Vaqif İbrahim oğlu Həsənov
Azərbaycan mədəniyyətinə
ağır itki üz vermişdir. Görkəmli rejissor, Əməkdar
incəsənət xadimi, «Zirvə», «Qızıl Dərviş»,
«Humay» mükafatları laureatı, professor Vaqif İbrahim
oğlu Həsənov uzun sürən ağır xəstəlikdən
sonra 2011-ci il may ayının 12-də vəfat etmişdir.
Vaqif İbrahimoğlu 1949-cu il
oktyabr ayının 18-də Bakının Mərdəkan qəsəbəsində
anadan olmuşdur. 1967-ci ildə M.Əliyev adına Azərbaycan
Dövlət Teatr İnstitutunun «Teatr və kino aktyorluğu»
fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin
təhsil ocağını bitirmişdir. 1973-1976-cı illərdə
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında aktyor işləmiş, 1976-1979-cu illərdə
Teatr Cəmiyyətinin nəzdində fəaliyyət göstərən
Eksperimental teatr studiyasının, 1979-1982-ci illərdə isə
Tədris teatrının bədii rəhbəri olmuşdur.
1982-1989-cu illərdə
Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının baş rejissoru işləyən Vaqif
İbrahimoğlu bu teatrın səhnəsində bir sıra
tamaşalara orijinal quruluşlar vermişdir.
Vaqif İbrahimoğlu Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında, Türkiyənin
Ankara, Bursa şəhərlərinin teatrlarında,
Estoniyanın «Uqala» teatrında tamaşalar qurmuş və Azərbaycan
mədəniyyətini ləyaqətlə təmsil
etmişdir.
1989-cu ildən ömrünün
sonuna kimi özünün yaratdığı «Yuğ»
teatrında bədii rəhbər işləmişdir. Bu
teatrda onun quruluş verdiyi bir sıra tamaşalar - «Salam»,
«Oğul», «Açar», «Dad», «Səma», «Leyli demə», «Bir, iki,
bizimki», «Ağrı», «Yol», «Gəl gedək», «Ümid», «Can
üstə» və s. Azərbaycan mədəniyyət məkanında
böyük hadisə kimi qarşılanmışdır.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində uzun illər
pedaqoji fəaliyyət göstərən Vaqif
İbrahimoğlu yeni düşüncəli teatr
kadrlarının yetişməsi üçün yorulmadan
çalışmış, öz bilik və
bacarığını gənc nəslə səxavətlə
öyrətmişdir.
Teatr sənəti sahəsindəki
xidmətlərinə görə Vaqif İbrahimoğlu «Əməkdar
incəsənət xadimi» fəxri adına, Prezident təqaüdünə,
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin «Zirvə» mükafatına, Teatr Xadimləri
İttifaqının «Qızıl Dərviş»
mükafatına, «Bakılı» Beynəlxalq Cəmiyyətinin
«Humay» ictimai milli mükafatına layiq
görülmüşdür.
Vaqif İbrahimoğlunun əziz
xatirəsi teatr ictimaiyyətinin və teatrsevərlərin qəlbində
əbədi yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Mədəniyyət.-
2011.- 18 may.- S. 7.