18 may Beynəlxalq Muzeylər Günüdür

 

   İCOM Azərbaycan Milli Komitəsinin tövsiyəsi ilə builki tədbirlər “Molla Nəsrəddin: güldürür-düşündürür” mövzusu altında keçirilir

  

   Bəşər tarixi sübut edir ki, milli dəyərlərdən kənar heç bir yüksəliş yoxdur. UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”sı dünyada mədəni müxtəlifliyin qorunması və dəstəklənməsinin bəşəriyyət üçün sabit inkişaf faktoru kimi vacibliyini təsdiqləyib.

     

   Azərbaycan mədəni irsinin qorunması, beynəlxalq miqyasda tanıdılması daima diqqət mərkəzindədir. Xüsusilə son illərdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində bu sahədə geniş işlər görülmüşdür. Azərbaycan muğamının, aşıq sənətinin, xalça sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs Siyahısı”na salınması, onun qeyri-maddi mədəni irs baxımından malik olduğu keyfiyyəti ön plana çəkir və onun müdafiə olunmasına kömək edir.

   Bu baxımdan Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi mədəni irsin qorunması ilə bağlı bir sıra beynəlxalq tədbirlər keçirmiş, respublika muzey işçilərinin iş təcrübəsinin yüksəldilməsinə yönəldilmiş müxtəlif layihələrdə, beynəlxalq proqram və konfranslarda fəal iştirakını təmin etmişdir. Milli Komitə Dağlıq Qarabağda böyük itkilərə məruz qalmış milli mədəni irsimizin qorunması və qaytarılması istiqamətində müxtəlif tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin başlıca məqsədi zəbt olunmuş torpaqlarımızda mədəni sərvətlərin talan edildiyini Beynəlxalq Muzeylər Şurasının forumlarında səsləndirməklə beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırmaqdır. Bununla əlaqədar Bakı şəhərində “Oda qalanmış mədəniyyət” adlı sərgi təşkil olunmuşdur. Sərgidə işğal altındakı ərazilərdən çıxarılmış eksponatlar və həmin ərazilərdə qalmaqda davam edən tarixi mədəniyyət abidələrinin dağıdılmasını əks etdirən fotoşəkillər nümayiş etdirilmişdir.

   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İCOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyası”nın müddəalarının Azərbaycanda təbliğ olunması məqsədilə “Mədəni irsin qorunmasına dair UNESCO-nun mövcud beynəlxalq, hüquqi, normativ aktları” mövzusunda seminar-konfrans, “Azərbaycanda 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi və gələcək perspektivlər” mövzulu dəyirmi masa, “Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni sərvətlər haqqında” Beynəlxalq Xüsusi Hüquqi Unifikasiya İnstitutunun (UNIDRUA) Konvensiyasına həsr edilmiş beynəlxalq konfrans, “İncəsənət əşyasının vəsiqəsi”nin (Object İD) muzey təcrübəsinin tətbiqi üzrə beynəlxalq seminar-treninq keçirmişdir.

   Bu layihənin davamı olaraq iyunun 13-də İCOM Azərbaycan Milli Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə Bakı şəhərində birgünlük təlim keçirməyi planlaşdırır.

   Hazırda Milli Komitə Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu (DVV İnternational) ilə “Sıxıntı, toz və köhnəlikdən uzaq, muzeylər mədəniyyətlərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi” (A-MUSE-ALL) layihəsi çərçivəsində iş aparır. Bununla bağlı Bonn şəhərində seminar-treninq, Bakıda isə ustad dərsi, dəyirmi masa, “Muzeylərə dəstək şəbəkələrinin yaradılması və əhəmiyyəti” mövzusunda seminar-treninq təşkil edilmiş, “Bakı rəssamların gözü ilə” mövzusunda virtual sərgi hazırlanmışdır. Mayın 23-24-də Gürcüstanın paytaxtı Tbilisidə sözügedən layihənin davamı olaraq keçiriləcək konfransda Milli Komitənin üzvləri iştirak edəcəklər. Layihənin əsas məqsədi yerli muzeylərin potensialını inkişaf etdirməklə mədəniyyətlərarası dialoqu və ömür boyu təhsili dəstəkləməkdir.

   Milli Komitə tərəfindən “Uşaq Muzeyi yaradaq” adlı beynəlxalq seminarın keçirilməsi də maraqlı layihələrdən biridir. Bu layihə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti muzeyində həyata keçirilmişdir.

   Milli Komitə tərəfindən respublikamızda ilk dəfə olaraq “Bakı muzeyləri” bələdçisi, “Bakı muzeyləri” adlı veb-sayt, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin virtual CD-diski, İCOM Azərbaycan Milli Komitəsinin İnformasiya bülletenləri, işğal olunmuş ərazilərdə qalmış mədəni sərvətlərə həsr edilmiş leflet (UNESCO-nun dəstəyi ilə), mədəni irsin qorunmasına dair normativ hüquqi aktlar nəşr olunmuşdur.

