Azərbaycan teatrı Vaqifini
itirdi
Vaqif İbrahimoğlu isə Azərbaycan teatrına
yaratdığı sənət ocağını - “Yuğ”
teatrını yadigar qoyub getdi
Xəbər
verildiyi kimi, mayın 12-də Azərbaycan teatr sənətinin
parlaq simalarından biri, tanınmış rejissor, “Yuğ”
teatrının bədii rəhbəri, Əməkdar incəsənət
xadimi Vaqif İbrahimoğlu vəfat edib.
Mayın 13-də Aktyor Evində sənətkarla
vida mərasimi keçirildi.
Mərasimi mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev açaraq
bütün şüurlu həyatını, fəaliyyətini
Azərbaycan teatr sənətinin inkişafına, təbliğ
olunmasına, dünyada tanıdılmasına həsr edən
Vaqif İbrahimoğlunun keçdiyi sənət yoluna nəzər
saldı.
“Zaman
Vaqiflə dostluq edəcək”
Teatr İnstitutunda görkəmli
rejissor Tofiq Kazımovun sinfini uğurla başa vuran Vaqif
İbrahimoğlu sənətdə ilk addımlarını Gənc
Tamaşaçılar Teatrında atsa da, qısa zaman kəsiyindən
sonra arzu və ideyaları bu teatrın səhnəsinə
sığmadı, Teatr Xadimləri İttifaqının nəzdində
ilk dəfə olaraq Eksperimental studiya yaratdı. O illərdə
nəinki Azərbaycanda, keçmiş sovetlər məkanında
belə studiyalar barmaqla sayılacaq qədər az idi. Belə
bir studiyanı yaratmaq mənəvi gücü və
böyük ideyası olan rejissorlara qismət olurdu. Vaqif
özündə bu gücü hiss edirdi. Daha sonra İncəsənət
İnstitutunun nəzdində fəaliyyət göstərən
Tədris Teatrına bədii rəhbər təyin olunanda Vaqif
İbrahimoğlu Azərbaycana səs-səda salan bir xeyli
tamaşalarla sənət bioqrafiyasını zənginləşdirməklə
yanaşı, həm də Azərbaycan teatr salnaməsinə
yeni adlar yazdı. Neçə-neçə aktyor həmin
teatrda ilk addımlarını atdı. Bunun ardınca Musiqili
Komediya Teatrında baş rejissor fəaliyyətini davam etdirdi.
Türkiyədə ilk dəfə olaraq azərbaycanlı
rejissor kimi bir-birinin ardınca səhnə əsərlərinə
quruluş verən də Vaqif İbrahimoğlu oldu.
Ədalət Vəliyev qurmaq,
yaratmaq eşqi ilə “qaynayan” Vaqif İbrahimoğlu ilə
80-ci illərin əvvəlində olan söhbətlərini
xatırladı:
- Teatrın idarə olunması, səhnə
amirlik sistemi, teatrın gələcəyi, Azərbaycan
teatrının söykənə biləcəyi məqamlarla
bağlı Vaqiflə saatlarla, günlərlə davamlı
söhbətlərimiz olurdu. 80-ci illərin ikinci
yarısında Vaqif İbrahimoğlu uzun illər içərisində
gəzdirdiyi öz müəllif teatrını yaratmaq
ideyasını həyata keçirmək üçün gərgin
axtarışlar edirdi. 1989-cu ildə Milli Akademik Dram
Teatrının o dövrkü direktoru, böyük sənətkar
Həsənağa Turabovun xeyir-duası,
razılığı, yaxından köməyi ilə bu
teatrın nəzdində Vaqif özünün teatr
studiyasını yaratdı. Bu gün artıq “Yuğ”
teatrı kimi formalaşmış, 20 ildən artıq fəaliyyətdə
olan teatrın əsası Milli Akademik Dram Teatrının
kiçik səhnəsində qoyuldu. Vaqif belə bir dövrdə
heç bir teatra bənzəməyən, öz yolu, öz xətti
olan bir teatrı yaradırdı, formalaşdırırdı. Sonralar
dövlət statusu alan bu teatr bu gün artıq Azərbaycan
teatrına onlarla aktyor və rejissor vermiş bir məktəbə
çevrilib.
