Muzeylərimiz tarix mədəniyyətimizi təbliğ edir

 

   18 may Beynəlxalq Muzeylər Günüdür. 1977-ci ildə Beynəlxalq Muzey Şurası (İnternational Council of Museums - İCOM) tərəfindən təsis edilən əlamətdar gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da geniş tədbirlərlə qeyd olunur. Respublikamızda muzey işi maraqlı inkişaf yolu keçib. İlk dövlət muzeyi 1919-cu ildə Bakıda (İstiqlal Muzeyi), ilk memorial muzey isə 1940-cı ildə Şəkidə (M.F.Axundovun ev-muzeyi) fəaliyyətə başlayıb.

  

   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Muzey işi sektorunun müdiri Azadə Hüseynovanın sözlərinə görə, hazırda Azərbaycanda 250-dək muzey fəaliyyət göstərir. Onların 205-i Mədəniyyət və Turizm Nazirliyinə aiddir: «Bunlardan 13-ü incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix, 68-i tarix-diyarşünaslıq, 6-ı döyüş şöhrəti, 44-ü ev muzeyləridir. Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran 54 muzey fəaliyyət göstərir. Eyni zamanda, Milli Elmlər Akademiyası sistemində, nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər də var. Bu sırada Milli Azərbaycan Tarixi Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan İstiqlal Muzeyini, Kənd Təsərrüfatı Muzeyini və s. qeyd etmək olar».

   Azərbaycanda qoruq muzeylər də fəaliyyət göstərir. Belə muzeylərə açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər daxildir. Bu muzeylərin sırasında Şəki Xan Sarayı, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu, Şirvanşahlar Kompleksi, Möminəxatun türbəsi və başqa abidələri misal çəkmək olar.

   2009-cu il martın 22-də prezident İlham Əliyev tərəfindən respublikada fəaliyyət göstərən muzeylərin inkişafı ilə bağlı sərəncam imzalanıb. A.Hüseynovanın sözlərinə görə, sərəncama uyğun olaraq muzeylər üçün yeni binaların tikintisi, mövcud muzeylərin əsaslı təmiri, ekspozisiyaların yeni müasir tələblərə uyğun bədii tərtibatı, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır: «Ötən il ərzində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, İncəsənət Muzeyi, Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və s. kolleksiyalarının zənginləşdirilməsi məqsədilə maraqlı eksponatlar nazirlik tərəfindən alınaraq muzeylərə təqdim edilib».

  

   Ev muzeyləri

  

   Hazırda respublika üzrə 44 ev-muzeyi fəaliyyət göstərir: «Bunlar həm ev muzeyləri, həm də memorial muzeylərdir. Bakıda 13 ev, mənzil və xatirə muzeyləri fəaliyyət göstərir. Ötən il ərzində Səttar Bəhlulzadənin ev-muzeyində təmir-bərpa işləri aparılıb. Hazırda muzeydə yeni bədii tərtibat işləri görülür. Payız aylarında ev-muzeyi özünün yeni ekspozisiyası ilə qapılarını tamaşaçıların üzünə açacaq». Həmsöhbətim Musiqi Mədəniyyəti Muzeyinin filialı kimi fəaliyyət göstərən Niyazinin xatirə muzeyinin fəaliyyətinə də toxundu: «Hər cümə axşamı muzeyin “Musiqisevərlər klubu”nda klassik musiqi gecəsi təşkil olunur».

  

   Regionlarda muzey işinə böyük diqqət ayrılır

  

   Son illər respublikamızda bütün sahələrdə olduğu kimi, muzey işi sahəsində də böyük irəliləyiş nəzərə çarpır. Son üç ildə bölgələrdə müxtəlif profilli muzeylər, Heydər Əliyev muzeyləri açılıb. Bu istiqamətdə yerli icra hakimiyyətləri tərəfindən məqsədyönlü iş aparılır. 2009-2010-cu illərdə Ağstafa rayonunda Heydər Əliyev Mərkəzi, Ağsu rayonunda Heydər Əliyev muzey-mərkəzi və Yasamal rayonunda Heydər Əliyev muzeyi yaradılıb. Böyük öndərin xatirəsinə həsr olunmuş muzeylərdə yeni ekspozisiyalar yaradılır, kompyuter-informasiya mərkəzləri, kitabxana, sərgi sahələri açılır. Ötən il Qubada Tarix Diyarşünaslıq muzeyinin filialı kimi “Şəhidlər muzeyi” fəaliyyətə başlayıb. Naxçıvanda Şahtaxtinskilər muzeyi və Xan sarayı dövlət tarixi memarlıq muzeyi yaradılıb.