   Milli Komitəyə üzv olan respublika muzeyləri hər il mütəmadi olaraq beynəlxalq konfranslarda, seminarlarda və s. aktual mövzular üzrə məruzələr edirlər. Bu baxımdan Şanxayda keçirilən “Sosial harmoniya” adlı konfransı misal göstərə bilərik.

 

   * * *

 

   18 may - Beynəlxalq Muzeylər Günü hər il dünyada geniş miqyasda və rəngarəng tədbirlərlə qeyd olunur. Bakı muzeylərinin bu günü vahid deviz altında həyata keçirilən tədbirlərlə qeyd etməsi də ənənəyə çevrilmişdir. Builki aksiya “Muzeylər və xatirə” devizi ilə keçirilir.

   2011-ci il Azərbaycanın mətbuat və mədəni-maarifçilik tarixində böyük iz qoymuş, Şərqin ilk fundamental satira nəşri olan “Molla Nəsrəddin” jurnalının 1-ci sayının çapdan çıxmasının (7 aprel 1906) 105-ci ildönümü ilə əlamətdardır. Bunu nəzərə alaraq İCOM Azərbaycan Milli Komitəsi bu il muzeylərdə Beynəlxalq Muzeylər Gününün məhz “Molla Nəsrəddin: güldürür-düşündürür” mövzusu altında keçirilməsini məqsədəuyğun hesab edib.

   Jurnalın banisi - görkəmli yazıçı-dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında fəaliyyət göstərən dövrün maarifpərvər ziyalıları (yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar və s.) ilə birgə xalqın maariflənməsinə, savadlanmasına xidmət etmişlər. Respublikamızda vaxtilə “Molla Nəsrəddin” jurnalında fəaliyyət göstərmiş görkəmli ədəbiyyat və incəsənət xadimlərinin xatirə muzeyləri fəaliyyət göstərir. Cəlil Məmmədquluzadənin ev-muzeyinin təklifini qəbul edərək Cəfər Cabbarlının ev-muzeyi, Əzim Əzimzadənin mənzil-muzeyi, Hüseyn Cavidin ev-muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi 18 may - Beynəlxalq Muzeylər Gününü birlikdə qeyd edirlər. Cəlil Məmmədquluzadənin ev-muzeyinin foyesində “C.Məmmədquluzadə - Molla Nəsrəddin” səyyar sənədli sərgisi nümayiş olunacaq, tədqiqatçı, jurnalist, karikaturaçı rəssamlar jurnal haqqında məruzələr edəcəklər.

   Qobustan Milli Tarixi-Bədii Qoruğunda “Molla Nəsrəddinlə Torağaya yürüş” adlı maraqlı proqram hazırlanıb. Molla Nəsrəddin personajı folklorumuzda yumor və hazırcavablılığın simvoludur. Torağay palçıq vulkanı Azərbaycanın ən hündür palçıq vulkanıdır (400 m.). Bu yürüşün mənası ağıllı, hazırcavab, satirik bir insanın hər zaman yüksəkdə olduğunu nümayiş etdirməkdir. Yürüş həm tədqiqat, həm maarifləndirmə, həm də əyləncə xarakteri daşıyır. Tədbir zamanı iştirakçılara yürüşü xarakterizə edən yazı və rəsmləri olan köynək, su və qida paylanacaq. Ölkə qoruqları arasında ilk dəfə olaraq belə tipli tədbiri Qobustan Milli Tarixi-Bədii Qoruğu təşkil edəcək.

   “Molla Nəsrəddin” jurnalının əsasını qoyanlardan biri, Xalq rəssamı Əzim Əzimzadənin yaradıcılığına həsr olunmuş Dövlət İncəsənət Muzeyində nümayiş olunacaq.

   Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Molla Nəsrəddin obrazı təsvir olunmuş xalçalardan və Azərbaycan Rəssamlar İttifaqının üzvləri olan karikaturaçı rəssamların rəsm əsərlərindən ibarət sərgi, Rəssamlar İttifaqı tərəfindən təqdim edilmiş “Molla Nəsrəddin” jurnalında dərc olunan illüstrasiyalardan ibarət slayd-şou nümayiş etdiriləcək.

   Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Nizami rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzi dram dərnəyinin ifasında görkəmli maarifçi-dramaturq, jurnalist Cəlil Məmmədquluzadənin felyetonlarından ibarət kompozisiya təqdim olunacaq. “Molla Nəsrəddinlə birgə gülürük” adlı sərgi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində nümayiş etdiriləcək. Üzeyir Hacıbəylinin ev-muzeyində mövzuya uyğun dəyirmi masa keçiriləcək. “Molla Nəsrəddin” jurnalı yeni tərtibdə” adlı sərgi Səməd Vurğunun ev-muzeyində nümayiş olunacaq. Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi mövzu ilə bağlı tədbir keçirməyi planlaşdırır.

   Muzeylər ziyarətçiləri mayın 18-də keçiriləcək bu maraqlı tədbirlərə tamaşa etməyə dəvət edir.

  

 

   Röya Tağıyeva,

   Beynəlxalq Muzeylər Şurası

   (İCOM) Azərbaycan Milli

    Komitəsinin sədri

 

   Mədəniyyət.- 2011.- 18 may.- S. 12.