Dünyada avanqard teatrlar, studiyalar,
cürbəcür teatr laboratoriyaları çoxdur, bunlar
zaman-zaman yaranır, birləşir, dağılır, məhv
olur. Amma Vaqif İbrahimoğlu yuğlama ilə
özünü büruzə verən, ağlayaraq, gülərək
təmizlənən böyük nəzəriyyəyə
söykənən yeni bir teatr yaratdı. Bu teatr birmənalı
qarşılanmadı. Öncə başa düşülmədi,
tənqid də olundu, amma teatr axsamadı, çökmədi.
Öz yolundan sapmadan irəlilədi. Azərbaycanın
çox istedadlı insanları - dramaturqlar, qələm sahibləri
bu teatrla ünsiyyət qurdular. Bu teatra çoxlu sayda xarici
qonaqlar, rejissorlar gəldilər. Çoxlu sayda tələbələr
ilk addımlarını burada atdılar. Artıq bu gün
finaldır, Vaqif yoxdur. Bəlkə bu gün isti-isti Vaqifin
yoxluğu bir fiziki yoxluq kimi qəbul olunur, amma hesab edirəm
ki, zaman Vaqiflə dostluq edəcək, güman edirəm ki,
zaman Vaqifin xeyrinə işləyəcək. 62 il ömür
yaşasa da, neçə 60 illər Vaqifi onun qurduğu,
yaratdığı, həyata keçirdiyi tamaşalarla
yaşadacaq.
Mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev nazirliyin rəhbərliyi və
kollektivi adından mərhumun ailəsinə,
yaxınlarına, sənət dostlarına dərin hüznlə
başsağlığı verdi.
Vida mərasimində Vaqif
İbrahimoğlunun tələbə yoldaşları,
dostları da öz ürək sözlərini söylədilər.
“Vaqif
sonuncu məşqini, sonuncu dərsini keçir”
Teatr Xadimləri
İttifaqının sədri, Xalq artisti, professor Azər
Paşa Nemət göz yaşlarını saxlaya bilmədi: “Mən
bu gün sənət qardaşımı itirdim. Biz hələ
anlamırıq ki, necə böyük sənətkarı,
insanı itirmişik. Vaqif Azərbaycan teatr sənətində
silinməz izlər qoyub. Vaqif İbrahimoğlu Azərbaycan
teatr sənətinin çox düşüncəli, çox
idraklı, qeyri-adi bir nümayəndəsi kimi qeyri-adi bir teatr
yaratmağa da nail oldu”.
“Vaqif sonuncu məşqini, sonuncu dərsini
keçir”, - deyən Azər Paşa Nemət Vaqif
İbrahimoğlunun ağır anlarında dərdlərinə
şərik olan, ona dəstək verən Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü
bildirdi.
“Balaca
“Yuğ” teatrı böyük bir dünya idi”
Vaqif İbrahimoğlunun gənclik, tələbəlik dostu, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə nə qədər çətin olsa da, vida sözlərini ifadə etdi: “Həmişəki kimi yenə də Vaqifin ətrafına insanlar toplaşıb. Onu heç vaxt tək görməmişəm. O balaca “Yuğ” teatrı elə bil ki, böyük bir dünya idi. Əslində ən seçmə, ən sayılan Azərbaycan ziyalıları mütləq ora baş çəkirdilər. Vaqif orada hər axşam bir zəka ziyafəti, bir intellekt ziyafəti verirdi. “Yuğ” teatrı dünyada çox nadir rast gəlinən bir ruh məkanıdır. Son 5-6 ayda o çox ağır xəstəliyə düçar olsa da, Vaqif o, xəstəlikdən öz ruhunu qoruya bildi. Ruhu təslim olmadı” .
Məryəm xanım qeyd etdi ki, Vaqif İbrahimoğlu özünü çox xoşbəxt insan sayırdı. O, xoşbəxt idi. Çünki həyatının ən ağır mərhələsində də, o sonsuz sevgi ilə, dost istisi ilə əhatə olundu. “Mənim bu qədər dostlarım var, mən xoşbəxtəm, mənim üçün narahat olmayın. Mən həyatda qarşıma nə məqsəd qoydumsa, istər sənətkar, istər insan kimi ona yetə bildim” - deyirdi Vaqif İbrahimoğlu.
Məryəm xanım Vaqif İbrahimoğlunun sənət yoluna da nəzər saldı.
