli şərqşünas B.V.Millerin ona yazdığı məktublar, müxtəlif qəzet və jurnallarda dərc olunmuş şeir, məqalələri saxlanılır.
“İlk maarifçi xadimlər...” bölməsində Lənkəranda ilk rus-tatar (Azərbaycan) məktəbinin təşkilatçısı Teymurbəy Bayraməlibəyovun, rayonda ilk Azərbaycan qızlar məktəbini yaradıcısı, I Ümumittifaq müəllimlər qurultayının nümayəndəsi Məryəmxanım Bayraməlibəyov və başqalarının fəaliyyətini əks etdirən fotolar muzeyə gələnlərin marağını cəlb edir.
Muzeyə baxdıqca bu qiymətli nümunələri toplayanlara “çox sağ ol” deyirsən. VIII-IX əsrlərə aid memarlıq abidəsi Bəlləbur qalasının tikinti materialları nümunələri, qalanın ətrafında tapılmış əşyalar xüsusi yer tutur. XX əsrin əvvəllərində Lənkəranda açılmış “Behcət” məktəbinin adı həkk olunmuş daş lövhə, həmin məktəbin müəllimlərindən M.A.Əliyev, M.Möhsümzadə, T.Bayraməlibəyov, Mirzə Əbülhəsən, tanınmış generallardan Səmədbəy Mehmandarov, Mirzəkazımbəy Talışınski, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında olan materiallar yaxın tariximizin salnaməsidir. Muzeydə ulu öndər Heydər Əliyevə həsr olunmuş xüsusi guşə də fəaliyyət göstərir.
Lənkəranlı şair və yazıçılardan Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Vaqif Hüseynov, Yaşar Rzayev, Hüseynbala Mirələmov, İltifat Saleh, Əlisa Nicat, Camal Yusifzadə, Hüseynağa Qəniyev və başqaları öz kitablarında avtoqraf yazaraq muzeyə hədiyyə veriblər. Həmin kitablar, eləcə də müəlliflərin tərcümeyi-halı, fotoşəkilləri ayrıca guşədə saxlanılır.
Muzeydə həmçinin “Lənkəranın keçmişi və bu günü”, “Müstəqilliyimiz əbədidir”, “Şəhidlər unudulmur”, “II Dünya müharibəsində həlak olan lənkəranlılar” və s. mövzulara aid fotostend, kitab sərgisi, guşə təşkil edilib. Burada müxtəlif mövzularda tədbirlər keçirilir, söhbətlər aparılır, Lənkəranın keçmişi və bugünü ilə bağlı məlumatlar verilir.
Muzeyə qonşu Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, eləcə də Biləsuvar, Salyan, Neftçala rayonlarından da tez-tez tamaşaçılar ekskursiyaya gəlir, tanışlıqdan sonra ürək sözlərini rəy kitabına qeyd edirlər.
Muzeyin direktoru Ülviyyə Əliyeva bizimlə söhbət zamanı bildirdi ki, əsas fondda 6340 muzey sərvəti qorunub saxlanılır. Muzey əməkdaşlarından Fəridə Əliyeva, Xalid Məmmədov, Mehriban İbadova bura gələnləri səmimi qarşılayır, onları eksponatlarla ətraflı tanış edib, məlumatlandırırlar.
Azad Zülaloğlu
Mədəniyyət.-
2011.- 18 may.- S. 15.