Küveytdə Azərbaycan Mədəniyyəti Günləri müvəffəqiyyətlə keçib

 

   Xəbər verdiyimiz kimi, mayın 10-dan 12-dək Küveyt Dövlətində Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası və bu ölkədəki səfirliyimiz tərəfindən təşkil olunmuş Mədəniyyət günləri müvəffəqiyyətlə keçib, geniş əks-səda doğurub.

     

   Mədəniyyət günləri Küveyt paytaxtı Əl-Küveyt şəhərinin “Dasma” adına mərkəzi sərgi və konsert kompleksində təşkil olunan və Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi mirası, iqtisadi inkişafını özündə əks etdirən fotosərgi ilə tanışlıqla başlanıb. Burada Azərbaycan milli geyimlərinin ekspozisiyası da nümayiş olunub.

   “Dasma” mərkəzi sərgi və konsert kompleksində Azərbaycan mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı təqdim edib.

   Azərbaycan Mədəniyyəti Günləri Küveyt ictimaiyyətində böyük maraq doğurub, kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Nümayəndə heyətinin üzvləri Küveyt Dövlət Televiziyasının KTV1 kanalının rəhbərliyi ilə görüşüb, bu kanalda yayımlanan populyar “Sabahın xeyir, Küveyt” verilişində çıxış ediblər. Eyni zamanda, Küveytin KTV2 televiziya kanalı mədəniyyət xadimlərimizin konsert proqramını tam şəkildə yayımlayıb, sərginin ekspozisiyalarından dolğun reportajlar hazırlayıb.

   Azərbaycanın Küveyt Dövlətindəki səfiri Tural RzayevinƏr-Rayteleviziya Küveyt radiokanallarında müsahibələri efirə gedib. Küveytin “Əl-Qabas”, “Əs-Siyasə”, “Əl-Cəridə”, “Əl-Vasat”, “Ən-Nahar”, “Əl-Ənbə” və “Əs-Sabah” qəzetlərində mədəniyyət günləri haqqında müfəssəl məlumat və məqalələr, fotoşəkillər dərc olunub, Azərbaycanın zəngin mədəniyyəti və cəlbedici turizm potensialından ətraflı bəhs edilib, iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

   Xatırladaq ki, bu yaxınlarda Bakıda keçirilmiş “AİTF-2011” Beynəlxalq Turizm Səyahətlər Sərgisi ərəfəsində Küveytin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi press-turda iştirak ediblər. Səfər zamanı ölkəmiz haqqında toplanılan məlumatlar Küveytin KTV 1 və KTV 2 televiziya kanallarında yayımlanıb. Mayın 12-də isə Küveytin nüfuzlu yüksək tirajlı “Əl-Vətən” qəzetinin tam səhifəsiAzərbaycan-Qafqaz dağlarına gözəllik saçan təbii vahə” başlıqlı məqaləsi üçün ayrılıb.

 

 

  Mədəniyyət.- 2011.- 18 may.- S. 4.