İncəsənət
ustalarımızın Amerika konsertləri uğurla
yekunlaşıb
Xəbər
verdiyimiz kimi, Hyuston Beynəlxalq festivalında iştirak etmək
üçün ABŞ-da səfərdə olan Azərbaycan mədəniyyət
və incəsənət ustaları bu beynəlxalq musiqi
bayramında böyük uğurla çıxış ediblər.
Festival çərçivəsində müxtəlif səhnələrdə çıxış edən Azərbaycan Dövlət Rəqs Ansamblı və muğam dördlüyü nümayiş etdirdikləri rəqs nömrələri və gözəl muğam ifaları ilə geniş tamaşaçı kütləsinin alqışlarını qazanıb.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizin Los-Ancelesdəki baş konsulluğu ilə birgə təşkil etdiyi səfər gedişində incəsənət ustalarımız Hyustondan sonra Los-Anceles, Santa-Monika və San-Fransisko şəhərlərində (Kaliforniya ştatı) uğurla çıxış ediblər.
Mayın 12-də
Los-Ancelesdə sənətçilərimiz maraqlı konsert
proqramı təqdim ediblər. Konsert Los-Ancelesin 1200 nəfərlik tamaşaçı
zalı olan Wilshire Ebell Teatrında anşlaqla keçib.
Amerikalı tamaşaçılara təqdim olunan ikihissəli
proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı, Emil Əfrasiyabın
rəhbərliyi ilə folk-caz qrupu və muğam
dördlüyünün çıxışı
alqışlarla qarşılanıb.
Mayın 13-də Santa-Monikanın mərkəzi
küçələrindən birində, açıq səma
altında Azərbaycan Dövlət Rəqs Ansamblının
daha iki konserti keçirilib.
Kaliforniyada Azərbaycan musiqisi həftəsi
San-Fransisko şəhərindəki “Fort Meyson” mədəniyyət
mərkəzində yekun konsertlə başa çatıb.
Burada da tamaşaçılar istedadlı pianoçu Emil Əfrasiyabın
rəhbərlik etdiyi qrupun etno-caz proqramını və Azərbaycan
Dövlət Rəqs Ansamblının
çıxışlarını hərarətlə
qarşılayıblar. Şimali Kaliforniyanın müxtəlif
şəhərlərindən gəlmiş
tamaşaçılar arasında Azərbaycanın Xalq artisti
Çingiz Sadıqov da var idi.
Mədəniyyət.-
2011.- 18 may.- S. 4.