Ay Laçın...
19 il
ötdü...
18 may Laçın rayonunun erməni
silahlı qüvvələri tərəfindən işğal
edildiyi gündür.
1992-ci ilin 8 mayında
Şuşanı işğal edərək Dağlıq
Qarabağı tam nəzarətə alan ermənilər
bütün qüvvələrini strateji əhəmiyyətli
bölgə olan Laçına yönəltmişdilər.
Laçının ələ keçirilməsi Dağlıq
Qarabağla Ermənistan arasında dəhlizin
açılması demək idi. Mayın 15-də rayona iki tərəfdən
hücuma keçən düşmən qüvvələri
üç gün sonra Laçını işğal etdilər.
Rayonun bütün ərazisi (1835
kv km), 120-dən çox kəndi düşmən əlinə
keçdi. 63 minə yaxın əhali didərgin
düşdü. İşğal zamanı 300-dən çox
adam həlak olmuş və itkin düşmüşdü.
Laçının işğalı ilə Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü
Dağlıq Qarabağın hüdudlarından kənara
çıxdı.
* * *
Ölkəmizin cənub-qərbində,
dağlıq ərazidə yerləşən Laçın
rayonu səfalı təbiəti, zəngin tarixi-mədəni
abidələri ilə məşhur idi. Dünyada nadir ağac
sayılan qırmızı dəmirağac meşələri
bu rayonun ərazisində yerləşir. Laçın mineral
suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif
rəngli mərmər yataqları, dərman bitkiləri ilə
zəngin bölgədir. 1992-ci ilin mayında
Laçını işğal edən erməni silahlı
qüvvələri bölgənin təbii ehtiyatlarını,
maddi-mədəni sərvətlərini də talan ediblər.
Rayon ərazisində 9 minə yaxın
tikili, yüzlərlə tarix-mədəniyyət abidəsi
talan edilib.
İşğaldan əvvəl
Laçın rayonunda 217 mədəniyyət müəssisəsi,
142 səhiyyə obyekti, 133 idarə və müəssisə,
100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər
müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi,
1 texniki-peşə məktəbi vardı.
Rayonun ərazisi vaxtilə
Qarabağ xanlığının (XVIII əsr), Şimali Azərbaycanın
çar Rusiyasına birləşdirilməsindən (1813-1828)
sonra isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində
olub. 1918-1920-ci illərdə rayon Azərbaycan Xalq Cümhuriyyətinin
Qarabağ general-qubernatorluğunun tərkibinə, sovetləşmədən
sonra isə Şuşa qəzasının tərkibinə
verilib. 1923-cü ildə Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı, Kəlbəcər
və Laçın torpaqları ərazi-inzibati vahid olaraq Kürdüstan
qəzasında birləşdirilib. Qəzanın inzibati mərkəzi
əvvəlcə Pircahan, sonra Minkənd, daha sonra isə
Laçın olub. Laçın şəhəri (kəndi) əvvəllər
Abdallar adlanıb. Laçın adı bölgəyə əslən
bu torpaqdan olan yazıçı Tağı Şahbazi
Simurğun təşəbbüsü ilə 1923-cü ildə
verilib.
Laçın rayonu ayrıca ərazi-inzibati
vahid olaraq 1930-cu ildə yaradılıb. Hazırda
respublikamızın müxtəlif bölgələrində məskunlaşmış
Laçın əhalisinin sayı (2009-cu il) 67 min nəfərdir.
* * *
İşğaldan öncə
Laçın rayonunun ərazisində 200-ə yaxın tarixi,
mədəniyyət və memarlıq abidələri, onlarla
kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr,
çoxlu sayda qəbirüstü abidələr, stellalar, at,
qoç fiqurları, süjetli daşlar qeydə
alınmışdı. Mütəxəssislərin tədqiqatlarına
görə, həmin abidələrin bir hissəsi eramızdan
əvvələ aiddir.
Ərazidə olan abidələrin
bir qismi Qafqaz Albaniyası dövrünün yadigarı, o
cümlədən alban xristian məbədləridir. Bu yerlərin
mürəkkəb relyefi, sərt iqlimi olduğundan tarixən
bir çox çay keçidlərində, yolların
keçilməz hissələrində körpülər
inşa edilib. Onlar əsasən birtağlı və yaxud
ikitağlı körpülərdir. İndi bu tarixi-mədəni
zənginlikdən əsər-əlamət qalmayıb.
Mədəniyyət.-
2011.- 18 may.- S. 14.