Müasir iqtisadiyyatda turizm: reallıqlar və perspektivlər

 

   Turizm İnstitutunun müəllimi Bolqarıstanda konfransda çıxış edib

  

   Mayın 12-dən 14-dək Bolqarıstanın Svişov şəhərində D.A.Tsenov adına Biznes Akademiyasında “Kommersiya fəaliyyətinin müasir aspektləri: elm və praktika arasında əlaqə” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda 10 ölkədən olan nümayəndənin 169 məruzəsi dinlənilib.

   Konfransda iştirak edən Azərbaycan Turizm İnstitutunun “Turizm biznesinin təşkili və texnologiyası” kafedrasının müdiri, dosent Bahadur Bilalovun qəzetimizə verdiyi məlumata görə, çox yüksək səviyyədə təşkil olunmuş tədbir 4 modulda keçirilib. “Müasir iqtisadiyyatda turizm: reallıqlar və perspektivlər” adlı 4-cü modulda turizmin problemləri ilə bağlı 39 məruzə dinlənilib.

   Bahadur Bilalov konfransda iki məruzə ilə çıxış edib. Onun birinci məruzəsi “Azərbaycan iqtisadiyyatında turizmin yeri: reallıq və perspektivlər”, ikinci məruzəsi isə “Böyük Qafqazın Zaqatala-Lahıc rayonunun turizm-rekreasiya potensialının qiymətləndirilməsi” mövzusunda olub. Hər iki məruzə konfrans iştirakçılarının marağına səbəb olub. İştirakçılar B.Bilalova çoxsaylı suallar ünvanlayıblar. Mütəxəssisin fikrincə, bu tip beynəlxalq konfranslarda iştirak həm ölkə turizminin təbliği, dövlət səviyyəsində Azərbaycan turizminin dəstəkləndiyinin bariz nümunəsi, həm də elmi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

  

 

   Fəxriyyə Abdullayeva

 

    Mədəniyyət.- 2011.- 18 may.- S. 10.