- 70-80-ci illərdə Azərbaycanda
teatr avanqardı yarandı. Teatr
avanqardının ən görkəmli nümayəndələrindən
biri Vaqif İbrahimoğlu idi. 90-cı illərin
əvvəlində Azərbaycan xalqı müstəqillik
uğurunda mübarizəyə atıldı. Vaqifin qurduğu tamaşalar Azərbaycan vətəndaşında
ictimai şüuru, milli özünüdərki oyatdı.
Vaqif İbrahimoğlu bunların
hamısını çox yüksək səviyyədə
etdi.
O, teatr pedaqogikasında
böyük müəllim adını qazandı. Hamı ona müəllim deyirdi. Bu
gün Vaqif İbrahimoğlunun bir ordu qədər tələbələri
var. Onlar artıq yetişmiş rejissorlar, aktyorlardır.
Çıxışının
sonunda Məryəm xanım bildirdi ki, böyük şəxsiyyətlər
ölmürlər, yalnız dünyasını dəyişirlər:
“Vaqif ölmədi, o, dünyasını dəyişdi. Nə
qədər ki, Azərbaycan teatrı var, Vaqif yaşayacaq, nə
qədər ki, onun tələbələri, dostları var,
onların ürəyində yaşayacaq, nə qədər
ki, müstəqil Azərbaycan var, Vaqifin ruhu müstəqil Azərbaycanın
ruhunun içərisində yaşayacaq”.
“Əyani
bir kitabım vardı: bu gün mən onu itirdim”
Xalq artisti Fəxrəddin Manafov
müəllimi ilə belə vidalaşdı:
- Mən Vaqifin tələbəsiyəm.
O, mənim müəllimim olub. O, məni səhnəyə gətirdi,
öyrətdi. Mənim bir çox kitablarım var, amma əyani
bir kitabım vardı: bu gün mən onu itirdim”.
Vaqifdən daha olmayacaq
Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar:
- Mənə danışmaq
çox çətindir, çünki Vaqifi çox istəyirdim.
30 il əvvəl bu binada mən Teatr Cəmiyyətində
işləyəndə Vaqiflə ilk dəfə
O hələ
uzun zaman yaşayacaq
Milli Akademik Dram Teatrının
direktoru, sənətşünaslıq doktoru İsrafil
İsrafilov:
- Vaqif ilk dəfə mənə
“yuğ” estetikası, “yuğ” teatr ənənələri barədə
danışanda hələ o teatr yox idi. Vaqif
deyirdi ki, müxtəlif türkdilli xalqlar içərisində
yuğ mərasimlərini keçirmək çox dəbdə
olub. Hər hansı bir insan
dünyasını dəyişəndə, qəbilə
adamları toplaşıb o qəhrəmanın taleyini, həyatını,
gördüyü əməlləri teatral şəkildə
canlandırırdılar. Bu gün bir
yuğ mərasimi yaratmağa bizim gücümüz yoxdur,
ancaq Vaqif bunu bacarardı.
İsrafil İsrafilov Vaqif
İbrahimoğlunun Azərbaycan teatrında
sayılıb-seçilən xidmətlərindən də
danışdı: “Yuğ” teatrı Azərbaycan teatr məkanında
elə bir yer tutdu, Azərbaycan teatr düşüncəsində
elə bir zəlzələ yaratdı ki, hələ uzun müddət
o dalğalar özünü göstərəcək, yeni
cığırların yaranmasına imkan yaradacaq. Vaqif hələ uzun zaman yaşayacaq”.
Qeyri-standart
düşüncə tərzi, novatorluğu, nəcib insani
keyfiyyətləri ilə XX əsrin sonu - XXI əsrin ilk
onilliyinin böyük rejissorlarından biri kimi sənət
tariximizə düşən Vaqif İbrahimoğlu, öz vəsiyyətinə
əsasən, Mərdəkan qəbiristanlığında
torpağa tapşırıldı. Onun
işıqlı xatirəsi isə uzun illər teatr
dünyasında yaşayacaq.
“Yuğ” teatrı barədə belə
bir deyim var: “İnsan burada məbəddə olduğu kimi
içinə çəkilib tənhalaşır, təklənir,
sükuta, Tanrıya qovuşur”. Vaqif
İbrahimoğlu uzun illər idi ki, Tanrıya doğru yol
gedirdi. O, Haqq dünyasındadır. Sükutla
işığın birləşdiyi dünyada...
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 18 may.- S. 6.