  

   İşğal altında qalan muzeylər

  

   Ermənistanın ölkəmizə təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplandığı bu muzeylər düşmən tərəfindən qarət olunub: «Təkcə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. İşğal olunmuş rayonların tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi yerlə-yeksan olub».

   Qeyd edək ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsirlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. Erməni qüvvələrinin törətdikləri vandalizm aktları «Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında» 1954-cü il Haaqa Konvensiyasına, «Arxeoloji irsin mühafizəsi haqqında» 1992-ci il Avropa Konvensiyasına, «Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında» UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.

   Azərbaycan nümayəndə heyətləri bu problemi mütəmadi olaraq beynəlxalq tədbirlərdə gündəmə gətirirlər.

  

   Beynəlxalq əlaqələr

  

   Son illər Azərbaycan muzeylərinin beynəlxalq əlaqələri də genişlənir, muzey işi sahəsində müxtəlif beynəlxalq müqavilələr imzalanır. Bir çox ölkələrdə - Pakistanın İslamabad şəhərinin Etnoqrafiya Muzeyində, Şərqi Qazaxıstan Vilayəti Arxitektura - Etnoqrafiya və Təbiət-Landşaft Qoruq-Muzeyində, Daşkənd Pedaqoji Universitetinin Nizami Gəncəvi Muzeyində, Çinin Folklor, Qadın və Uşaq Muzeyində və digərlərində Azərbaycana aid guşələr yaradılıb.

   Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə Belarus Milli İncəsənət Muzeyi, Azərbaycanın Muzey Mərkəzi ilə Norveçin Stavanger şəhər Arxeologiya Muzeyi, Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın Luvr Muzeyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında əməkdaşlıq müqavilələri bağlanıb.

   A.Hüseynova qeyd etdi ki, Azərbaycanın muzey mütəxəssisləri bir çox beynəlxalq konfrans, simpozium, seminar-treninqlərdə iştirak edirlər: «Muzeylər vasitəsilə Azərbaycan mədəniyyətini, tarixini digər ölkələrdə təbliğ edirik».

   Söhbət əsnasında sektor müdiri gələcəkdə nəzərdə tutulan beynəlxalq sərgilərdən də söz açdı: «2012-ci ilin yanvar-fevral aylarında Yaponiya səfirliyinin təşəbbüsü ilə «Budonun ruhu» adlı sərginin təşkili nəzərdə tutulub. Bu sərgi Yaponiyanın döyüş sənəti tarixinə həsr ediləcək. Fransa səfirliyinin təşəbbüsü ilə Dövlət İncəsənət Muzeyində 2012-ci ilin martında «100 incəsənət nümunəsi» adı altında sərginin təşkili nəzərdə tutulub. 2012-ci ilin mayında Rusiya Dövlət Ermitajının kolleksiyasının eksponatları əsasında İncəsənət Muzeyində sərginin təşkili nəzərdə tutulub. Gürcüstan muzeylərindəki Azərbaycan incəsənətinə aid materiallardan ibarət sərgi İncəsənət Muzeyində nümayiş etdiriləcək» .

   Bu yaxınlarda Fransanın Luvr Muzeyinin direktoru Anri Luaretin Azərbaycana səfəri çərçivəsində bir neçə sərginin təşkili barədə danışıqların aparıldığını deyən A.Hüseynova bildirdi ki, ilin sonunda açılışı nəzərdə tutulmuş Xalça muzeyinin yeni binasında Luvrun xalça kolleksiyasından sərgi nümayiş etdiriləcək: «Luvr Muzeyinin direktoru İncəsənət Muzeyinə baxış keçirərkən orada iki səpkidə sərgilərin təşkili ilə bağlı danışıqlar aparıldı. Onlardan biri XIX əsr rəsm əsərləri nümunələrindən ibarət sərgi, digəri isə vaxtilə Rotşildlər ailəsinə məxsus olan və hazırda Luvrun kolleksiyasını təşkil edən eksponatlardır”.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 18 may.- S. 5.